RU

Gürcüstanda nə baş verir? - Proseslərin pərdəarxası...

Gürcüstanda yenə aksiyalar keçirilir. Tbilisidə Baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlük müzakirələrinin 2028-ci ilə qədər təxirə salınması ilə bağlı qərarına etiraz edən aksiya davam edir. Dünən gecədən başlayan etirazlar bu gün də gərginliyini qoruyub saxlayır. Baş nazir Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə bağlı qərarını etirazla qarşılayan və parlament binasının girişlərini bağlamağa çalışan nümayişçilərə polis müdaxilə etməli olub. Bəzi nümayişçilər parlamentin əsas girişində qurulan dəmir maneələrə müxtəlif əşyalarla zərər verməyə çalışıb, binanın digər tərəfini mühasirəyə almağa cəhd edərkən polis ilə toqquşmalar baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri nümayişçilərə əvvəlcə su şırnaqları ilə müdaxilə edib. Etirazçılar da müxtəlif əşyalar atmaqla cavab verdikdə, polis gözyaşardıcı qazdan istifadə edib. Polisin müdaxiləsi nəticəsində geri çəkilən nümayişçilər parlament binasına yaxın Şota Rustaveli küçəsini bağlayaraq barrikadalar qurublar. Yerli mətbuatın məlumatına görə, hadisələr zamanı bir neçə nəfər saxlanılıb.

Tiflis küçələrində müşahidə olunan bu proseslər sadəcə daxili narazılıqların ifadəsi olmaqdan daha çox, Qərbin bölgədə rəngli inqilab ssenarisinə bənzəyir. Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Avropa Birliyi ilə müzakirələrin 2028-ci ilə qədər təxirə salınması barədə qərarı fonunda baş verən aksiyaların xarici müdaxilənin nəticəsi olduğu görünür.

Məlum məsələdir ki, Gürcüstanda 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələri, xüsusilə Qərbin istədiyi kimi olmadı və bəzi beynəlxalq təşkilatlarında narazılıq doğurub. İqtidarda olan Gürcü Arzusu Partiyasının 53,93% səs topladığı bu seçkilər müxalifət və Qərb dairələri tərəfindən ciddi qanun pozuntuları ilə müşayiət olunduğu iddiaları ilə hədəfə alınıb. Bu narazılıq Avropa Parlamentinin 28 noyabr tarixli bəyanatında da öz əksini tapıb.

Gürcüstan hakimiyyəti və bəzi yerli ekspertlər bu təzyiqləri ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir. Baş nazir Kobaxidzenin bəyanatında Avropa Parlamentinin qəbul etdiyi beş qətnamənin "yalan və təhqir dolu" olduğu vurğulanıb. O, Qərbin Gürcüstanı Avropa İttifaqı ilə danışıqların dayandırılması və maliyyə yardımlarından imtina qərarına məcbur edən şantaj siyasəti yürütməyə çalışdığını iddia edib.

Son illərdə rəngli inqilablar adı altında region ölkələrində müşahidə olunan Qərb müdaxilələri Gürcüstandakı proseslərdə də özünü göstərir. Ekspertlərin fikrincə Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrini yenidən tənzimləmək cəhdləri Qərb dairələrində narahatlıq yaradır. Bu narahatlıq xüsusilə Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinə vurğu edilən qərarlarla bağlı daha da güclənir. Avropa İttifaqından gələn maliyyə yardımlarının 2028-ci ilə qədər qəbul edilməyəcəyini açıqlayan Kobaxidze ölkəsinin "qürurlu şəkildə, güclü demokratik sistem və iqtisadiyyatla" AB-yə daxil olacağını bəyan edib.

Gürcüstanın daxili işlərinə müdaxilə iddiaları fonunda hakimiyyət rəsmiləri və deputatlar Qərbin təsir cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirirlər. Gürcüstan parlamentinin bəzi üzvləri, Avropa İttifaqının ölkədə daxili sabitliyi pozmağa çalışdığını bildirərək, Avropa Parlamentinin qəbul etdiyi qərarları Gürcüstanın suverenliyinə birbaşa təhdid kimi qiymətləndirir.

Ekspertlər isə Gürcüstanı Qərbin geosiyasi oyunlarının mərkəzinə çevirmək cəhdlərinin daha geniş miqyaslı məqsədlərə xidmət etdiyini vurğulayır. Rəngli inqilablar ssenarisi ilə ölkədə mövcud iqtidarın dəyişdirilməsi və Qərbyönümlü hökumətin qurulması məqsədi güdülür.

Gürcüstanda son aksiyalar və qərginliklər fonunda müşahidə olunan hadisələr daxili siyasi çəkişmələrlə yanaşı, xarici müdaxilələrin açıq əlamətləri kimi qiymətləndirilir. Baş nazir Kobaxidzenin AB ilə müzakirələri təxirə salmaq qərarı bu proseslərdə Gürcüstanın suverenliyini qorumağa yönəlmiş strateji bir addım olaraq önə çıxır. Lakin bu qərar həm də Qərbin rəngli inqilab ssenarilərinə zəmin yaradan yeni gərginliklər dalğasını alovlandıra bilər. Gürcüstanın gələcəkdə Avropa İttifaqına inteqrasiya prosesində öz müstəqil yolunu seçə bilməsi üçün daxili sabitliyini qoruyub saxlaması vacibdir.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
44
27
milli.az

10Источники