Azər Həsrət: "Hətta mümkündür ki, hakimiyyət yenidən seçkilərə getməyə məcbur olsun"
Gürcüstanda 150 deputatdan yalnız 89 nəfəri hakim partiyaya mənsubdur, qalan 62 deputat isə müxalifət blokuna aiddir. Müxalifət parlamentin birinci iclasını boykot etdi və MSK-ya müraciət etdilər ki, onların mandatını ləğv etsin.
MSK, qanunvericiliyə uyğun olaraq, müraciətlərinə əsasən "Dəyişiklik Naminə Koalisiya”, “Birlik-Milli Hərəkat” və “Güclü Gürcüstan” partiyalarının siyahılarını ləğv edib.
Parlamentin birinci iclasının vaxtını prezident təyin etməli idi, o da parlamenti tanımır. Belə çıxır ki, parlamentin birinci iclası da bir necə səbəbdən qeyri-legitimdir.
Həmin birinci iclasda 89 deputatın mandatı təsdiqləndi və parlamentə sədr seçildi. Müxalifət parlamenti tanımır və hesab edir ki, hazırda parlamentin legitimlik məsələsi konstitusiya məhkəməsində müzakirə olunursa, parlamentdə deputatların mandatı təsdiq edilə bilməz. Mandatların təsdiq edilməsi məsələsində müxalifətin mövqeyi daha məntiqlidir. Bir tərəfdə parlamentin legitimliyi hələ müzakirə edilirsə, seçilmiş deputatların mandatı nece təsdiqlənə bilər? Bundan sonrakı mərhələdə Gürcüstan parlamentinin aqibəti necə olacaq? Müxalifət parlamenti tanımır. Parlamentdə hakim partiyanı təmsil edən cəmi 89 deputat var. AŞPA-ya nümayəndə heyəti göndərilməlidir, o nümayəndə heyətinin tərkibində müxalifət də təmsil edilməlidir. Muxalifət deputatları da parlamenti tanımir. Nə gözlənilir, Gurcüstanda nə bas verə bilər?
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, biz Gürcüstanda baş verənləri diqqətlə izləyirik, çünki bizimlə həmsərhəd ölkədir, orada çoxsaylı azərbaycanlılar yaşayır: "Ümumiyyətlə, Gürcüstanın taleyi bizim üçün vacibdir. Bu baxımdan siyasi prosesləri bəzən də həyəcanla izləyirik. Hazırki vəziyyət əslində bir dövlət böhranıdır, Gürcüstan müstəqilliyinin 34-cü ilində belə bir dərin dövlət böhranı ilə üz-üzə qalıb. Yəni hakimiyyətlə xalqın birliyi təmin edilə bilməyib, siyasi qüvvələr arasında həmrəylik mövcud deyil, ölkənin hansı istiqamətə meyllənəcəyi ilə bağlı vahid fikir formalaşdırmaq mümkun olmayıb. Ona görə də belə bir siyasi böhranla qarşılaşıblar.
Əlbəttə, bundan sonra baş verənlər Gürcüstanın ziyanınadır və zərər verməkdə davam edəcək. Ən azından açıq görünür ki, əhalinin və seçilmiş deputatların 30-40 faizi seçkinin nəticələri ilə razı deyil, hökumətə açıq etiraz edilir. Bu qüvvələr hökumətilə kəskin şəkildə qarşıdurmaya meyllidir. Bu çox böyük mənfi siyasi enerji potensialıdır. Gürcüstan hökuməti belə böyük mənfi siyasi enerji potensialının qarşısını almaqla çox da irəli gedə bilməyəcək. Ona görə də konsensus axtarışı gücləndirilməlidir.
Əlbəttə, hakim partiya konstitusiya məhkəməsinin qərarını gözləməli idi. Çünki hələ mübahisə və müzakirə varsa, qəti qərar verilməyibsə, deputat mandatlatının səlahiyyəti təsdiqlənməməli idi. Amma hökumət bir az tələsdi, məsələni bir qədər qaçaraq həll etmək istədi. Bu da böhrənın daha da dərinləşməsinə səbəb olacaq. Əgər konstitusiya məhkəməsinə müraciət edilibsə, o müraciətin nəticəsi gözlənilməli idi. Bundan sonra nəticəyə uyğun olaraq parlamentin toplanmasi barədə qərar vermək olardı. Yəni Gürcüstan hakimiyyəti taktiki səhvə yol verdi. Bu səhv onun özünün çətin vəziyyətə düşməsinə səbəb ola bilər. Hətta mümkündür ki, hakimiyyət yenidən seçkilərə getməyə məcbur olsun. Belə olan halda isə müxalifətin seçkidə üstünlük qazanmaq şansı bir qədər də artacaq. Yəni bu bütövlukdə dövlətin sabitliyini təhlükə altında qoyan böhrandır. Heç bir dövlətə belə bir durum arzu etməzdik. Bu böhran nəticəsində Gürcüstan ciddi itkilərə məruz qala bilər. Halbuki, onların indi əsas məsələsi Rusiyanın işğalı altında olan Abxaziya və Güney Osetiyanın azad edilməsidir. Yəni bu, Gürcüstan hökumətinin və xalqının qarşısında duran əsas məsələdir. Amma baxın, görün nələrlə məşğuldurlar. Torpaqların işğaldan azad edilməsi yönündə hansısa bir addım ata bilirlərmi? Bunu bacarmırlar, çünki dövlət böhranı, ölkədə ciddi qarşıdurma var. Bu da başqa ümdə məsələlərin həllinə mane olur. Halbuki, Azərbaycan təcrübəsini mənimsəyib, daha irəli gedə bilərdilər. Yəni Azərbaycanda son illərdə hakimiyyət, dövlət və xalq birliyi təmin edildi və nəticədə 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi, sonraki mərhələdə də çox böyük uğurlar qazanıldı. Hətta o qədər irəli gedə bildik ki, BMT-nin COP29 kimi möhtəsəm bir tədbiri Bakıda uğurla keçirildi. Bütun dünya hazırda bu tədbirin möhtəşəm keçrilməsindən danışır. Görürsünüzmü, dovlət və hakimiyyət içində böhran olmayanda ölkə nə qədər irəliləyə bilir. Ona görə də düşünürəm ki, Azərbaycan təcrübəsini mənimsəməsi Gürcüstanın xeyrinə olardı".
Dəniz NƏSİRLİ