RU

Əmək və sosial siyasət komitəsinin iclası keçirildi

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə Büdcə zərfində olan 5 qanun layihəsi daxildir.

Bunlar “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir.

Musa Quliyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə görülən işlər, bu sahənin həmişə diqqət mərkəzində saxlanılması, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər və icra edilən dövlət proqramları barədə danışıb. O, bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər 17 milyard manat nəzərdə tutulur ki, bu da Dövlət büdcəsinin 41 faizi deməkdir. Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi qəbul edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız hər il bu islahatlar zərfindən bəhrələnir.

Musa Quliyev qeyd edib ki, DSMF-nin büdcəsi imkan verir ki, əmək pensiyalarının orta aylıq məbləği gələn ildə 535 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 571 manata çatdırılsın. Büdcədə sosial müavinətlər üçün 198 milyon manat ayrılıb ki, bu da cari ildəkindən çoxdur.

Komitə sədri bildirib ki, 2025-ci il üzrə Dövlət sosial müdafiə fondunun büdcəsi artaraq 7,7 milyard manat proqnozlaşdırılır ki, bu, cari ilin büdcəsinə nisbətən 10,5% çoxdur.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun büdcəsi 261 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu və 2025-ci il üçün ehtiyac meyarının həddi bərabər olmaqla ölkə üzrə 285 manat təşkil edəcək.

Komitə sədri çıxışında Azərbaycanda özünəməşğulluq proqramlarının uğurla icrası, yeni iş yerlərinin açılması, həyata keçirilən aktiv məşğulluq tədbirləri, əhalinin pensiya təminatı barədə də fikirlərini açıqlayıb.

Sonra Musa Quliyev gündəliyin beşinci məsələsi olan “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verib.

O, bildirib ki, qanun layihəsi Vergi Məcəlləsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinin 150.6-cı maddəsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərtilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.

Sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Səttar Möhbalıyev, Vüqar Bayramov, Sevinc Hüseynova büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər. Nazir müavini Anar Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki 5 məsələnin hamısı ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Jalə Əliyeva, Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif: Şəbnəm Zahir
Избранный
69
8
teleqraf.com

10Источники