"Qarabağ" sabah Avropa Liqasının 5-ci turu çərçivəsində "Lion"la qarşılaşacaq.
Publika.az xəbər verir ki, matçdan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
- Çox keyfiyyətli komandaya qarşı oynayacağıq. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabahkı matçda diqqətli olaq. Bu çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək.
- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?
- Pis deyil. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah tam qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından bu günə razıyam.
- Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?
- Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir. Belə böyük klubların maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə hallarda onlar 1-2 oyunçusunu başqa kluba satır, problemi həll edirlər. Oyunçularının dəyəri yüksəkdir. Bugünkü matça bu fikirlərlə yanaşmaq bizlər, sizlər üçün doğru olmaz. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər. "Lion" illərin klubudur. Belə problemlər sadəcə söz-söhbətlərdir.