RU

“Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər” – “Vətəndaş A” danışdı

– Nadir hallarda obrazla aktyor arasında bu qədər uyğunluq olur. Elə bil, Almaz sizin üçün yazılan personajdır. Yoxsa xarakterinizdə oxşarlıqlar var?

– Xarakterimizdə uyğunluqlar çoxdur. Məsələn, mən yeniyetmə yaşlarından qoyulmuş stereotip qanunlar, lazımsız qaydalara qarşı çıxırdım. Özüm də başa düşmədən bildirirdim ki, niyə bu, belə olmalıdır? Niyə belədir? Bu, feminist düşüncə deyil. Xüsusilə Azərbaycanda qadınların adi ailə mühitində də sıxılmasına qarşı çıxırdım. Bu fikri Almazı oynamamışdan qabaq da deyirdim ki, qız uşaqlarına mütləq təhsil verilməlidir. Qadın öz ayaqlarının üzərində durmağı bacarmalıdır. Həyatın işini bilmək olmaz, sabah qarşısında kişi olmadan da başını itirməməlidir. 

– Əslində 2005-dən fəaliyyətdəsiniz. Kifayət qədər də uğurlu işlərdə rol almısınız. “Vətəndaş A”nı yaradıcılığınızın pik nöqtəsi saymaq olar?

– “Vətəndaş A”nı yaradıcılığımın pik nöqtəsi saymaq olar. Siz də qeyd etdiniz ki, uğurlu layihələrim, sevdiyim filmlərim və obrazlaırm var. Amma Almaz çox sevildi. Başqa cür sevildi. Bəlkə də onu Azərbaycanda bir qadın qəhrəmanın bu qədər qabarıq göstərilməsi sevdirdi. 

– Bəlkə də qadın qəhrəmana ehtiyac var idi…

– Hə. Ehtiyac var idi. Məsələn, bəzən bir şeir eşidirik, deyirik ki, İlahi, əslində bunu düşünürdüm, amma şair necə gözəl cümlələri muncuq kimi düzüb, qafiyəyə otuzdurub. Bəzən düşündüyümüzü dilimizə gətirmirik, amma görəndə içimizdə bir hayqırtı olur ki, bunu düşünürdüm və görürdüm. Çoxu da görmək istədiklərini orada görür.

– Olur ki, deyirsiniz, Almazın yerində olsam, bunu etməzdim?

– Cəsarətli addımları var. Bəzi etdiklərini mən etmərəm. Onun yaşam tərzi, düşdüyü mühit, böyüdüyü şərait başqadır. Günəşdə başqa. Məsələn, onun atdığı bəzi addımları atmazdan əvvəl mütləq düşünərdim ki, ailə, uşaq… Məsələn, çayxanada kişilərin içərisindəki çıxış etməyi… Hətta Almaz özü də bilirdi ki, burada hər şey baş verə bilər. Amma getdi, danışdı, ürəyindəki sözü dedi. Hamının dilində olan sözü dedi. Əslində, Almazın azadlığı var. O, kəndin azadlığından, qadınların azadlığından danışdı. Almaz özü personaj kimi çox azad qadındır. Sadəcə cəmiyyətin azadlığını hamının içərisində nümayiş etməsi, onu bəlkə də Günəş etməzdi…

– Mən də o səhnədən danışacaqdım. Məni ən çox təsirləndirən səhnə o idi. Tərif deyil, real müşahidəmdir. Orada təpədən dırnağa kimi rola girmişdiniz. Əlinizi sıxmağınız, asta-asta hərəkətləriniz, udqunmağınız belə… Hansı hissləri keçirdiniz? 

– Bilirsiniz, aktyorluq tək verilən sözü, monoloqu ifa etmək deyil. Təpədən dırnağa kimi aktyor olmalıdır. Aktyorun bir bədən dili var. Əslində həmin səhnədə Almazın bədən dili başqa şey deyir, oradan qaçıb getmək istəyir. Sözlərində başqa ifadədir. Bütün bunlar bir vəhdət təşkil edir. Düşünürəm ki, mən təklif olunmuş vəziyyətdə onu necə oynaya bilərdimsə, elə də oynadım. 

