RU

“Bəli, mikrofon danışmaq üçündür, amma...”

Milli Məclisdə aparılan müzakirələr, ələlxüsus da son iki gün ərzində Plenar iclaslarda səslənən fikirlərlə bağlı fərqli mövqelər, mülahizələr mövcuddur. Dünəndən etibarən demək olar, bütün ictimai-siyasi sektor bu barədə danışır. Odur ki, düşündüm, mən də məlum kontekstdə öz yanaşmamı dəyərli oxucularla bölüşüm. 

Bəzən oxşar suallarla çox qarşılaşıram ki, müxalif partiyanın rəhbərisənsə, niyə çıxışlarında iradlara, tənqidlərə, kəskin ifadələrə yer ayırmırsan? 

Hərzamankı cavabım belədir: Müxalifətçilik tənqid xətrinə tənqid eləmək deyil. Müxalifətçilik sözü hörmətdən salmaq, artistlik etmək deyil. Müxalifətçilik qəzet manşetlərinə çıxmaq, xəbər başlıqları üçün gözəgəlimli material istehsal etmək deyil. Müxalifətçilik Əli Kərimlinin, Qənimət Zahidin, Sevinc Osmanqızının, Tural Sadıqlının jarqonları, leksikonu, hətta bəzən dialekti ilə xitab etmək deyil. Müxalifətçilik başımız üzərində bu qədər riyakar buludun var olduğu, antı-Azərbaycan rüzgarının əsdiyi məqamda balta sapına çevirilmək, "ələkçinin qıl verəni” obrazında zühur etmək deyil...

Müxalifətçilik – dövlətin və millətin maraqları tələb etdiyi anda lazım gələrsə elə məhz iqtidar düşüncəsi ilə hərəkət etməkdir, iqtidarla bütövləşməkdir, iqtidarlaşmaqdır!

Bundan öncəki çağırışda bir ahıl həmkarımız vardı. Milli Məclisin tarixində ondan imkanlı, ondan varlı, ondan zəngin kimsə olmayıb. Otelləri, obyektləri qalsın bir yana, yuxarı təzyiqi 120 yox, 123 olanda çarter reyslə üzü İstanbula uçurdu. 

Amma bir də onun mikrofon önündə və Mehmankimilərin canlı efirində sərgilədiyi manevrlərə, aldığı simaya, imitasiya etdiyi "aydan arı-sudan duru” obrazına baxaydınız...Adam zamanında tender kralı olmuşdu, amma dövlətin tender siyasətini "vururdu” və niyə vururdu? Çünki artıq əli oralara "girmirdi”. Çünki artıq bu sahədə tam şəffaflıq vardI. Çünki artıq "tuşenka”larını 5 qat qiymətinə haralarasa, kimlərəsə sata bilmirdi...

Və ən böyük nonsens də bu idi ki, sosial şəbəkələr üçün, populizmlə nəfəs alanlar, qidalananlar üçün o olurdu "yaxşı oğlan”, qalan hamı isə pis...

Bəli. Mikrofon danışmaq üçündür. Fəqət, o mikrofondan əvvəl sorğu var, yazılı müraciət forması var, məktublaşma var, dövlətin verdiyi hökümət telefonu var – sözün, iradın, təklifin, tənqidin varsa ilk öncə onlardan istifadə etməlisən. Və yalnız bütün vasitələr tükənəndə, köməyə çatmayanda – köklənməlisən mikrofona! 

 

Pupulizm 2 vur 2-dir, əzizlərim! Populizm hamının bacardığı, fəqət hər kəsin  özünə rəva bilmədiyi, yaraşdırmadığı bir işdir, əzizlərim! Bir neçə həssas mövzuya toxun, sözlə oyna, dona gir və bir anın içində çevril ol, qəhrəman!. Amma saxta qəhrəman. Lazımsız, lüzumsuz  qəhrəman. Düşmən dəyirmanına su tökən qəhrəman...    

 

Hə, zamanında biz də tənqid edirdik. Etmişik. Və haqqına! İndi isə cəsarətlə və səmimiyyətlə deyirəm ki, həmin haqqı özüm üçün tanımıram. İndi Qarabağda soyuğun, boranın, şaxtanın, qarın içində + yüz cür əziyyətlərə sinə gələrək əzəli torpaqlarımıza elektrik enerjisi, qaz boruları çəkən insanları, onların mənsub olduğu qurumları tənqid edə bilmirəm. İndi sosial sferada korrupsiyanın kökünü kəsənləri, əsl, haqqı olan pensiyaçılara əl uzadanları, şəhid və qazi ailələrinə öz ailəsi kimi yanaşanları tənqid edə bilmirəm.İndi bir zəngimlə, bir sözümlə, bir məktubumla seçicimin haqqını qorumağa, problemini həll etməyə vəsilə olanları tənqid edə bilmirəm!

İndi...mənim müxalifətçi kimi əsas missiyam və vətəndaş öhdəliyim dövlətimi deyil, dövlətimə qarşı çıxanları hədəf almaq, qələbəmizə, zəfərimizə, inkişafımıza xor baxanların başı üzərindən demokl qılıncı kimi asılmaq, Azərbaycanın, azərbaycanlının onurğa sütununa ilk fürsətdəcə zərbə endirməyə hazır olan namərdləri, yaramazları, radikalları, qaraguruh ünsürləri ifşa etməkdir.

Dövlətim də, Prezidentim də mənim baş tacımdır!

Bunu məhz müxalifətçi kimi deyirəm.

 

Və...kimin başqa sualı varsa, cavablandırmağa hazıram.... 

 

Elşən Musayev,Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Избранный
17
3
ulusum.az

4Источники