RU

Bələdiyyə seçkiləri: Partiyalar MSK sədrinin çağırışına qoşulacaqmı?


Xəbər veridiyimiz kimi, 2025-ci il yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərinin yekunları isə 2025-ci il fevralın 23-dək elan ediləcək.

Bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti də məlum olub. Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddəsinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.

Prezident İlham Əliyev noyabrın 25-də bir sıra bələdiyyələrin birləşdirilməsi haqda qanunu təsdiqləyib. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayı 1606-dan 685-ə enəcək. Bu isə o deməkdir ki, 1606 deyil, 685 bələdiyyəyə seçkilər olacaq.

REAL Partiyasının sədri Natiq Cəfərli deyir ki, Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 606-ya düşürülüb. Bu il də həmin proses davam edib, qanunvericiliyə edilən dəyişikliklərlə onların sayı yarıdan çox azaldılıb. Yeni qanun layihəsinin qəbulundan sonra bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması mümkündür:

“Dünyada bələdiyyə fəaliyyəti ilə bağlı yaxşı nümunələr var. Məsələn, qardaş Türkiyədə bələdiyyələr yerli özünüidarəetmə sistemi kimi çox yaxşı səmərə verib. Tədricən Azərbaycanda da bələdiyyələrin səlahiyyətləri, funksionallığı o şəkildə artmalıdır. Şübhəsiz ki, bələdiyyələrlə bağlı Azərbaycanın öz modeli formalaşacaq. Növbəti bələdiyyə seçkiləri Azərbaycanda bələdiyyə idarəetməsinin formalaşmasında çox mühüm mərhələ olacaq”.



Natiq Cəfərli hesab edir ki, bələdiyyələrin sayının azaldılması və böyüdülməsi doğru qərardır. Amma bu, yetərli deyil, növbəti, daha ciddi addımların atılmasına ehtiyac var:

"Növbəti addım böyüdülmüş bələdiyyələrin səlahiyyətləri məsələsidir. Səlahiyyətləri artırılmalı, özlərinin büdcəsi olmalı, bələdiyyə ərazisində yaşayan insanlara xidmət keyfiyyəti yüksəldilməlidir. Bunun üçünsə seçkilərin formatı da dəyişdirilməlidir. Yəni böyük şəhər bələdiyyələri yaradılmalı və bələdiyyə sədrlərinin seçkiləri birbaşa həyata keçirilməlidir. İndi format fərqlidir, bələdiyyə üzvləri seçilir və üzvlər də özlərinə sədr seçirlər".

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu gün bələdiyyələrin maliyyə imkanları məhduddur. Həmçinin onların səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən bələdiyyələrin potensialının gücləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi çox önəmlidir. Ona görə sayın optimallaşdırılması həm də onların səlahiyyətlərinin genişləndirilməsi və maliyyə imkanlarının artırılması baxımından çox vacibdir.



Millət vəkili Tahir Rzayev vurğulayıb ki, bu gün bələdiyyələrə nüfuzlu, günün reallıqlarını dərk edən, dərindən qiymətləndirən, əhali ilə işləməyi bacaran insanlar rəhbərlik etməlidirlər:



"Bu səbəbdən bələdiyyələrin birləşməsi, nəticədə iri bələdiyyələrin yaradılması bir zərurətdir. Çünki bu, xarici ölkələrin təcrübəsində də mövcuddur. Həmin ölkələrdə əvvəllər əhalinin razılığı ilə bütün yaşayış məntəqələrində bələdiyyələr yaradılıb. Lakin sonradan onların ləğv olunması və ya birləşməsi bir zərurətə çevrilib. Hesab edirəm ki, bizim ölkədə də bu təcrübə nəzərə alınmalıdır. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir. Bələdiyyələrin sayının azaldılması həm seçkilərin effektivliyinin artırılmasına, həm də gələcəkdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müsbət təsir göstərə bilər".

