RU

17 həkimdən biri danışdı: "İmzamızı atdıq, sonra o sənəd necə oldu, hara getdi..." - Müsahibə

Tibb elmləri üzrə fəlsəfə doktoru, plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Dilqəm bəy, plastik cərrahiyyə sahəsində uzun illərdir baş verən acı olaylar son günlər daha çox diqqət çəkməyə başlayıb. Bu sahənin mütəxəssisləri ilə bağlı söhbətimdə ilk sualım bu olur: plastik cərrahi əməliyyatları kimlər etməlidir?

- Plastik cərrahlar... Onlar isə plastik cərrahiyyə sahəsində sənədi olan cərrah həkimlərdir. Bizim səhiyyədə iki sistem var: biri 2011-ci ilə qədər olan, digəri 2011-ci ildən sonrakı sistem. Bunu bir az açmaq istəyirəm. 2011-ci ilə qədər oxumuş insanlar 6 illik bakalavr sistemində müalicə işi fakültəsini bitirdikdən sonra bir il internatura, iki il klinik ordinatura, 3 il aspirantura və sonradan tibb üzrə elmi dərəcə almaq üçün beş il də doktarantura mərhələsini keçməli olurdular.

İnternatura mərhələsindən sonra əsgərliyə gedən adamlar iki illik klinik ordinatura keçmirdi, internaturadan sonra dərhal aspiranturaya qəbul ola bilirdi, ardınca isə tibb elmləri namizədi, tibb üzrə fəlsəfə doktoru adını almaq üçün doktarantura mərhələsi başlayırdı. Yəni 6 illik müalicə işindən sonra 9 il də bu mərhələləri keçmək gərəkliydi. Tez-tez deyirlər: “Mən Avropada, Amerikada cərrah olmaq üçün 14-15 il oxudum”. Elə buradakı həkimlər də o qədər oxuyublar.

2011-ci ildən sonra ölkəmizdə Avropa təhsil sistemi - rezidentura tətbiq olunmağa başladı, qonşu Türkiyədə buna uzmanlıq deyirlər. Amma ümumdünya adı rezidenturadır. Rezidenturada həmin o illəri (1 internatura, 2 il klinik ordinatura, 3 il aspirantura) birləşdirib 5 ilə endirdilər. Yəni 6 ildən sonra 5 il əlavə oxuyub təhsili başa vurub ixtisaslı həkim olursan. Tibb üzrə fəlsəfə doktoru, dosent, sonradan professor olmaq istəyənlər yenə 4, yaxud 5 il doktorantura oxumalıdı.

Bir sözlə, 6 illik müalicə işindən sonra 5, yaxud 9 illik mərhələni keçən biri artıq ixtisaslı həkim hesab olunur və plastik cərrahlıqla məşğul ola bilirlər.

Bir məsələni sizin diqqətinizə xüsusilə çatdırmaq istəyirəm. İnsanlar bu məlumatı bilmədiklərinə görə qarışıqlıq da məhz burdan yaranır. 2008-ci ilə qədər ölkədə işə qəbul olunan zaman vakant yerlərdə plastik cərrah sözü yazılmırdı, sadəcə cərrah qeyd olunurdu. Bu söz 2008-ci ildə əlavə olundu.

Rezidenturanun tətbiqinə qədər həmin plastik cərrah sözü yazılan vakant yerlərə ümumi cərrahları qəbul edirdilər. Hansı ki, onlar plastik cərrahiyyədən kurs keçib, bilgilərə malik idilər. Ümumiyyətlə, əvvəllər plastik cərrahiyyə şöbələri, leksiyaları, əməliyyatları ümumi cərrahiyyənin içində olurdu.

2011-ci ildə ölkə üzrə ilk rezidentimiz qəbul olundu və xaricə gedənlər də var idi. Həmin il qəbul olan rezident birbaşa həkim işləyə bilməzdi, hələ beş il də oxumalı idi. Hesablasaq həmin şəxslər 2016-cı ildə rezidenturanı bitirib, işləməyə başlayacaqdılar.

Amma o vaxta qədər xəstəxanalar açıldı, oradakı yerlərdə kimsə işləməliydi ki, tələbat təmin olunsun. O baxımdan plastik cərrah sözü qeyd olunan həmin vakant yerlərə ümumi cərrahları, yaxud xaricdə təhsil almış rezidentləri qəbul edirdilər. Və bu proses 2018-ci ilin üçüncü ayına qədər davam etdi.

Çünki 2016-ci ildə rezidentlər təhsillərini bitirdilər, 2017-ci ildə baza yaranmağa başladı, yerli xəstəxanalara göndərilmək üçün əmrlər hazırlandı və proses 2018-ci ilin üçüncü ayına qədər davam etdi.

