RU

7 il gecikən xəstəxana layihəsi Ərdəbilin çarpayı çatışmazlığını dərinləşdirib

Ərdəbil vilayətinin yeni valisi bildirib ki, vilayət ciddi xəstəxana çatışmazlığı ilə üzləşib və bu, əhalini ağır vəziyyətə salıb.

Tasnim Xəbər Agentliyinin məlumatına görə, Ərdəbilin yeni valisi Məsud İmami Yəganə bu vəzifəyə təyin olunduqdan sonra ilk yoxladığı layihə Ərdəbildə 524 çarpayılıq Nəcəfzadə Xəstəxanası olub. Bu xəstəxana layihəsinin indiyə qədər cəmi 26%-i tamamlanıb.

Valinin sözlərinə görə, xəstəxana layihəsinə indiyədək 350 milyard tümən vəsait ayrılıb, lakin layihənin tam başa çatdırılması üçün əlavə 2.500 milyard tümən tələb olunur.

Layihənin təməli 2017-ci ildə Ərdəbilin xeyriyyəçisi Nəcəfzadə adlı bir şəxs tərəfindən xəstəxana tikilməsi məqsədilə bağışlanan ərazi üzərində qoyulub. Əvvəlcə xəstəxananın 258 çarpayılıq olması nəzərdə tutulsa da, 2018-ci ilin dekabrında layihənin yenidən qiymətləndirilməsi nəticəsində 500 çarpayılıq dizayn edilməsi qərara alınıb.

Bu müddət ərzində İranda üç fərqli prezident hökumət qurub və bu illər ərzində xəstəxana tikintisinin sürətləndirilməsi üçün dəfələrlə vədlər verilib. Lakin təxminən 7 il keçməsinə baxmayaraq, layihənin yalnız 26%-i tamamlanıb. Müxtəlif mənbələr xəstəxananın çarpayı sayını 524 və ya 540 olaraq göstərir.

Ərdəbil Tibb Universitetinin rəsmilərinin rəsmi açıqlamalarına görə, Ərdəbil vilayətinə ümumilikdə 3 min 970 çarpayı lazımdır, lakin hazırda vilayətdə cəmi 2 min 335 çarpayı mövcuddur. Bu isə 1635 çarpayının çatışmazlığı deməkdir. 

İran mediasının yaydığı məlumata görə, bu çatışmazlığı aradan qaldırmaq üçün 7 ildir başa çatdırılmayan Nəcəfzadə Xəstəxanası ilə yanaşı, təxminən iki il əvvəl min çarpayılıq yeni bir xəstəxana layihəsinin də tikintisinə başlanılıb.

Əvvəlki vali və yerli səlahiyyətlilər illər boyu bu xəstəxananın tamamlanması üçün vəsait ayrılmasının vacibliyini vurğulasalar da, hökumət nazirləri səfərləri zamanı vəsait ayıracaqlarına və tikinti prosesini sürətləndirəcəklərinə söz versələr də, layihənin həddindən artıq uzanması ərdəbil əhalisi arasında ciddi narazılığa səbəb olub. Ərdəbil vilayəti 1993-cü ildə daha sürətli inkişaf vədi ilə Şərqi Azərbaycandan ayrılaraq yaradılıb. Lakin 30 il keçməsinə baxmayaraq, vilayət hələ də infrastruktur çatışmazlıqları ilə üzləşir və əhali bir çox imkanlardan yararlanmaq üçün digər vilayətlərə üz tutmaq məcburiyyətində qalır.

visiontv.az



Избранный
19
visiontv.az

1Источники