RU

Tramp ABŞ-ın milli maraqlarını erməni lobbisinin illüziyalarına qurban verməyə hazırlaşmır



Prezident İlham Əliyevin ABŞ-ın seçilmiş Prezidenti Donald Trampla telefon söhbətinin baş tutması gözlənilən idi. Çünki dövlətimizin başçısı hələ ABŞ-dakı seçkilərdən bir neçə ay öncə mədəniyyət paytaxtımız Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı Donald Trampın bu seçkilərdə qalib gələcəyinə işarə edərək gözləntilərini açıqlamışdı. Azərbaycan Prezidentinin proqnoz xarakterli həmin açıqlaması sözsüz ki, siyasi təcrübə və uzaqgörənlik nümunəsi idi.
Düzdür, həmin vaxt ermənilər başda olmaqla bir çox anti-Azərbaycan qüvvələr İlham Əliyevin qarşıdakı seçkilər nəticəsində ABŞ-da Trampın hakimiyyətə gələcəyi barədə öncədən əminliyini ifadə etməsini isterika ilə qarşılayaraq, bundan ölkəmizə və dövlət başçımıza qarşı əks təbliğat vasitəsi kimi istifadə etməyə çalışdılar. Lakin onların qaralama kampaniyası heç bir nəticə vermədi. Zaman və nəticələr İlham Əliyevin uzaqgörənliyini təsdiqlədi.
Odur ki, ötən gün telefon danışığı əsnasında dövlətimizin başçısının Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etməsi və seçkilərdə qazandığı inamlı qələbəsini Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsi kimi qiymətləndirməsi heç şübhəsiz ki, siyasi müdrikliyin təntənəsidir. Azərbaycan Prezidentinin Trampa zəng edərək onu yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib xoş arzularını çatdırması və Trampın da öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirməsi qarşıdakı dörd ildə ABŞ və Azərbaycan arasında münasibətlərin müsbət məcrada inkişaf edəcəyini ehtimal etməyimizə imkan verir.
Açıq-aşkar ermənipərəstlik mövqeyi nümayiş etdirən Demokratlar Partiyasının nümayəndəsi olan Co Baydenin prezidentliyi müdətində ABŞ-Azərbaycan münasibətləri təəssüf ki, xeyli dərəcədə pisləşdi. Konqres və ABŞ Dövlət Departamenti erməni lobbisinin "rupor"una çevrildi. Birləşmiş Ştatlar Fransa ilə birlikdə Ermənistanın silahlandırılması istiqamətində bir sıra addımlar atdı. Bütün bunlar heç şübhəsiz Kİ, ABŞ-Azərbaycan münasibətlərinə öz mənfi təsirini göstərməyə bilməzdi. Lakin Baydendən fərqli olaraq Donald Tramp ideoloji ehkamların və klişelərin əsiri deyil. Tramp praqmatik siyasətçidir və o, ABŞ-ın milli maraqlarını erməni lobbisinin illüziyalarına qurban verməyə hazırlaşmır.
"Öncə Amerika!" şüarı ilə yola çıxan D.Tramp Cənubi Qafqazda Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin ABŞ-ın strateji maraq və mənafelərinə daha uyğun gəldiyini yaxşı dərk edir. Elə Azərbaycan rəhbərliyi də Respublikaçılar Partiyasının nümayəndəsinin ABŞ-da hakimiyyətə gəlməsinin bölgəmiz və ölkəmiz üçün daha münasib olduğunun fərqindədir. Biz Trampın Baydendən fərqli olaraq adekvat siyasət yürüdəcəyinə inanırıq. Trampın geosiyasi kursu Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasına rəvac verə bilər. Dövlətimizin başçısı da telefon danışığı əsnasında vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.
Azərbaycan Prezidenti həmçinin birinci prezidentlik dövründə ölkəmizlə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını xatırladıb və eyni zamanda, qarşıdakı dövrdə ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. ABŞ-Azərbaycan əlaqələrinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Tramp administrasiyasının Cənubi Qafqazın lider dövləti ilə sıx əməkdaşlığa üstünlük verməsi zamanın tələbidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
12
newscenter.az

1Источники