RU

Azərbaycan COP29 ilə qlobal diplomatiyada yeni səhifə açır

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya diplomatiya tarixinə əlamətdar bir hadisə kimi yazıldı. Bu konfrans Azərbaycanın beynəlxalq səviyyədə təsir gücünü və iqlim diplomatiyasında qlobal liderliyini nümayiş etdirdi.

Konfransda iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün inkişaf etməkdə olan ölkələrə il ərzində 300 milyard ABŞ dolları ayrılmasına dair razılıq əldə edildi. Bu, İtki və Zərər Fondunun tam funksional hala gətirilməsi və karbon bazarının tənzimlənməsinə dair yeni mexanizmlərin tətbiqi ilə müşayiət edildi. Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında vasitəçilik rolunu uğurla icra edərək, konsensusun əldə olunmasına nail oldu. Bu, xüsusilə qlobal Şimal və Cənub arasındakı gərgin diplomatik münasibətlər fonunda böyük uğur kimi dəyərləndirildi.
Prezident İlham Əliyevin COP29 Liderlər Sammitindəki çıxışı Azərbaycanın qlobal iqlim dəyişikliyi mövzusundakı prinsipial mövqeyini və qlobal əməkdaşlıq çağırışını vurğulayan əhəmiyyətli faktorlardan biridir. İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir neçə ölkənin deyil, bütün dünyanın birgə səyləri ilə həll edilə biləcəyini xüsusilə qeyd edən dövlət başçısının çıxışı Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmi və ölkənin enerji siyasətindəki yaşıl texnologiyalara yönəlmiş strategiyalarını əhatə edir.
Prezident İlham Əliyev Bakının bu önəmli tədbirə ev sahibliyi etməsini Azərbaycanın qlobal səviyyədə etimad qazanmasının və beynəlxalq arenada mühüm iştirakının göstəricisi kimi dəyərləndirdi. Tədbirin keçirilməsi, həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafına dəstək olaraq, ölkənin imicinə müsbət təsir göstərir.
Azərbaycan neft ölkəsi kimi tanınsa da, bərpa olunan enerji sahəsində strateji addımlar atır. Hazırda enerjisinin 6%-ni bərpa olunan mənbələrdən əldə edən Azərbaycan, bu göstəricini 2030-cu ilə qədər 34%-ə çatdırmağı hədəfləyir. COP29 zamanı dövlətimiz öz təşəbbüsləri ilə iqlim dəyişiklikləri barədə praktiki həll yollarını təqdim edərək dünya ictimaiyyətinə “yaşıl keçid” istiqamətində nümunə oldu.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan, xüsusilə iqlim dəyişikliyindən ən çox təsirlənən kiçik ada və az inkişaf etmiş ölkələrin problemlərini gündəmə gətirdi. Bu, həmrəylik və əməkdaşlıq ideyalarının qlobal səviyyədə təşviqi üçün önəmli addım oldu.
COP29 yalnız iqlim məsələlərinin müzakirəsi üçün deyil, həm də Azərbaycanın diplomatik gücünün və beynəlxalq arenada artan nüfuzunun nümayişi baxımından tarixi bir mərhələ oldu. Bu uğur Azərbaycanın iqlim fəaliyyətində daha fəal iştirakına və beynəlxalq proseslərdə təsirinin genişlənməsinə təkan verdi.
ABŞ Prezidenti Co Bayden COP29-un Bakıdakı uğurlu təşkilini yüksək qiymətləndirərək Azərbaycanı təbrik etdi. O, konfransı beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli platforma kimi səciyyələndirdi. Bayden bildirdi ki, COP29-da əldə edilən razılaşmalar iqlim dəyişiklikləri ilə mübarizə sahəsində böyük nailiyyətdir. İnkişaf etməkdə olan ölkələrin yaşıl iqtisadiyyata keçidini sürətləndirmək üçün maliyyə resurslarının səfərbər edilməsi xüsusilə təqdirəlayiqdir.
Baydenin təbrik məktubu Azərbaycan diplomatiyasının beynəlxalq arenada artan nüfuzunu və qlobal məsələlərdə liderliyini təsdiqləyir. Onun vurğuladığı konsensus, həmçinin, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqlarını balanslaşdırmaq məqsədi daşıyır. Bu, Azərbaycanın iqlim diplomatiyası sahəsində yeni bir səhifə açdığına işarədir və həmin təşəbbüs ABŞ kimi güclü tərəfdaşlarla əməkdaşlığın dərinləşməsinə xidmət edə bilər.
Bu cür tədbirlər Azərbaycanın beynəlxalq arenada təsirini artırır və qlobal problemlərin həllində vasitəçi rol oynamağa imkan yaradır. COP29, həm də iqlim sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün kollektiv səylərin zəruriliyini göstərir.

Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri

Избранный
18
1
sesqazeti.az

2Источники