RU

TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib

Bakı, TurkicWorld

Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı TDT baş katibinin müavini Merey Mukazhan və qurum rəhbərləri təşkilata daxil olan ölkələrin diasporlarının hazırkı vəziyyəti ilə bağlı mühüm məsələlər ətrafında geniş müzakirələr aparıb. Tərəflər diasporlarla əməkdaşlığın və koordinasiyanın təkmilləşdirilməsi istiqamətində səylərin, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsi proqramlarının effektivliyinin və diaspor potensialının artırılması, həmçinin gənclərin iştirakı ilə keçiriləcək Türk Diaspor Forumunun təşkili ilə yanaşı, TDT-nin gənclik, iqtisadi və akademik təşəbbüslərində türk diaspor nümayəndələrinin daha geniş iştirakının təmininə diqqət yetirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək görüş iştirakçılarına Komitənin sədri Fuad Muradovun salamlarını çatdırıb. Sədr müavini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradıldığından bəhs edib. Azərbaycan və Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında əlaqələrin inkişafının son zamanlar daha da intensiv xarakter aldığını söyləyib. TDT çərçivəsində qəbul olunmuş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına əsasən keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlərin, müxtəlif proqram və forumların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında çıxışı zamanı milli kimliyinin qorunmasına önəm verilməsi, buna uyğun olaraq bazar günü məktəblərinin təşviq edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə DİDK tərəfindən 2025-ci ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün 2-ci təcrübə proqramının, Çexiyada isə Türkdilli Diasporların 3-cü Potensialartırma təlim proqramının keçirilməsinə dair razılığa gəlinib.

Tədbir çərçivəsində Azərbaycan və Özbəkistan mədəniyyətlərini nümayiş etdirən sərgi təşkil olunub.

Избранный
20
3
turkic.world

5Источники