Azərbaycanın neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının cəmi 0,7 %-ni təşkil edir.
İndex.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputatın sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. O xatırladıb ki, 1993-cü ildə dövlət büdcəsinə gəlirlərin 96 %-i neft-qaz satışından əldə olunurdu:
“Lakin müstəqillik dövründə neft sənayesinin modernləşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilmiş səylər nəticəsində hazırda büdcədə neft gəlirlərinin payı 48 %-ə enib. Bu azalma tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir”.
A. Mirzəzadə əlavə edib ki, neft sazişləri Azərbaycanın investisiya gəlirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin rifahının yüksəlməsində mühüm rol oynayır.