RU

AMB BOKT-ların fəaliyyətinə dair yeni qaydaları şərh edib

“Bank olmayan kredit təşkilatları haqqında” Qanuna 2023-cü ildə edilmiş dəyişiklərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib. Bu dəyişikliklər Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub.

Trend tənzimləyici quruma istinadən xəbər verir ki, Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin inkişaf etdirilməsi maliyyə inklüzivliyinin bir elementi olmaqla əhalinin, kiçik və orta sahibkarların maliyyə resurslarına daha geniş çıxış imkanlarını təmin edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı BOKT-lərin bu rolunun artırılması, eləcə də, onların təklif etdiyi kredit məhsullarının əlçatanlığı və şəffaflığının təmin edilməsi üçün öz mandatı çərçivəsində zəruri addımları atmağa davam edir.

Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib. Belə ki, BOKT-lərdə kredit riskinin idarə edilməsi sisteminin təşkili, kredit riski siyasəti, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib.

Bununla yanaşı, Qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib.

Eyni zamanda, Qaydalarda kəmiyyət xarakterli və maliyyə dayanıqlığına təsir göstərən tələblər formalaşdırılıb. Qaydalara əsasən, yeni yaradılan BOKT-lərdə nizamnamə kapitalına dair tələb 1 milyon manata çatdırılıb, mövcud və yeni BOKT-lərə 1 milyon manat kapital tələbi və öhdəliklərin kapitala nisbəti tələbi müəyyən edilib, ehtiyatların yaradılmasına dair tələblərə yenidən baxılıb.

Qaydalardakı tələblər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirəcək.

Qeyd olunan müvafiq qaydaları aşağıdakı linklər üzərindən nəzərdən keçirmək mümkündür:

Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası

Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası

Fuad Mədətov
Fins.az

Избранный
10
17
fins.az

10Источники