2018-ci ilin üçüncü ayından sonra plastik cərrahiyyə vakant yerlərinə qəbul olunanlar rezidenturanı bitirmiş plastik cərrahlar, bir də 2018-ci ilin üçüncü ayına qədər vakant yerə, yəni plastik cərrah yerinə qəbul olunmuş ümumi cərrahlardır. Bu, qanunda da var.

2018-ci ilin üçüncü ayına qədər işə qəbul olunmuş həmin o ümumi cərrahlar, yaxud rezidentlər yalnız 5 ildən sonra sertifikasiyadan keçə bilərlər. Deməli nə oldu? 2018-ci ilin 3-cü ayının üzərinə 5 il əlavə edirik. Bu halda 2023-cü ilin 3-cü ayına qədər verilmiş, alınmış bütün plastik cərrahiyyə üzrə sertifikatlar (həm rezidenturanı bitirənlər, həm ümumi cərrahiyyəni bitirib kurs keçənlər) hamısı qanuni hesab olunur. Burda incə detal budur. Anlaşmazlıq da bundan yaranır.

Azərbaycan bir çox sahələrdə keçid mərhələsini yaşayır, biz inkişaf edən dövlətik və bu mərhələdə təbii şəkildə suallar ortaya çıxmalıdır. Bunu hər kəs çox sakit, ortaq məxrəcə gələrək həll etməlidir. Bu, xidmət sahəsidir. Vətəndaş xəstəxanaya, həkimə gələndə qorxmamalıdır.

- Amma indi insanlar şübhə edir, qorxur.

- Qorxunu hər kəs əl-ələ verərək sakitləşdirməliyik.

- Dilqəm bəy, siz məsələnin sakit, ortaq məxrəcə gələrək həll olunmasını deyirsiniz, amma mediada yayılan xəbərlərdə 17 plastik cərrahın birləşərək 50-yə yaxın həmkarından hüquq-mühafizə orqanlarına şikayət etməsi məsələsi gündəmə gəlib. Yayılmış akt sənədində sizin də adınıza rast gəldim. Bu halın olması əslində ajiotaj və SOS halı deyilmi?

- Orda böyük yanlışlıq var. Sizin də bu məsələyə obyektiv yanaşmağınızı istəyirəm. O sənəd-akt şikayət məqsədilə tərtib olunmuş sənəd deyil.

Ölkəmizdə uzun illərdir fəaliyyət göstərən Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi mövcuddur. İldə bir dəfə bu sahənin biliciləri toplaşır, fikir mübadiləsi aparırlar. Birliyin sədri professor Vaqif Qələndərlidir, təxminən 30-a yaxın üzvü var.

O akt sənədində qeyd olunan adlar həmin gün birliyin iclasına gələn insanların siyahısıdır. Fikir versəniz, əlyazma ilə yazılıb. Əlyazma formasında hər hansı sənədin hüquq-mühafizə orqanlarına verilməsi məncə, qanuni deyil.

Bizim həkimlərlə heç bir işimiz yoxdur, o iclasda həkim olmayanların məsuliyyətsizliyindən danışmışıq. Biz vətəndaşların təhlükəsizliyini qorumaq üçün nə edə bilərik deyə həll yolları axtarırdıq.Ona görə ki, qeyri-qanuni fəaliyyət göstərən şəxs və müəssisələrin gördüyü işlərdən sonra sepsislərlə, sağalmayan yaralarla üz-üzə qalan, toxumasının bir hissəsini itirmiş insanların sayı həddən artıq çoxdur. Mən bunları sosial şəbəkələrdə dəfələrlə qeyd etmişəm. Bunun qarşısını alaq, necə edək ki, tibbi xidmətimiz sağlam olsun, insanlar başa düşsünlər ki, bunları steril, xəstəxana şəraitində etmək lazımdır.

"Podval"da, əlverişsiz yerlərdə əməliyyat etmək olmaz. Ora toplaşmaqda da məqsədimiz bunu insanlara başa salmaq üçün atılacaq addımları müzakirə etmək idi və o sənədə də onda imza atdıq. Orda həkim və xəstəxanaları şikayət etmək barəsində söhbət etməmişik. O sənəd sonra hara getdi, necə oldu, kim hara ötürdü, siyahını kim tərtib etdi - bütün bunlardan bizim də xəbərimiz yoxdur.

- Sizcə, çıxış yolu nədir?

