RU

İqlim diplomatiyasında dönüş nöqtəsi

Dünyanın diqqətini Azərbaycana yönəldən və noyabrın 11-23 tarixlərini əhatə edən COP29 tədbirinin hər günü ölkəmizin tarixinə mühüm hadisələrlə yazıldı. Ölkəmizin iqlim dəyişmələrinə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. Bu addımların ümumiləşdirilmiş ifadəsi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eyni zamanda, 200-ə yaxım ölkənin dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibliyi oldu.

Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlığı təqdir edildi. Ölkəmiz tədbirə ev sahibliyi ilə bağlı qərarın qəbul edildiyi ilk gündən hazırlıq prosesinə başladı. Cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Dövlətimizin başçısı İlham Əliyev həmin müşavirədə bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycanın, xalqımızın növbəti böyük uğuru olacaq.
COP29-a ev sahibliyimiz ilə bağlı qərarın qəbul edildiyi gündən ölkəmizə qarşı qarayaxma kampaniyası başlandı. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxdılar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, neftimizin olmasında bizi ittiham etmələri bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında suçlamağa bənzədi. Hazırda Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası Azərbaycanı neft dövləti adlandırdı. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı paylaşımında da bu məqamlara diqqəti yönəldərək bildirdi ki, genişmiqyaslı və planlaşdırılmış böhtan, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
“Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi.
Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Ölkəmiz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu.
Təbii ki, bütün bu nəticələrə nail olmaq Azərbaycanın söz sahibliyinin təqdimatıdır. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
COP29-un hər bir iştirakçısı tədbirin yüksək səviyyədə təşkilini, Azərbaycanın sözün əsl mənasında yaşıl keçidin güclü carçısı olduğunu təqdir etdi. COP29-un fərqliliyi xüsusi vurğulandı. Real olan budur ki, Azərbaycan qlobal problemlərin həllinə dəstəyini əsirgəmir, hər bir ölkəyə kömək etməkdə maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycanın birlik, həmrəylik, əməkdaşlıq çağırışlarının daim reallıqda öz əksini tapdığı göz qabağındadır. COP29 yeni körpülərin salınmasına yardımçı oldu. Dövlətimizin başçısı İlham Əliyev COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirir.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Избранный
4
1
sesqazeti.az

2Источники