RU

Ermənilər Polşa kimi böyük bir dövlətin prezidentindən özlərinin çirkin təbliğatında alət kimi istifadə edirlər - ÖZƏL

"Polşa prezidentinin müvafiq xəbərdarlıqlara baxmayaraq bu hərəkəti etməsi əlbəttə ki, qeyri-etikdir. Mən şəxsən dünəndən Ermənistan mediasını da, rəsmilərin münasibətini də izləyirəm". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Ermənilər toy-bayram edirlər, bundan özləri üçün bir təbliğat kampaniyası düzəldiblər. Bunun ətrafında əməlli-başlı hay-küy salmağa, ajiotaj yaratmağa çalışırlar. Yəni faktiki olaraq Polşa prezidentini "günah keçisi"olaraq istifadə edirlər. Bunu bilə-bilə Polşa kimi böyük bir dövlətin rəhbəri ora getməməli idi, o bunu hesablamalı idi. Başa düşməli idi ki, münaqişə tərəflərinə bərabər məsafədə dayanmaq lazımdır. Ermənistana gəlir, buna heç nə demirik. Müstəqil bir dövlətin prezidenti gələ bilər, şəxsi işidir. Azərbaycan heç bir irad bildirmir və bildirə də bilməz. Amma gəlib oradan  dırnaqarası binokl diplomatiyası ilə məşğul olmaq, Azərbaycan ərazilərinə  müşahidə mövqeyində şəkil çəkdirmək, görünmək, ətrafı seyr etmək, bütün bunlar əlbəttə ki, məqbul deyil, qəbuledilməzdir. Ona görə də Azərbaycan dövləti rəsmi şəkildə onlara  etirazını bildirdi. Sadəcə, işin təəssüfləndirici tərəfi odur ki, bu xəbərdarlıqlar əvvəlcədən edilib və onlara izah edilib ki, bu səfər, yəni sərhədə gəlmə olarsa, ermənilər bundan necə istifadə edəcəklər. Bu gün ermənilər Polşa kimi böyük bir dövlətin prezidentindən özlərinin çirkin təbliğatında kiçik bir alət kimi istifadə edirlər. Polşa dövlətinin rəhbəri bu səviyyəyə enməli idimi? Enməməli idi. Üstəlik də Azərbaycan Polşa ilə normal münasibətlərə sahibdir. Biz ümumiyyətlə, Polşa ilə münaqişə vəziyyətində olmamışıq, deyilik, olan da deyilik. Yəni bizim elə bir niyyətimiz də yoxdur. Biz əksinə, yaxınlaşmaq istəyirik. Belə bir şəraitdə, bir ölkənin prezidenti niyə o neytrallığı pozmalıdır? Niyə belə səhvə yol verməli, özünü təbliğat alətinə çevirməli və bu cür təpkiləri üzərinə almalıdır? Bunu anlamaqda şəxsən mən çətinlik çəkirəm və əlbəttə ki, Azərbaycan dövləti təmkinli davranacaq. Yəni biz bu məsələyə görə Polşa ilə münasibətləri pozan deyilik. Amma əlbəttə ki, ona mövqeyimizi  bildirdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники