BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni iqlim hədəfini qəbul etməyə müvəffəq olması ona qarşı aparılan təbliğatın iflasa uğramasının şübhə doğurmayan göstəricisidir. COP29-da qəbul edilən sənədə əsasən, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 300 milyard dollar vəsait ayırmaları təmin olunacaq. 2035-ci ilədək bu məbləğ tədricən 1,5 trilyon dollara çatdırılacaq. Bu göstəricinin əvvəlki 100 milyardlıq həddən 300 milyarda çatdırılması Bakıda baş tutan qlobal tədbirin əldə etdiyi danılmaz nailiyyətdir.
Məcburi etiraf
Yüksək təşkilatçılıq, dünya birliyinin hədsiz marağı və iştirakçıların kütləviliyi fonunda COP29-a ev sahibliyi edən Azərbaycana qarşı aparılan qaralama kampaniyasının uğursuzluğu ona sponsorluq edən dövlətlərin özləri tərəfindən də etiraf edilir. Tədbir başa çatandan sonra rəsmi Vaşinqtonun Prezident Co Baydenin adı ilə xüsusi bəyanat yayması və COP29-un nəticələrini alqışlaması, yaxud Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Vopke Xukstranın açıqlaması həm okeanın o tayında, həm də Brüsseldə Bakı konfransının uğurunun həzm edilməyə başlandığını göstərir. Əlbəttə ki, məcburən həzminin...
COP29-un bu nailiyyətini ev sahibliyi edən Azərbaycanın inadkar və ardıcıl iradəsinin bəhrəsi də hesab etmək olar. Çünki düz bir ildir ölkəmizə qarşı sürdürülən qarayaxma kampaniyası həm də COP29-un yekun sənədini sabotaj etməyə yönəlmiş niyyət idi.
Qərbin xəsisliyi
İqlim dəyişilməsi və ekologiyanın korlanması kimi qlobal problemlər böyük ölçüdə elə həmin inkişaf etmiş dövlətlərin fəaliyyətinin nəticəsidir. Böyük sənaye potensialına malik, açıq okeanda nüvə sınaqları keçirməyə qadir ABŞ və Fransa kimi dövlətlərin bu qarayaxma kampaniyasının önündə getmələri bəşəriyyət üçün dağıdıcı təhlükəyə malik qlobal problemin çözümünə vəsait ayırmaq istəməmələrindən irəli gəlir. Halbuki həm Vaşinqtonun demokratlar administrasiyası, həm Makron hökuməti, həm də Brüssel özlərini sanki problemin müqəddəratına məsul yeganə və əsas qüvvələr qismində nümayiş etdirməyə çalışırlar.
Belə bir gerçəklikdə iştirakçıların 300 milyard dollarlıq göstəricidə bərqərar olmaları həqiqətən də tarixi hadisədir. Şübhə yoxdur ki, qlobal Bakı konfransı gələcəkdə həllinə ümid edilən problemin çözülməsi istiqamətində tarixi mərhələ kimi xatırlanacaq.
Hədəf yekun sənəd idi