RU

Buraxılış imtahanlarında dəyişiklik

Yazını böyüt
Yazını kiçilt

Gələn il buraxılış imtahanlarında dəyişiklik gözlənilir. Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva mətbuata açıqlamasında bildirib ki, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq. “Bu, yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarət olacaqlar. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür. Xarici dil üzrə imtahanda 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun da qiymətləndirilməsi isə fərqlidir”.

O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənnləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: “Ötən il hansı model tətbiq olunubsa yenə də həmin model tətbiq olunacaq”.

Bəs, görəsən, tətbiq edilən yenilik şagirdlərin nəticələrinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyib ki, yeni imtahan modeli oxuyub-anlama və tətbiqetmə bacarıqlarını daha əhatəli şəkildə yoxlamağa imkan verəcək: “DİM-in təqdim etdiyi məlumatlara əsasən, 9-cu siniflərin imtahanlarında tətbiq ediləcək yeni model şagirdlərin məntiqi düşüncə qabiliyyətini, analitik yanaşma bacarığını və mətni dərk etmə səviyyəsini ölçməyə yönəlib. Yeni modelə görə, şagirdlər 4 fərqli mətnlə qarşılaşacaq. Bu mətnlərdən 3-ü kiçik həcmli, cəmi 1-2 cümlədən ibarət olacaq. Hər bir kiçik mətnə əsasən bir qapalı sual təqdim ediləcək. Dördüncü mətn isə daha böyük həcmli olub, şagirdlərin oxuyub-anlama və məlumatı tətbiqetmə bacarıqlarını yoxlamağa xidmət edəcək. Belə bir yanaşma mətn əsaslı öyrənmənin əhəmiyyətini ön plana çəkir”.

Ekspertin fikrincə, məsələnin müsbət tərəflərindən biri odur ki, bu dəyişikliklər tədris prosesində oxuyub-anlama və məzmunu tətbiqetmə bacarıqlarına diqqəti artıracaq: “Şagirdlər mətnlərdən yalnız məlumat almayacaq, həm də həmin məlumatı analiz etmək, tətbiq etmək və uyğun nəticələr çıxarmaq qabiliyyətlərini inkişaf etdirəcəklər. Təhsildə uzun müddət əsas problem kimi göstərilən mexaniki əzbərləməyə söykənən yanaşma bu cür imtahan modelləri ilə azaldıla bilər. Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək və oxuyub-dərk etmə qabiliyyətlərini daha dəqiq ölçmək üçün bu yeniliklər mühüm addımdır. Məktəblərdə də müəllimlər bu istiqamətdə tədris metodlarını yeniləyə bilərlər. Bununla yanaşı, 11-ci siniflərin buraxılış imtahanında xarici dil üzrə modelin sabit saxlanılması bu fənn üzrə tədris proqramlarının dəyişməz qalması və şagirdlərin əvvəlki illərdən fərqli tələblərlə üzləşməməsi baxımından müsbət qiymətləndirilə bilər. Bu, həm şagirdlərə, həm də müəllimlərə bir qədər sabitlik təmin edir və onların hazırlıq prosesini daha sistemli şəkildə planlaşdırmasına imkan yaradır. Amma bu məsələdə bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Yeniliklər hər zaman müəyyən adaptasiya çətinlikləri yarada bilər. Şagirdlər və müəllimlər yeni modelə uyğunlaşmaq üçün əlavə vaxt və resurslara ehtiyac duyacaqlar. Dörd mətnli imtahan formatı şagirdlərin vaxtı səmərəli idarə etməsini tələb edir və bu, xüsusən vaxtla bağlı çətinliklər yaşayan şagirdlər üçün əlavə təzyiq yarada bilər. Kiçik mətnlər üzrə verilən sualların sayı məhdud olduğundan şagirdlərin əhatəli bilik səviyyəsini tam şəkildə əks etdirməyə bilər. Digər bir məsələ isə yeni format üçün müvafiq tədris resurslarının mövcudluğudur. Əgər məktəblər və müəllimlər bu yeniliklərə uyğun resurslarla təmin edilməsə, şagirdlərin imtahanlara hazırlaşması daha da çətinləşə bilər. Bu baxımdan DİM və Təhsil Nazirliyi bu modelə keçidi dəstəkləmək üçün yeni təlim materialları və metodik göstərişlər hazırlamalıdır. Məktəblərdə müəllimlər üçün xüsusi təlimlərin təşkil edilməsi də müsbət nəticələrə gətirib çıxara bilər”.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki, xarici dil fənnində olan yenilik şagirdlərin nəticələrinə təsir edəcək: “Burada şagirdlərə şəkillər təqdim olunur və şagirdlərdə həmin şəkillər üzrə öz bilik və bacarıqlarını tələb olunan sahəyə daxil etməlidirlər. Məsələn, şəkil əsasında təsvir formalaşır və o təsvir əsasında da şagirdlər cümlələr qurub yazırlar. Daha sonra isə onların ümumi qiymətləndirilməsi aparılır. Sözsüz ki, bu dəyişikliklər baş verirsə, mütləq bu şagirdlərin nəticələrinə də təsir edəcək. Düşünürəm ki, bəzi 9-cu sinif şagirdlərin buraxılış imtahanındakı göstəriciləri elə də uğurlu olmayacaq. Ona görə də builki nəticələr ötən illərlə müqayisədə daha aşağı ola bilər”.

Onun sözlərinə görə, şagirdlərin yeni formata uyğunlaşması üçün kifayət qədər vaxt var: “Xarici dil fənnində olan yeniliklər həm ingilis, həm də digər xarici dillərdə müəyyən söz bazasının formalaşmasına, onların daha rahat cümlələr qurmasına gətirib çıxaracaq”.

Избранный
27
5
hafta.az

10Источники