RU

“Dünyanı şər qüvvələr qarşısında gücsüz gördüm….” – Yazarlar üçün bu il nə ilə yadda qaldı?

Başa çatmaqda olan 2024-cü il bütün dünyamız üçün çətin oldu. Biz Şərqi Avropada davam edən müharibənin, Yaxın Şərqdə yeni hərbi əməliyyatların başlanmasının, miqyası və ölümcüllüyünün şahidi olduq. Dəhşət saçan zəlzələlər, sellər, meşə yanğınları, iqlim dəyişikliyinin şahidi olduq. Ancaq 2024-cü il, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə yadda qaldı. Vətən həsrəti çəkənlərin nisgilinə sevinc göz yaşları çilədi.

Tribunainfo.az-ın sorğusunu cavablayan yazıçılarımız üçün görək 2024 nə ilə yadda qalıb?

Kəramət Böyükçöl

Həmişə mən yeni ilə keçirdim, bu dəfə yeni il mənə keçirtdi. 🙁

Təranə Vahid

2024-cü il bütün dünyada səksəkəli il kimi yadda qaldı. Ümidlə ümidsizlik arasındakı çırpınırlar sözsüz ki, yaradıcı insanlara da təsir elədi. Belə bir vaxtda “Ədəbiyyat insanlara lazımdırmı?” sualı ortaya çıxır. Amma bütün olanlara rəğmən, yenə də yaradıcılıq son sığınacaqdır.
Bu il “Azərbaycan” jurnalında yeni hekayələrim çap olundu. Bir neçə hekayəm rus dilinə tərcümə olundu. Bu ilin yaddaqalan hadisələrindən biri də Azərbaycan Dövlət Radiosunun “Bulaq”verilişi ilə bağlıdır. Uşaq vaxtı kənddə “Bulağa” qulaq asardıq. Arzulayardım ki, nə vaxtsa “Bulaq” verilişinin ssenarisini yazım. Uzun illərdən sonra arzum gerçəkləşdi. Keçən həftə ssenarim əsasında hazırlanan veriliş efirə getdi. “Bulaq” verilişinin 55 illik tarixində ilk qadın yazar idim ki, “Bulağ”a ssenari yazırdım.
Ümid edək ki, 2025-ci il yaradıcılıq baxımından hamımız üçün daha uğurlu il olacaq.

Qan Turalı

Mənim üçün cari il ən çox “Gündəlik” serialı ilə yadda qaldı. Düzdür, serial keçən il istehsal olunmuşdu amma bu il efirə getdi. Mənim üçün də qələm təcrübəsi kimi çox maraqlı idi. Həm kinematoqrafik, həm də ictimai rezonans baxımdan mən elə hesab edirəm ki, bu il mənim üçün ən uğurlusu budur. Bir də “Fəlsəfənin qısa tarixi” adlı bir kitab tərcümə etmişəm. İki şeyi qeyd edə bilərəm.

Könül Arif

Şeirlər mənə eskiz kimi gəlirdi və mən onu yadımda saxlayıb sonra da əyləşib onları yazırdım. Ağlıma gələndə həmin o eskizi tez bir vərəqə, elektron fayla köçürmək mənim üçün çətin deyildi. Amma ana olandan sonra bu eskizlər elə eskiz olaraq illərdir ki, qalırdı.
2024-cü il mənə artıq o eskizləri “yadda saxlayım, sonra yazaram”, – yox, ağlıma gələn kimi dərhal, nə olur olsun oturub yazmaq vərdişini, yazmaq qərarını vərdişə çevirməyi öyrətdi. Mən daha eskiz anbarı yaratmadım. Çünki o anbardan heç nə tapmaq olmur. Adam unudur. Ancaq bu il artıq mən ən vacib işin ortasında da əgər mənə gəlirsə yazmaq istəyi mən artıq oturub onu yazıram. Belə bir məsuliyyəti vərdişə çevirdim.

Şərif Ağayar

Yayda Laçına – kəndimizə gedib 5 gün orda qaldım, oğlum Rəşad hərbi xidmətdən gəldi, Aşıq Ələsgər və ümumən irfan şeirləri ilə bağlı düşündüklərimi bir kitab kimi yazdım, Rasim Qaraca məni dostluqdan çıxartdı və nəhayət, dörd ildir üstündə işlədiyim romanı bitirdim… İlk yada düşən bunlardır. Yəqin elə ilk yada düşən ən əhəmiyyətliləridir. Yeni iliniz mübarək!