- Ən yaxşı yol ciddi maarifləndirmədən keçir. Mətbuat, dərnəklər, rəsmi söz deyə bilən tibbi portallar, informasiya mərkəzləri daim vətəndaşlara bu haqda məlumat verəcək və bu məsələlər tədricən aradan qalxacaq. Xilas yolu budur.

- Maariflənmədə nələr əksini tapmalıdır? Bir şəxs əməliyyat etdirməlidir və o, həkimin peşəkar olduğunu necə aydınlaşdırmalıdır?

- Vətəndaş cərrahi əməliyyatın yalnız cərrahi əməliyyat icazəsi olan özəl və dövlət xəstəxanalarında olması gərəkdiyini bilməlidir. Vətəndaşa başa salmaq lazımdır ki, cərrahi prosedura nədir, hardan başlayır və necə olur... Bunun üçün öncədən analizlər verilməlidir. Tək cərrahdan başqa funksional müayinələr olunmalı və digər sağlamlıq göstəriciləri müəyyənləşdirilməlidir.

Cərrah və onun komandasının digər üzvləri sənin əməliyyatına baxmalı və rəy verməli, başa düşməlisən ki, xəstəxanaya gəlmisən, buranın əməliyyatxanası var, səni əməliyyat edən həkimdi. Belə olan halda sən öz əməliyyatına razılıq verə bilərsən. Vətəndaşın məlumatlandırılmağı buradan başlamalıdır.

Bu məsələdə vətəndaşın da günahı var. O bilməlidir ki, gözəllik salonları əməliyyat etmək iqtidarında olan yer deyil. Orda gözəlliyə məxsus manipulyasiyalar edə bilərlər, amma əməliyyat yalnız cərrahiyyə əməliyyat bloku, cərrahi əməliyyat şöbələri olan xəstəxanalarda edilə bilər. Öncə bu suallara cavablardan başlayıb digər mərhələlərə keçid etmək lazımdır.

- Estetik əməlliyyatlarda hüdud varmı? Ölkəmizdə üz dəyişdirmə əməliyyatları həyata keçirilirmi?

- Biz qısa olaraq plastik, yaxud estetik cərrahiyyə deyirik. Amma adı plastik-rekonstruktiv və estetik cərrahiyyədir. Burda xərçəng cərrahiyyəsindən tutmuş siz dediyiniz kimi cild dəyişmək, üz dəyişmək, transplantalogiya sahəsinə qədər hər şeyi əhatə edir. Mindən çox əməliyyat növləri var. Bura anadangəlmə dovşandodaqlılıq, qurdağızlığın bərpası, yanıqdan sonrakı cərrahiyyə, xərçəngdən, travmadan sonra yaranmış deffektlərin bərpası, kəsilmiş yaraların bərpası, əməliyyatdan sonra funksiyası pozulmuş orqanların bərpası və sair daxildir. Təəssüf ki, bunlar unudulub.

Biz ancaq işin şou tərəfini insanlara başa salmağa çalışırıq. Yəni piy çəkib, piy vurmaq, dodaqdan gel çıxartmaq, süd vəzisini böyütmək – bunları önə çəkərək plastik cərrahiyyəni məhdudlaşdırırıq. Belə başa düşülməsinə şərait yaradırıq.

Azərbaycanda üz dəyişmə əməliyyatına gəlincə, mən də elə əməliyyatlar etmişəm. Fasial plastik, yəni üz yanıqlarından sonra üzün bir hissəsi itib, onları rekonstruksiya etmək, fasial üz gəncləşdirmə, fasial üz bərpası əməliyyatlarım olub. Amma total üz köçürmə hələ ki Azərbaycanda icra olunmayıb. Transplantalogiya qanunları dəqiqləşib, qəbul olunub, böyrək, qaraciyər köçürmələri həyata keçirilir, güman ki, bir azdan plastik cərrahiyyədə də bu sahələr olacaq. Və bu əməliyyatlar da bizim peşəkarlar tərəfindən icra olunacaq.

- Çox zaman deyirlər ki, dolğu və botoks estetik cərrahiyyə sayılmır.

- Xeyr, sayılır, plastik cərrahiyyədə ona ineksion implantlar deyirlər. Protokola görə, dərinin içinə, dərinin altına, əzələnin altına, sümüyün üstünə vurulan bütün dolğu materiallarını ixtisasca yalnız plastik cərrahlar və ixtisasca dermatoloq-həkimlər edə bilərlər. Dermatoloqlar, yaxud kosmetoloqlar həkim olmalıdırlar. Kosmetologiya dermotologiyanın və plastik cərrahiyyənin bir sahəsidir.


Müəllif: Nərmin Muradova
Избранный
18
teleqraf.com

1Источники