– Həmin səhnədə günümüzün aktual problemi qadına şiddəti də gördük.

– Bəli. Hazırda qadına şiddət, qadın hüquqlarının tapdalanması, erkən nikahlar aktual problemlərdir. Təəssüflər olsun ki, hələ də var. 

– Bu arada ötən günlərdə Audiovizual Şura İctimai TV-yə xəbərdarlıq etdi. Bununla bağlı nə düşünürsünüz?

– Düşünürəm ki, orada yazılmış müəyyən qayda-qanunlar var. Onlar da həmin qaydalara uyğun olaraq icra məcburiyyətində qalıblar. Bir tamaşaçı kimi baxanda efirimiz lazımsız verilişlər, vizual olaraq xoş olmayan filmlər, seriallarla doludur. Bunu hamı bilir, ona görə bu cür layihə ərsəyə gələndə bir fərq görünür ki, müqayisə üçün bir nəsnə var. Ümumilikdə orada “Vətəndaş A”nın ssenarisinə, başqa bir şeylərə irad yox idi. 

– Günəş xanım, siz həm də “Yuğ” teatrının aktrisasısınız. Teatrınızın binası yoxdur. Məsələyə bədii yanaşsaq, aktyorlar üçün teatr “ev” rolunu oynayır. Bir evinizin olmamağı necə hiss etdirir?

– Mən sizə təşəkkür edirəm ki, bu məqama toxundunuz. Çox nadir hallarda belə bir sual verilir. Düşündüm ki, soruşacaqsınız, teatr fəaliyyəti ilə kino fəaliyyətini necə uyğunlaşdırırsınız… Həqiqətən də bizim bu gün bina problemimiz var. Son vaxtlar  teatrlara tamaşaçı axını müşahidə olunur. Bu, çox sevindirici haldır. O cür şəraitdə tamaşalar qoyuruq, hamı işləyir. Sevdiyimiz işlə məşğuluq. Lakin çox pis şəraitdir, qrim otaqlarımız, soyunma otaqlarımız yoxdur. Tamaşa zalımız çox boğanaq və şəraitsizdir. Tamaşadan sonra tərli halda çıxıb duş qəbul edəcəyimiz yer yoxdur. Çox şəraitsizdir. Amma tamaşalara baxanda necə gözəl tamaşalar ortaya qoyulur, oynanılır. Çox istərdim ki, yaxın zamanda bina problemimiz həll olunsun. Nazir gəldi, görüşdü, kollektivlə, şəraitimizlə tanış oldu. Ümid edirik ki, bu ilin sonuna, gələn ilin əvvəlinə bizi sevindirərlər. 

– İnşallah bir eviniz olar…

– Hə. Bir evimiz olar. Kirayələrdən çıxarıq (gülür). 

– Yəqin məşqlər də çətin olar. Çünki tamaşaya hazırlıq müddəti də uzun olur.

– Çətindir. Ancaq bir rejissor iş görə bilir. İki tamaşa üçün iki saat ayrılmalıdır. O da mümkün deyil. Ancaq bir rejissor gözləyir ki, kiminsə tamaşası altı-yeddi aya ərsəyə gəlsin. Hər tamaşanın da öz ərsəyə gəlmə vaxtı var. Paralel iki tamaşa ərsəyə gətirmək olmur. 

– Bilirik ki, sizin sahənizdə qonoralar çox azdır. Bəzən həmkarlarınız şikayətlərini dilə gətirirlər. Əslində haqlıdırlar, az qonorarla iş görmək də çətindir. 

