RU

Kamran Əliyev Qətərə işgüzar səfər edib

Noyabrın 26-27-si tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, nümayəndə heyəti ölkəmizin Dohadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

İƏT üzvü olan 57 ölkənin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşünü giriş sözü ilə açan ev sahibi - Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən danışıb, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən söz açıb.
Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.

Çıxışında habelə, ölkəmizin prokurorluq orqanlarının qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə də yer verən Kamran Əliyev cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.

Mütərəqqi beynəlxalq təşəbbüslərə daim açıq olmaqla bu sahədə etibarlı platforma rolu oynayan ölkəmizdə aktual mövzu üzrə keçiriləcək tədbirlərə də toxunan Baş prokuror Kamran Əliyev BMT-nin "GlobE" Antikorrupsiya Şəbəkəsinin altıncı plenar sessiyasının 2025-ci ilin may ayında Bakıda keçiriləcəyini qeyd etməklə həmkarlarını həmin tədbirə dəvət edib, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının üçüncü yüksək səviyyəli görüşünə 2026-cı ildə ev sahibliyinə ölkəmizin namizədliyinə göstərilən dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.

Tədbirdə ölkəmiz İƏT-ə Üzv Dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər keçirilib.

Belə ki, Qətər dövlətinin nümayəndə heyəti ilə keçirilmiş ikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşan ölkələrimiz arasında müxtəlif istiqamətlərdə mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunu bildirib, öz növbəsində bu əlaqələrin korrupsiyaya qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeyd edib.

Kamran Əliyev Azərbaycan və Qətər prokurorluqları arasında əməkdaşlıq təcrübəsinə dair müsbət nümunələrə istinad edərək İnzibati Nəzarət və Şəffaflıq Təşkilatı ilə də uğurla inkişaf etməkdə olan ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmiş ikitərəfli görüşdə 2023-cü ilin noyabr ayında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivləri müəyyən edilib.

Избранный
1
20
aznews.az

10Источники