Sara İbrahim

2024-cü il mənim üçün “düşərli il oldu” deyə bilərəm. İlin əvvəlindən başlayaraq yeni hekayələrim kulis.az saytında yayımlandı. Buna qədər iki ilə yaxın idi ki, yaradıcılığımda durğunluq dövrü yaşayırdım.
Çoxdan başladığım, müəyyən səbəblər üzündən yarımçıq qalmış yeni romanımı yazmağa başladım və cəmi üç aya bitirdim. Yeni romanımın redaktəsi də ürəyimcə oldu; bu işin peşəkarı olan yazıçı dostum əsəri redaktə etməyə razılaşdı.
2024-cü ildə daha bir yaddaqalan hadisə, türkcəyə çevrilmiş “İldırımla doğulmuş” romanımın Türkiyədə çap olunmasıdı.

Rasim Qaraca

2024-cü ildə daha bir neçə dostumu itirdim, görüşdüyüm insanların dairəsi bir az da daraldı. Yeni tanışlıqlara can atmıram, köhnələr isə azalır. Qəribədir ki, özüm də tək qalmağa can atıram. Hələlik bu ilin əlaməti mənim üçün budur.

Sahilə Yaya

2024-cü il yadımda çətinlikləri ilə qalacaq. Hətta istərdim ümumiyyətlə yadımda qalmasın. Mənə elə gəldi ki, 2024 məhz mənfi enerjili adamların ilidir. Yaxşı insan kimi tanıdığım bir neçə tanışım, dostum da bu ili çətinliklərlə üzləşə-üzləşə başa vurmaqdadır. Dünyadan danışsam, Qəzzada, Ukraynada baş verənlərə üzüldüm. Dünyanı şər qüvvələr qarşısında gücsüz gördüm.

İlqar Rəsul

Əgər hansısa gözlənilməz hadisə baş verməsə, bir yazıçı kimi 2024-cü il mənimçün əsasən yeni romanımı yazıb bitirməyimlə yadda qalacaq.
“Günəşdən o yanda” adlanan bu utopik fəlsəfi romanı 2014-cü ildə yazmağa başlamışdım. Sonra fasilə vermişdim. Nəhayət ki, 10 il sonra bitirdim.
Bu günlərdə nəşr olunacaq. Ona görə də ədəbi yaradıcılıq baxımdan bu ili özüm üçün məhsuldar hesab edirəm.

Bircə

İl mənə çox uğurlu oldu. Şəxsi zəmində. Başqa nə deyim ki? Üçüncü kitabım nəşr olundu, öz hesabıma.
Ədəbi cameədə elə bir uğurum olmayıb, vallah.

Cəlil Cavanşir

2024-cü il mənim üçün daha çox maddi sıxıntılar, əsəb gərginliyi, stress, depressiya, müalicə, xəstəlik kimi yadda qaldı. 2024 haqqında yaxşı heç bir fikrim yoxdur. Həyatımın ən bərbad ili deyə bilərəm. 40 yaşımı çox bərbad yaşadım. 2025-ci ildən də elə ciddi bir şey gözləmirəm. Yenə də Allah kərimdir.

Azad Qaradərəli

2024-cü il mənim üçün çox böyük bir yaddaş hadisəsi oldu. Çünki bu il mənim 70 yaşım tamam oldu. Mən yalnız özümə güvənən yazıçılardanam. Heç bir ittifaqın, birliyin üzvü olmayan yazıçılardanam. Ona görə də qələm dostlarımın, oxucularımın, tələbələrimin, yaxınlarımın iştirakı ilə yubiley tədbiri düzənlədik. Tədbirdə 80-ə yaxın adamın iştirakı ilə maraqlı bir tədbir keçirildi.
Eyni zamanda mənim əsərlərimin, külliyatımın çapına qərar vermişik. Daha doğrusu bu proses keçən ildən başlamışdı. Bu il çox böyük sürətlə irəlilədi.
Mənim haqqımda bu il iki kitab çap olundu. “Azad Qaradərəlinin söz aləmi” adlı 600 səhifəlik kitabdır ki, mənim haqqımda indiyə qədər yazılanlar orada toplanıb. Bir də qələm dostum Vaqif Osmanlının “Sözün azadı” adlı bir kitabı d çapdan çıxdı. Bu kitab da mənim 70 illiyimə bir hədiyyə idi.
70 illiyimə ən böyük hədiyyə mənim Zəngilana səfər etməyim oldu. Mən özümə və dostlarıma söz vermişdim ki, 70 illiyimin son tədbiri Zəngilanda keçirəcəyik. Zəngilanın mərkəzində, Ağalı kəndində, dağıdılmış Pirçivan şəhərində olduq. Sonra isə Qaradərəyə getdik. Mən orada öz evimdə oldum. Əllərimlə tikdiyim, başa gətirdiyim və direktor işlədiyim məktəbdə oldum. Bir sözlə 2024-cü il mənim həyatımda çox yaddaqalan və doğma bir il oldu. Arzu edirəm ki, xalqımızın həyatında da bu il və qarşıdan gələn il gözəl, yaddaqalan illərdən olsun.

Hazırladı: Dəniz Pənahova

Избранный
13
36
tribunainfo.az

10Источники