Millət vəkili Azər Badamov qeyd edib ki, gələn il keçiriləcək bələdiyyə seçkiləri də özlüyündə tarixi əhəmiyyət daşıyacaq.

Onun sözlərinə görə, 25 il ərzində iki dəfə - 2009 və 2011-ci illərdə bələdiyyələrin birləşdirilməsi prosesi gedib: "Hazırda bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab olunmur. Onların 87 faizi kənd bələdiyyələridir və bir çoxunun maliyyə durumu da yaxşı deyil. Bələdiyyələrin həm yaxşı xidmət göstərmək, həm də özünü saxlaya bilməsi üçün maliyyə vəsaitinə ehtiyacı var. Bu baxımdan onların birləşməsi maliyyə imkanlarının artırılması və müstəqilləşməsi üçün bir vasitədir. Çünki bələdiyyələr birləşdikcə, böyüdükcə maliyyə imkanları, torpaq ehtiyatları artacaq, bu da vətəndaşlara daha yaxşı xidmət göstərməyə kömək edəcək. Bütün bunlarla yanaşı böyük bələdiyyələrin daha böyük vergi tutma bazası olur. Hesab edirəm ki, bələdiyyələrin birləşməsi qəbul olunmuş praktikadır və onların sayının azaldılması bələdiyyələri daha çevik, işlək quruma çevirəcək".


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda siyasi partiyaların seçkilərdə fəaliyyəti əvvəlki dövrlərdən müqayisəolunmaz dərəcədə yüksəlib. Ötən parlament seçkilərində 25 siyasi partiya iştirak edib:

“Bir partiya seçkilərdə iştirak etmədi. İştirak edən siyasi partiyalardan da bəziləri parlamentdə yer aldılar. Ötən parlament seçkiləri rahat keçdi, tərəflər ancaq siyasi mübarizə ilə məşğul oldular. Biz də Azərbaycanın demək olar ki, bütün görüşmək imkanı olan yerlərində görüş üçün şərait yaratmışdıq. Bu baxımdan bələdiyyə seçkilərində imkanlar daha geniş olmalıdır. Siyasi partiyalar çalışmalıdır ki, onların yerlərdə nümayəndələri olsun. Kifayət qədər böyük yaşayış məntəqəsini bələdiyyələr əhatə edəcək. Onlar bələdiyyə seçkilərində iştirak etsinlər ki, inkişaf etsinlər, seçkili orqanlarda təmsil olunsunlar. Siyasi partiya rəhbərlərinə xüsusi müraciət edirəm ki, seçkilərdə fəal iştirak etsinlər”.



Bəs görəsən, partiyalarda bu barədə nə düşünürlər?

REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, rəhbərlik etdiyi siyasi partiya bu seçkidə çox yer qazanmağı hədəfləyib: “Yerli özünüidarəetmə bizim partiya üçün üçün prioritet sahələrdəndir. Biz bu sahədə ciddi dəyişikliklərin olmasına, yeni qanunların qəbul edilməsinə, böyük şəhər bələdiyyələrinin yaradılmasına, bələdiyyələrinin səlahiyyətlərinin, məsuliyyətlərinin artırılmasına həmişə çağırışlar etmişik. Ona görə də REAL Partiyası bələdiyyə seçkilərində mütləq iştirak edəcək”.

AMİP sədri Arzuxan Əlizadə də sədri olduğu partiyanın bələdiyyə seçkilərinə qatılacağını söyləyib: “Biz partiya olaraq seçkiyə qatılacağıq. Bu prosesə bir müddət əvvəl başlamışdıq. Namizədlərimiz də müəyyən olunub. Təxminən 300 nəfərlik siyahımız hazırdır. Ayrı-ayrı bələdiyyələr üzrə namizədlərimizi irəli sürərək təmsil olunacağıq”.



Azad Vətən Partiyasının sədri Akif Nağı da seçkidə fəal iştirak edəcəklərini bildirib.



Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.
Избранный
17
bakupost.az

1Источники