– Əlbəttə yaradıcı insan üçün çətindir, aktyor məcbur olur ki, başqa iş tapsın başqa yerə fikrini yönəldir. Orada tam olaraq yaradıcı kimi işinə köklənə bilmirsən. Düşünürsən ki, haradasa əlavə iş yeri olsun. Bu, teatra da təsir edir, məşqlərdə axsamalar olur. Heç kim aktyoru nədəsə ittiham edə bilmir ki, məşqə niyə gəlmirsən? Çünki hamı başa düşür ki, o başqa yerdə çalışır, ailə dolandırır. Maddi tərəfi də aşağıdır. Teatrımızın bir statusu yoxdur. İnşallah istəyirik ki, teatrımıza bir status verilsin. Çünki öz üslubunda olan yeganə teatrdır, psixosof üslubda tamaşalar qoyulur. Qeyri-adi səhnə həlləri ilə dolu olan yeganə teatrdır. 

– Müğənnilər arasında bir təbəqələşmə var, bölünürlər. Aktyorlar da teatr və kino aktyorları olaraq iki yerə ayrılır?

– Teatr aktyoru, kino aktyoru deyə bölünmə var. Ona görə fakültələr də ayrı-ayrıdır. Teatr aktyorunun oyun tərzi fərqlidir, mimika və jestlərini daha qabarıq göstərməlisən ki, arxada tamaşaçı da onu görə bilsin. Kino aktyoru minimalist oynamalıdır. Amma bizdə teatrımızın aktyorları filmlərdə də çəkilir, çox da uğurlu alınır. İstedadlı aktyorlarımız var.

 – Almazı teatrda oynasaydınız, hansı fərqlər olardı?

– Onu mən bilmirəm, çünki mizanları və oyun tərzini rejissor göstəriş verir. Bir şey var ki, mən “Yuğ” teatrının aktrisasıyam. “Yuğ” balaca teatrdır, meydan teatrıdır. “Yuğ”da biz böyük mimikalardan, jestlərdən istifadə etmirik, kinoda da necə oynayırıqsa, orada da elə oynamaq kifayət olar. Amma Almazı teatrda oynamaq yaxşı fikirdir (gülür). 

– Bəs kənd sakinlərini necə sonluq gözləyir? Xoşbəxt, yoxsa dramatik… 

– Serialın sonluğundan danışırsınız? (gülür)

– Hə. O qədər realdır ki, bizim üçün onlar kənd sakinləridir…

– “Vətəndaş A”nın sonluğunu… Bölümlərimizə çox qalmayıb, onu gözləyib, baxsınlar. 

– Ucqar kənddə günlərlə çəkiliş etməyin hansı çətinlikləri var idi? 

– Çəkilişlərimiz çətin idi. Çünki həmin kənd qayalıqların üzərindədir. Məsələn, Almazın evində olan səhnələr var idi. Ora maşın qalxmırdı. Bütün maşınları aşağıdakı meydanda saxlayıb, işıqları, kameraları, texnikanı piyada yuxarı qaldırırdılar. Kadrarxasında çalışan heyətimizin adları çəkilmir, amma çox böyük əziyyət çəkiblər. Şəraitsizlik çox idi. Kənddə su problemi var. Suyu hələ də vedrə ilə daşıyırlar. Yayda hava istdi idi, suyun olmamağı çox çətin idi. Hətta olurdu ki, maşın gətirirdik, özümüz çəkiliş etdiyimiz yerdə çəni doldururduq. Çünki çəkiliş meydançasında 30-40 nəfər adam var, susuz, yayın istisində mümkün deyildi.

– Kəndlilərin reaksiyaları necəydi? 

– Kəndlilərin…

– Kəndə kino çəkənlər gəlib…

– Hə, eynən belə idi (gülür). Aqressiya da var idi. Amma bizim xalqımız qonaqpərvərdir, hər kəs qapısını açmışdı. Çəkilişlər soyuq vaxtlara da düşdü. Onda küçədə dayana bilmirdik, küçə çəkilişlərində qapısını açanlar çox idi ki, gəlin, evdə isinin, sobanın yanında isinirdik. 

– Bəs nəyə aqressiya göstərirdilər?

– Şort məsələsinə… Hətta serialda qeyd olunan kimi… Bir xəbərdarlıq, nota gəlmişdi ki, çəkiliş heyətinə deyin, bu kəndə şort geyinməsinlər. 

– Siz necə qarşıladınız?

