Süni intellekt (Sİ) texnologiyalarının inkişafı bir çox sahədə avtomatlaşdırmanın və optimallaşdırmanın artmasına səbəb olub.
Bu, bəzi iş növlərində insanların yerinə Sİ-nin keçməsinə gətirib çıxara bilər.
Maraqlıdır, süni intellekt hansı sahələrdəki işçiləri sıradan çıxaracaq?
Bu barədə Hit.az-a açıqlama verən texnoloq Aydın Rüstəmov bildirib :
“Süni intellekt məlumat emalı, analizi və hesablamalarla bağlı işləri sürətləndirə və avtomatlaşdıra bilər. Məsələn, statistik məlumatların təhlili, hesabatların hazırlanması və verilənlər bazasında axtarışlar bu kateqoriyaya daxil olur. Müştəri xidmətləri və texniki dəstək kimi sahələrdə, chatbotlar və süni intellekt əsaslı xidmətlər insanları əvəz etmə ehtimalı var. Məsələn, call-center işçiləri, Sİ-nin avtomatlaşdırılmış cavab sistemləri ilə əvəzlənir.
Süni intellekt, xəbərlər, məqalələr, reklam mətnləri, hətta musiqi və sənət əsərləri yaradılmasında istifadə edilə bilər. Bu, bəzi yazıçılar, jurnalistlər və dizaynerlər üçün təhdiddir”.
Murad