RU

ATİAHİ sədri Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib - FOTO

26-27 noyabr tarixlərində Monteneqronun Budva şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin Konfransı keçirilib.

Olaylar xəbər verir ki,  Avropa regionundan 55 ölkənin 123 üzv təşkilatından təxminən 500 nümayəndənin qatıldığı bu mötəbər tədbirdə Azərbaycanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın əsas mövzusu "Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə" olub. Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub. Eyni zamanda, konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.

Tədbirdə Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, baş katibi David Edvard, Təhsil üzrə Avropa Həmkarlar İttifaqının prezidenti Larri Flanagan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə koordinatoru Jelmer Evers, həmkarlar ittifaqı liderləri, elm və təhsil üzrə ekspertlər, eləcə də ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak ediblər.

Təhsilin qarşısında duran çətinliklərə həsr olunmuş çıxışlarda dövlət məktəblərinin azalması, özəl təhsil müəssisələrinin artması, təhsilə ayrılan büdcələrin azaldılması və peşəkar müəllim çatışmazlığı kimi məsələlər xüsusi vurğulanıb.

Konfrans zamanı Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib. Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.

Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də İcraiyyə Komitəsinə namizəd göstərilib və böyük səs çoxluğu ilə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.

İcraiyyə Komitəsinin ilk iclasında çıxış edən Araz Paşayev ona göstərilən etimada görə iştirakçılara təşəkkür edib və ATİAHİ-nin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ən böyük üzv təşkilatı kimi təhsil işçilərinin hüquqlarının qorunmasında gördüyü işlər barədə məlumat verib.

Səfər çərçivəsində Araz Paşayev Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin yeni seçilmiş prezidenti Con Makqabhann və direktor Jelmer Evers ilə təkbətək görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bununla yanaşı, Bolqarıstan və İspaniyanın həmkarlar ittifaqları liderləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
8
olaylar.az

10Источники