RU

Diplomlu İŞSİZLƏR – Universitetlər məzunlarının işlə təminatına niyə DƏSTƏK olmur?

Azərbaycanda ali təhsili olduğu halda işsiz olan çox insan var. 2023-cü ilin statistikasına əsasən deyə bilərik ki, təhsil səviyyəsinə görə işsiz olan 286.400 insanın 34.800-ü ali təhsillidir. Hamıya məlumdur ki, ali təhsil müəssisələrini bitirən məzunlara işləmək üçün təhsil aldıqları istiqamət üzrə təyinat yoxdur. Digər tərəfdən nə universitetlər, nə də müvafiq dövlət qurumları məzunların işlə təmin olunmasında hər hansı addım atmır. Hətta tələbələrə dəstək olmaq üçün belə tədbirlər görməyə maraqlı deyillər.

Beynəlxalq təcrübədə necədir?

Bir çox ölkələrdə universitetlər məzunların iş bazarına inteqrasiyasını asanlaşdırmaq üçün müxtəlif dəstək xidmətləri təqdim edir. Uzağa getməyib Türkiyənin bu sahədəki təcrübəsinə nəzər salaraq bildirmək olar ki, oradakı çoxsaylı universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər, məzunlara iş tapmaqda kömək etmək üçün müxtəlif seminarlar, CV yazımı, müsahibə hazırlığı, iş dünyasına dair təlimlər və əlaqələr qurmaq üçün şərait təqdim edir. Bundan başqa, hər il bir çox universitetlərdə iş yarmarkaları keçirilir. Bu tədbirlər, tələbələrə və məzunlara işəgötürənlərlə birbaşa əlaqə qurma və iş imkanlarını araşdırmağa imkan yaradır.

Azərbaycanda isə nəinki universiteti bitirdikdən sonra iş tapmaq problemi, hələ də təhsilin zəifliyi və praktik olaraq tələbələrin iş həyatına hazırlanmamaları, ixtisaslaşmamaları müzakirə edilir.

“Hazır kadr yetişdirə bilmirlər”

Təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya bu mövzu barədə öz fikirlərini bildirib.

“Universitetlər elə kadrlar yetişdirməlidir ki, müəssisələr, təşkilatlar məzunları özlərinə hazırlıqlı kadr kimi görsünlər. Təəssüflər olsun ki, bizim universitetlərimiz bu gün belə kadrlar hazırlamır. Amma yaxşı olar ki, universitetlər heç olmasa öz məzunlarını izləsinlər ki, onların əmək bazarında özlərini necə göstərə bildiklərini müşahidə edə bilsinlər.

Bu məsələdə iş adamlarının da məsuliyyəti var. Yaxşı olar ki, onlar universitetlərə özlərinin iş metodları ilə bağlı, prinsipləri ilə bağlı təkliflərini versin və desin ki, bizə bu kateqoriyadan olan işçilər lazımdır. Universitetlər də bu nəticələrin hesabatını aparıb, vaxtaşırı elan etsinlər ki, özlərinin əmək bazarına uyğun olmayan proqramlarını yeniləsinlər”.

Azərbaycanda işsizlərin sayı

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il may ayının 1-nə olan göstəricilərə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfərdir. Onların 43,0 faizini qadınlar təşkil edir.

Nuray, Bizim.Media

Избранный
7
1
bizim.media

2Источники