RU

GÜNDƏM:Prezident İlham Əliyev bir neçə ölkənin prezidentlərini təbrik etdi, iş və istirahət günləri ilə bağlı dəyişikliklər edilib

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan vermişdir.

Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

* * *

Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

* * *

Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq firavanlıq arzulayıram".

* * *

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Fins.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olacaq, 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.

Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.

Избранный
8
8
fins.az

10Источники