RU

Az qala Braziliyada xunta diktaturası bərqərar ediləcəkmiş

Braziliyada 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində baş tutmayan hərbi çevrilişin detallarının araşdırılması davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 884 səhifəlik polis hesabatında hərbi çevrilişin keçmiş prezident Jair Bolsonaro tərəfindən ölkə generallarının dəstəyi ilə planlaşdırıldığı göstərilir.

Qeyd olunur ki, Braziliya demokratik ölkədən avtoritar ölkəyə çevrilmək ərəfəsində olub. İddialara görə, qiyamçıların seçilmiş prezidenti, vitse-prezidenti və Ali Məhkəmənin rəhbərini öldürmək niyyəti də olub. Bunun qarşısını hərbçilər özləri alıblar - quru qoşunlarının və donanmanın komandanları hərbi çevrilişdə iştirakdan imtina ediblər. Bununla belə, Bolsonaronun buna görə mühakimə olunub-olunmayacağı sual olaraq qalır.

Federal polis 2022-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn Luis İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq cəhdlərinin yeni təfərrüatlarını açıqlayıb. O, seçkidə 50,9%, Bolsonaro isə 49,1% səs toplayıb. Qiyamçılar əslində baş verməyən saxtakarlıqlar barədə iddia irəli sürmək istəyiblər. Belə kiçik səs fərqi Bolsonaronun radikal tərəfdarlarını ruhlandırıb. Onlar 2021-cü ilin yanvarında Donald Trampın pərəstişkarlarının ölkə konqresinin binasına basqın etməsindən örnək götürüblər. Lakin çevriliş cəhdi uğursuz olub.

Həmin hadisələrlə bağlı istintaq iki ildən çox davam edib. Təhqiqatda dövlət çevrilişinin bir sıra hərbi qulluqçuların qiyamda iştirakdan imtina etməsi səbəbindən baş tutmadığına dair sübutlar var. İddialara görə, qiyamçılar 15 dekabr 2022-ci ildə Bolsonaronun mahiyyət etibarilə çevrilişi qanuniləşdirəcək xüsusi fərman verəcəyinə ümid ediblər. O vaxt hələ də prezident olan Bolsonaronun iki mühüm müttəfiqinin - müdafiə naziri general Valter Braqa Netto və təhlükəsizlik naziri general Auqusto Helenonun rəhbərlik etdiyi “böhranların idarə edilməsi” komitəsinin yaradılması planı olub.

Müstəntiqlərin fikrincə, qiyam təşəbbüsçüləri Lula da Silvanın, vitse-prezident Jeraldo Alkmin və Ali Məhkəmənin hakimi Aleksandr de Moralesin qətlini istisna etməyiblər.

Bu işlə bağlı Bolsonaronun bir neçə müşaviri həbs edilib. Onlara qarşı dəlillərə dinlənilmiş telefon danışıqları, maliyyə hesabatları və ittiham sövdələşmələri edən insanların ifadələri daxildir.

Bolsonaronun sui-qəsddə iştirakının dərəcəsi barədə tam aydınlıq yoxdur. O, qiyamçıların planlarından xəbərdar olub və bu planlara qarışıb. Ancaq Bolsonaronun sui-qəsdin lideri olması fakt deyil. İstənilən halda sabiq prezident işdə əsas təqsirləndirilən şəxs olmaya bilər.

Braziliyanın hüquq-mühafizə orqanları onu həbs etməyə tələsmirlər. Bu, güman ki, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmamaq üçün edilir. Çünki Bolsonaronu braziliyalıların az qala yarısı və onların ən fəal hissəsi dəstəkləyir.

Musavat.com

Избранный
222
musavat.com

1Источники