Suriyada “Heyet Tahrir Şam” (HTŞ) və onun rəhbərlik etdiyi bəzi müxalif silahlı qrupların Hələb çölündə Əsəd rejiminə qarşı başlatdığı hərbi hücumlar davam edir. Son məlumatlara görə, İdlibdən gələn və üç gün ərzində 70-dən çox yaşayış məntəqəsini ələ keçirən silahlı qruplar Hələbin şəhər mərkəzinə giriblər.
Qeyd edilir ki, qərbdən Hələb şəhər mərkəzinə doğru irəliləyən silahlı qruplar şəhərin kənarında Həmdaniyyə, Yeni Hələb və Zəhra oxunda rejim qüvvələrinin müdafiə xətlərini qıraraq Hələbin mərkəzinə daxil olublar. Qruplar həmçinin M4 və M5 magistrallarının İdlibin cənub-şərqində kəsişdiyi Serakip rayonunu şimal və cənub qollarından mühasirəyə alıblar. Silahlı qruplar Hələb və İdlib əyalətlərində ümumilikdə 70 yaşayış məntəqəsini və strateji nöqtələri ələ keçiriblər.
Müxaliflərlə döyüşlərdə İrana bağlı şiə silahlı dəstələri də Əsəd rejiminə dəstək verir.
Bu arada, Rusiyanın bəzi Teleqram kanallarında Suriya prezidenti Bəşər Əsədin Moskvaya gəldiyi və ya gələcəyi, Vladimir Putinlə görüşəcəyi xəbərləri yayılıb. Kremlin sözçüsü Dmitri Peskov isə bu iddialara cavab verməkdən imtina edib.
Hələb və ətrafdakı vəziyyət Suriyanın suverenliyinə hücum adlandıran Peskov, Dəməşq administrasiyasından nəzarəti əlində saxlaması üçün “dərhal hərəkətə keçməsini” istədiklərini deyib: “Biz Suriya hakimiyyətinin bölgədə asayişi bərpa etməsinin və konstitusiya quruluşunun mümkün qədər tez bərpasının tərəfdarıyıq”.
Rusiyanın aparıcı siyasi analitiklərindən Georgi Bovt Telegram kanalında bildirib ki, Suriyadan gələn xəbərlərə görə, Hələb islamçı qruplar tərəfindən ələ keçirilib. Hücum son dərəcə sürətlə baş verib və Əsədin Moskvaya təcili səfəri də bu vəziyyəti dəyişməyib. Onun sözlərinə görə, Suriyadakı vəziyyət təxminən 2015-ci ilə geri dönür.
Rusiyalı hərbi ekspert Dmitri Kornev isə deyir ki, qrupların Hələbə bu qədər yaxınlaşması Suriya ordusunun hazırlıqsız yaxalandığını göstərir.
“Türkiyəyönlü qrupların hazırkı gücü Suriya ordusunun imkanları ilə müqayisə edilə bilməz, lakin ani hücumlarla əhəmiyyətli irəliləyiş əldə ediblər. Bu qruplar öz hərəkətlərini əlaqələndirsələr, Əsəd hakimiyyəti ciddi çətinliklərlə üzləşə bilər. Əks halda, bu irəliləyiş fərdi səylərlə dayandırıla bilər” – Kornev deyib.
TAHİR