RU

Sülh danışıqları nə vaxt davam etdiriləcək? - Ekspert

"Danışıqlara başlamaq üçün 2025-ci ilin yanvarından sonrakı dövrü gözləməli olacağıq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov COP29-un bitməsi fonunda Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin növbəti gedişi barədə danışarkən deyib. 

Həmsöhbətimizə görə, yaxın dövrlərdə ikitərəfli müzakirələr yenidən intensivləşəcək:

"COP29-un bitməsi ilə Azərbaycanla Ermənistan arasında danışıqların başlamasına ümid artıb. Bu barədə hər iki tərəfdən müsbət bəyanatlar səsləndirilir. Polşa prezidenti Andrey Dudanın COP29-da iştirak etdikdən sonra İrəvana səfər etməsi də bu istiqamətdə ümidləri gücləndirib. Çünki o, İrəvanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların aparılması barədə müəyyən fikirlər söyləyib. Bütün bunları nəzərə aldıqda yaxın dönəmdə ikitərəfli müzakirələrin intensivləşəcəyini gözləmək olar".
 

 
Bununla belə, ekspert hesab edir ki, danışıqlara başlamaq üçün 2025-ci ilin yanvarından sonranı gözləmək lazım gələcək:

"Çünki yeni il ərəfəsi və bundan bir qədər sonra adətən belə müzakirələrin intensivliyi azalır. Digər tərəfdən, ABŞ-nin yeni seçilmiş prezidentinin də vəzifəyə başlamasını gözləmək lazım gələcək. Onun Cənubi Qafqaz üzrə yeridəcəyi siyasi kursu müəyyənləşdirmək lazımdır". 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev COP29-dan dərhal sonra tərəflər arasında sülh danışıqlarının davam etdiriləcəyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da ötən həftəsonu yerli İTV-yə müsahibəsində növbəti dəfə Azərbaycanla sülh müqaviləsi haqda danışıb. Bu zaman o iddia edib ki, ilin sonunadək müqavilə imzalamaq üçün hər şeyi edəcək. Tərəflər demək olar, sənədi imzalamağa hazırdır. 

Rüfət Sultan
Избранный
7
qaynarinfo.az

1Источники