RU

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

Çinin "Beijing Nubway S&T Co” LTD şirkətinin şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azcosmetics” MMC barəsində araşdırılma başlanıb...

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Beijing Nubway S&T Co” LTD-nin Azerbaycan Respublikasında qanuni təmsilçisi və nümayəndəsi, həmçinin “Az Estetik Group” MMC-nin direktoru Qasımov Rəşad Surxay oğlunun şikayəti əsasında “Azcosmetics” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinin pozuntusuna dair araşdırma başlanıb.

Şikayətin əsasını “Azcosmetics” MMC tərəfindən sözügedən şirkətə məxsus  əmtəə nişanından müvafiq lisenziya və ya icazə alınmadan ölkə ərazisində istifadə edilməsi halı təşkil edir. 

Belə ki, “Azcosmetics “MMC-nin rəhbəri Kənan Zeynalov “DİOLASHEER İCE” əmtəə nişanını  istehsalçı və nişanın beynəlxalq səviyyədə sahibi " Beijing Nubway S&T Co., LTD şirkətinin məlumatı və razılığı olmadan ondan xəbərsiz Azərbaycan Respublikasında Əqli Mülkiyyət Agentliyində qeydiyyata aldırmışdır. Bunu aşkar edən " Beijing Nubway S&T Co., LTD şirkəti “DİOLASHEER İCE” əmtəə nişanının AZCOSMETİCS şirkəti tərəfindən qeydiyyatının etibarsız sayılaraq ləğv edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına şikayət etmişdir.

Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 23 fevral 2024-cü il tarixli qərarı ilə “Azcosmetics “MMC-yə verilmiş “DİOLASHEER İCE” əmtəə nişanı  qeydiyyata alındığı gündən etibarsız hesab edilmişdir. AZCOSMETİCS şirkəti bu qərardan məhkəməyə şikayət etməmiş və nəticə ilə  razılaşmışdır. Görünən odur ki, şirkət bunun heç bir fayda verməyəcəyini və perspektivsiz olduğunu başa düşmüş və məhkəmədə utandırıcı vəziyyətə düşmək istəməmişdir.

Beləliklə, “DİOLASHEER İCE”  əmtəə nişanı ölkəmizdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş müvafiq Şəhadətnaməyə  əsasən nişanın əsl sahibi olan Çinin  " Beijing Nubway S&T Co., LTD. (ünvan: Room 307, 3rd Floor, No. 5 Building, Mauhwa Induistry Park, No. 1 Caida 3rd Street, Nancai Town, Shunyi District, Beijing) şirkətinin adına qeydiyyata alınmışdır. Həmin şirkət lazer və epilyasiya avadanlıqlarının istehsalı  və satışı ilə məşğuldur. Bir daha qeyd olunur ki, Azərbaycan Respublikasında şirkətin əqli mülkiyyət və digər biznes maraqlarını Qasımov Rəşad Surxay oğlu  təmsil edir.

Lakin hal-hazırda “Azcosmetics” MMC-yə məxsus azcosmetics.az saytına daxil olduqda görünür ki, “Azcosmetics” MMC Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının qərarına əhəmiyyət vermədən “DİOLASHEER İCE” əmtəə nişanından açıq-aşkar qanunsuz istifadə edərək nişanın əkls olunduğu cihazları reklam etməyə davam edir.

 Onuda qeyd edək ki, “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” AR Qanununun 26-cı maddəsinə görə əmtəə nişanının reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.

“Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinə əsasən eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətini təqlidi hesab olunur.

 Həmin qanununun 11-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər.

Həmin qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə - iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir.

Dövlət Xidmətinin araşdırmanın nəicəsi barədə əlavə məlumat veriləcəkdir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

(Ardı  var) 

Elçin MƏMMƏDLİ

 

 

 

Избранный
28
tezadlar.az

1Источники