RU

BOKT-ların nizamnamə kapitalı 3 dəfə artırıldı- Mərkəzi Bankın niyyəti nədir...

Image

Əkrəm Həsənov: “Kapitalın artması borc alanların marağına toxunmur”

Mərkəzi Bankın İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nı təsdiq edib. Yeni qərara əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. 

Bu tələb nəyə hesablanıb? Əsas məqsəd vətəndaşları, yoxsa BOKT-ları qorumaqdır?

“Nizamnamə kapitalının artırılması kreditorların hüququnu qorumağa yönəlib”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nizamnamə kapitalının artırılması kreditorların hüququnu qorumağa yönəlib: “Kreditor deyəndə borc alan yox, borc verən nəzərdə tutulur. Bu baxımdan da bank olmayan kredit təşkilatları vətəndaşlara da kredit verir. Kapitalın artması borc alanların marağına toxunmur”.

Ekspertin sözlərinə görə, banklar kredit verir, əmanət qəbul edir, hesablar açır, köçürmələr həyata keçirir, nağd əməliyyatlar aparır və valyuta mübadiləsi ilə məşğul olur: “BOKT-lar isə kredit vəsaitini əksər hallarda elə banklardan alırlar. Bu da onların kredit faizlərinin nisbətən yüksək olmasına səbəb olur. Əhali BOKT-lara, əsasən banklardan kredit ala bilmədikdə müraciət edir. Banklar kredit verməkdən imtina etdikdə vətəndaşlar son çarə olaraq lombardlara üz tuturlar, lakin lombardların faiz dərəcələri daha yüksək olur. Onu da deyim ki, dünyada BOKT-ların əsas fərqi yalnız əmanət qəbul etməmələridir. Lakin xarici təcrübədə bu təşkilatlar həm pul köçürmələri, həm valyuta mübadiləsi, həm də kassa əməliyyatları ilə məşğul ola bilirlər. Azərbaycanda isə bu funksiyalar məhdudlaşdırılıb, bu da sağlam rəqabətin qarşısını alır. BOKT-ların daha effektiv fəaliyyət göstərə bilməsi üçün onların səlahiyyətlərinin artırılması zəruridir. BOKT-ların ixtisaslaşması üçün onların hüquq və funksiyaları müəyyən qədər genişləndirilməlidir. Bu addım həm rəqabəti gücləndirər, həm də maliyyə bazarında balans yaradardı”.

Günel CƏLİLOVA





Избранный
10
baki-xeber.com

1Источники