– Biz də şort geyinmədik, hörmətlə yanaşdıq. Nə edə bilərdik? Orada qonaq idik. Düşündük ki, bir problem yaranmasın filmi tezliklə başa vura bilək. Biz şəhərdə böyüyən adamlar üçün düşünürsən ki, Azərbaycanda elə bir yer yoxdur. Çəkiliş proseslərində çox ucqar yerlərə gedirik. Görürəm ki, hələ də stereotip qaydalar var ki, qalıb. Elə qanunlar var ki, düşünürsən, çoxdan köhnəlib, yoxdur. Amma gedib baxırsan ki, var. Məsələn, qız uşaqlarının məktəbə getməməyi, üçüncü sinifdən oxuması lazım deyilmiş kimi fikirlər var. Təəssüf ki…

– Düzü mən də rayonda böyümüşəm. Şort məsələsi mənim üçün belə təəccüblü oldu.

– Yəqin, rayonlardan rayonlara da fərq var. Ucqar dağ rayonlarının məktəb problemi, gediş-gəliş… Hətta yayda belə bizim üçün o yolu qalxmaq çətin idi. Düşündüm ki, qar yağanda insanlar necə gedib-gəlirlər. Yollar yuxarı dik qalxır, uşaqların gediş-gəlişi də çətin olur.

– Elə serialda məktəbin şəraitinin yaxşı olmadığı da görünür.

– Məktəbin şəraiti tikiləndən hansı təmir işi görülmüşdüsə, odur. Sonradan əl vurulmayıb. Soyuq otaqlar, cırıldayan döşəmələr…

– Belə deyək də Bayan kəndi “Vətəndaş A”dakı kəndlə hər cəhətdən uyğunlaşıb.

– Bəli, Bayan kəndi “Abdalbəyli”nin prototipidir.

– Bəlkə onların da “Hacı Əhməd”ləri var…

– Hətta orada elə personajlar gördük ki, düşündük, ssenarist bir az da burada qalsaydı, başqa əlavələri olardı ssenariyə…

– Serialın ikinci sezonunu çəkərdiniz…

– Bəli (gülür).

– Günəş xanım, bu qədər gərgin iş rejiminin şəxsi həyatınıza təsiri olur? İkisini bir arada necə idarə edirsiniz?

– Təzə-təzə bir az çətinliklər var idisə, artıq uyğunlaşmışam. Həyat tərzimə çevrilib, günümü planlaya bilirəm. Məsələn, bir həftə olmuramsa, onu necə idarə edəcəyimi düşünürəm. Artıq öyrəşmişəm. Bu sahəyə birdən-birə gəlsəydim, çətin olardı. Kənardan da çox çətindir, hətta arada öz həmkarlarımız deyirlər ki, Günəş, bunu necə edirsən? Deyirəm, öhdəsindən gəlirəm. 

– İki övladınız var. Ana kimi necəsiniz? Qayda-qanunlarınız var, yoxsa sərbəstsiniz?

– Qaydalarım belədir ki… İstəyirəm ki, sözümə qulaq assınlar, uşaqlarla dost kimiyəm. Hətta rəfiqəm bu yaxınlarda deyir ki, Günəş, sən bir dəfə də uşaqlara əl qaldırmamısan. Düzdür, qışqırmağım olur. Amma mənə qəribə gəlir ki, uşağı vurmaq, əl qaldırmaq nədir. Dost kimiyik. Hər dəfə deyirəm ki, sizə məndən yaxın dost olmayacaq, mənimlə hər şeyi bölüşə bilərsiniz. Sözümə də qulaq asın. Deyirəm, bunu mən keçmişəm də, başınız daşa dəyməsin.

– “Vətəndaş A”dan sonra sosial şəbəkə hesablarınızda artım oldu?

– İzləyicilər və izləyici marağı çoxaldı. Sadəcə aktiv sosial şəbəkə istifadəçi deyiləm. Adıma TikTok-da bəzi saxta səhifələr açıldı. İşıq sürəti ilə başaldılar özlərinə izləyici toplamağa. Onun qarşısını almağaa çalışdım. Çünki mənim adımdan postlar paylaşılır. Mənim adımdan çağırışlar edilir ki, gəlin, 10K (10 min – red.) olaq, 20K olaq… Bu, mənə xas olmayan bir şeydir. Görüb, əsəbiləşirdim ki, mən “K” dilənən adam deyiləm. Ya ora “Fan page” yaz ki, mən olmadığım bilinsin. Mənim adımdan yazılan şərhlərə cavab verir, fikir bildirir. Bu, məni çox özümdən çıxardı. Sağ olsunlar, kömək etdilər birini bağladıq. İndi baxıram, bu, qarşısıalınmaz bir şeyə bənzəyir. Gərək bütün işimi-gücümü atım oturum profilləri bağlayım. O dərəcəyə çatmışdım. Mənə bir nəfər kömək etdi, dedi ki, bu pillələrlə get, profil bağlanacaq. Haradasa üç-dörd günümü aldı, profili bağladıq. Buradan da müraciət etmək istəyirəm. Hər şeyi anlayışla qarşılayıram. İnsanlardan sevənlər də var, sevməyənlər də. Lakin kiminsə adından nəsə danışmaq düzgün deyil, tərbiyəsizlikdir. Belə şeylərə yol verməyin. 

– Hətta yazmışdınız ki, adınızdan kömək istəyirlər…

– Çünki dostlarımdan bəzilər müraciət etdi ki, o, yazıb, dəstək, pul istəyir. Belə şeyləri eşidib çox pis oldum. Ümumiyyətlə dostlarım da bilirlər ki, mən nəyə qadirəm, nəyə qadir deyiləm. Üslubumda olmayan, qulaq asmadığım, məsxərəyə qoyduğumuz mahnı ilə şəkil paylaşırlar. Hətta biz serialda da bu mövzuya toxunmuşduq.

– Almaz o səhnədə necə səbrli qaldı? Mən telefonu alıb söndürərdim. 

– Əslində Günəşlə Almazın uyğunluğu o qədərdir ki, mən özüm də bayağı musiqilərə qarşıyam. Düşünürəm ki, biz hansı ara korlandıq?! Bu musiqilər, musiqiçilər haradan çıxdı? Biz gözümüzü açıb o filmlərlə, o musiqilərlə böyümüşük. Hansı ara korlandıq ki, bu dərəcəyə çatdıq?! İndi bu musiqilərə gənclər qulaq asır, bizdən sonra böyüyən nəsil də gözünü açıb onu görəcək. Axı biz bunlarla böyüməmişdik, bu, haradan gəldi, onu bilmirəm. 

– Serialda mesajlar çoxdur. Məsələn, sosial verilişlərə də bir söz atıldı, Zaur Baxşəliyev cavab verdi.

– Zaurun bir reaksiyası oldu. Sonradan baxıram ki, əslində tərifləyib də. Bir şey var ki, bu dəqiqə anti-reklam da reklam sayılır. Anti danışanlar da var. Düşünürəm ki, onu danışanlar “Vətəndaş A”nın adından istifadə edib özlərinə PR qazanırlar. Sanki mən qəbul etmirəm, aktyor oyunu sünidir deyənlər də var. 

– Mən Xoşqədəm xanımın o səhnəyə səssiz qalmağına təəccübləndim…

– Yəqin ki, Xoşqədəm xanım hazırda serialı izləyir, 12-ci bölümdən sonra danışar (gülür).

– Seriala yazılan şərhləri oxuyursunuz?

– Qarşıma çıxanları oxuyuram, vaxtım olduqca. Elələri var ki, skrin edib göndərirlər. Çox pis şərhlərlə qarşılaşmıram. Daha çox sevgi şərhləri ilə qarşılaşıram. Almazın bir ideala çevrildiyinin şahidi oluram. Düşünürəm ki, Almaz xarakterdə bir qadının ideala çevrilməyi pis deyil. Mübariz qadındır, onu ideallaşdırmaq, özünə prototip seçmək yaxşıdır. Pis deyil, pis şərhlər oxumuram, qarşıma çıxmayıb. 

Избранный
2
1
millitv.net

2Источники