RU

"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla şərti sərhədə gedib "binokl şousu"nda iştirak etməsinə səbəb nə idi?

- Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında şərti sərhəd bölgəsinə səfəri təəssüf doğurur. Son zamanlar Avropa ölkələri tərəfindən düşünülməmiş, ikitərəfli əlaqələrə zərbə vuran addımlar atılır. Amma Polşa bunu etməməli idi. Çünki bu gün Azərbaycan-Polşa münasibətləri strateji əhəmiyyət kəsb edir. İki ölkə arasında mühüm əlaqələr var. Burada iqtisadi, siyasi münasibətlər vacib rol oynayır. Hazırda Polşada seçki kampaniyası dövrüdür. Belə bir uğursuz addımın atılması seçki kampaniyası dövründə dəstək almaqla bağlıdır. Eyni zamanda bu, ümumiyyətlə Avropa gedən proseslərlə birbaşa əlaqəlidir.

- Bakıda COP29-da iştirak edən ölkə başçısının az sonra şərti sərhədin o biri tərəfində dayanması hansı məntiqə əsaslanır?

- Bu gün dünya dövlətləri Bakıda keçirilmiş COP29-un yüksək təşkilatçılıq səviyyəsində baş tutmasından danışır. Artıq aparıcı dünya liderləri COP29-un uğurlu təşkilatçılığına görə, Azərbaycan Prezidenti İlham Əliyevə təbriklərini çatdırır. ABŞ Prezidenti Cozef Bayden də Prezident İlham Əliyevə təbrikində bu məsələləri qeyd edib. Amma bunun fonunda COP29 tədbirləri çərçivəsində Azərbaycana gələn Almaniyanın xarici işlər naziri Annalina Berbok burada seçki kampaniyası çərçivəsində öz “təbliğatı” ilə məşğul idi. Eyni yanaşma bu gün Polşa tərəfindən sərgilənir. Onlar nəyisə öyrənmək istəyirdisə, Azərbaycan hər cür şəraiti yarada bilərdi. Amma bunun əvəzində şərti sərhəddin o tərəfindən bu yana baxmaq, sadəcə olaraq ayıbdır. Belə addımlar əməkdaşlığa zərbə vurur.

- Bəzi Avropa ölkələrinin yanlış axında yer almasına səbəb nədir?

- Bu gün Avropada populizm baş alıb gedir. Onlar öz maraqlarını hansısa qrupların, təşkilatların, şəxslərin istəklərinə qurban verir. Faktiki olaraq bununla da öz milli maraqlarına ciddi zərbə vururlar. Arzumuz odur ki, bu kimi addımlar olmasın. Çünki belə bir məntiqsiz hərəkətlər sonrakı davranışlarda təəsüflə qeyd olunan amillərdəndir. İnanmaq olar ki, Polşa rəhbərliyi bu yanlışlığı başa düşüb, düzgün addımlar atacaq.

- Avropanın bəzi ölkələrinin öz maraqlarını şərti sərhəddə, Arazdəyəndə axtarması hansı məntiqlə izah oluna bilər?

- Bunlar Avropa Birliyinin və Avropa ölkələrinin içərisində trendə çevrilmiş olan guya demokratik dəyərləri dəstəkləyib Ermənistana getməklə bunu sübut etmək istəyirlər. Onlar Ermənistanda olmaqla “demokratik” dəyərlərə dəstək vermək anlayışlarını eyniləşdirir. Burada sözsüz ki, erməni lobbisinin təsiri var. Eyni zamanda bu Avropa daxilində olan qüvvələrin işidir. Fakt odur ki, milli maraqlar qurban verilməklə şəxsi iddialar üstün tutulur. Bayden adminstrasiyası, Almaniya, Polşa eyni ssenari ilə getdi. İndi isə Bayden səhbədən uzaqlaşır, Almaniyada iqtidar iflasa uğrayıb. Polşa xalqı da sözsüz ki, bu kimi populist addımları dəstəkləməyəcək.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
42
2
teleqraf.com

3Источники