“Müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçkirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir: “Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir. Bu məsələ ilə bağlı bir təklifi irəli sürmək istəyirəm. Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik.
Bundan başqa, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması... Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.
C.Məmmədov çıxışı zamanı ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma olduğunu da əlavə edib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə birinci sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə 137 862 uşaq gedib. Təxminən 6000-ə yaxın məktəbə gedən uşaqların sayında azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq şəkildə göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çox uşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir”.
Nuranə Daxilqızı