RU

Gürcüstanda növbəti “Maydan” ssenarisi...

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub. Bu da Qərb dairələrinin hiddətinə səbəb olub. Elə bu səbəbdən Tbilisidə vəziyyət gərginləşib. Belə ki, Gürcüstanın Qərb yönümlü müxalifət qüvvələri, əsasən də QHT-cilərdən ibarət manqurt dəstələri  noyabrın 28-dən yenidən etiraz aksiyalarına başlayıblar. Onlar Qərbin göstərişi ilə cəmiyyəti öz arxalarınca aparmaq üçün bütün imkanlarından istifadə etməyə çalışırlar. Hətta iş o yerə çaıtıb ki, noyabrın 29-30-da Tbilisidə keçirilən etiraz aksiyası zamanı 10 nəfər polis əməkdaşı yaralanıb. Bu mənada əminliklə demək olar ki, nümayişlərdə Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçıların iştirak etmələri istisna deyil. Kim bilir, bəlkə də onların arasında təxribatçılıqda ad çıxarmış Ermənistan kəşfiyyatının əməkdaşları da var. Məqsəd aydındır: onların əli ilə təxribatlar törətmək, insanları qətlə yetirmək  və buna görə Qərbin diktəsi ilə oturub-durmaq istəməyən və 26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş  hakim “Gürcü-Arzusu- Demokratik Gürcüstan”nı suçlamaq. Bütün bunlar  Qərbin neçə illər öncə Gürcüstanda həyata keçirdiyi “qızılgül inqilabı”nı xatırladır. 

Avropa İttifaqının Gürcüstandakı səfiri özünü bu ölkənin canişin kimi aparır

Bəli, hadisələrin gedişatından açıq-aydın görünür ki, Qərb Gürcüstanın daxili işlərinə qarışır.  Hətta Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski özünü bu ölkənin canişin kimi aparır. Yeri gəlmişkən qeyd edək ki, bu səfir Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli, məyusedici, təəssüf doğurucu hal kimi dəyərləndirib Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və baş verənlər  guya Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda gürcü xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir. Bu məqamda bir məsələni xüsusi vurğulamaq istərdik: Qərb artıq bu və ya digər qurumdakı səfirləri vasitəsilə hadisələrə müdaxilə etmək taktikasına üstünlük verməkdədir. Elə Gürcüstan Xarici İşlər Nazirliyinin 50-yə qədər əməkdaşının hökumətin Avropaya inteqrasiyanı dondurmaq qərarına qarşı bəyanat yayımlaması da bunu bir daha sübut edir.  Bu isə o deməkdir ki, Qərb öz niyyətinə çatmaq üçün diplomatik korpuslara da yol tapa bilib. Yeri gəlmişkən, Aİ-də işləmiş bir Azərbaycan diplomatı da hakimiyyətə qarşı “müxalifət”ə keçmişdi. 

Qərb Gürcüstana üçün eyni ssenarini cızır...

Halbuki, baş verən hadisələr Gürcüstanın daxili işidir və kənar qüvvələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. Daha bir məsələni də vurğulayaq. Etirazçıların arasında ikili vətəndaşlığı olan və vaxtilə Fransa XİN-də çalışan, Makronin agenti kimi tanınan Gürcüstan Prezidenti Salome Zurabişvili də var. Bu aspektdən çıxış etsək, əminliklə demək olar ki, S. Zurabişvili Cənubi Qafqazı qan çanağına çevirməyə çalışan, bu məqsədinə çatmaq üçün Ermənistanı silahlandıran Fransa Prezidenti Emmanuel Makronun göstərişlərini yerini yetirir. Bu biçarə hələ də anlamır ki, Gürcüstanın nicatı Qərbin istədiyi hakmiyyəti formalaşdırmasında,  ölkəsinin Avropa Birliyinə  üzv olmasında, Rusiya ilə düşmənçilik etməsində, Gürcüstanın ukraynalaşdırılmasında  deyil. Gürcüstanın nicatı gürcü xalqının arzu etdiy demokratik hakimiyyətdə və onun qəbul etdiyi qərarlara hörmətlə yanaşmaqdadır.  Şübhəsiz, Prezident Salome Zurabişvilinin kütləvi iğtişaşlarda iştirakı Gürcüstan dövlətçiliyinə ağır zərbədir. O, öz dövlətinə qənim kəsilib desək, yanılmarıq. Artıq sirr deyil ki, hazırda Makron Cənubi Qafqazda  Nikol Paşinyan kimi bir manqurtdan məharətlə istifadə edir. Görünür, Paşinyan ona kifayət etmir. Odur ki, Makron  Zurabişvilinin timsalında yeni bir manqurta sahib olmaq niyyətindədir. 
Yeri gəlmişkən, Qərb, o cümlədən Fransa heç bir ölkəyə gün ağlamır. Sadəcə, özünün boş vədləri ilə onları tora salır və çətin günlərə düçar edir. Ukraynanın timsalında da bunu görmək mümkündür. Elə Qərb olmadımı Ukraynanı müharibəyə sürükləyən, onu yaman günlərə qoyan?  Bəli, indi də Qərb Gürcüstana üçün də eyni ssenarini cızır.  Amma hələlik görünən odur ki, gürcü xalqı bütün bunları yaxşı dərk edir, elə bu səbəbdən  heç bir xarici qüvvənin əlində alət olmaq istəmir.  

Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə axtarırlar

Yeri gəlmişkən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib ki, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar: “Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”. O həmçinin bildirib ki, “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilə bilməz: “Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək”.

Bu da bir faktdır ki, Qərb bu kimi gedişləri, oyunları ilə Cənubi Qafqazda söz sahibi olmağa, sabitliyi pozmağa, bölgədə yeni reallıqlar yaradan Azərbaycana təzyiq göstərməyə çalışır. Amma Qərb əmin olsun ki, bu kimi addımları ilə dünya miqyasında dəst-xətti olan Azərbaycana təsir edə bilməyəcək. Çünki bu ölkədə xalq-iqtidar birliyi daha monolit  vəhdət təşkil edir. Qərb, o cümlədən Makron Fransası unutmasın ki,   xalq-iqtidar, lider-xalq birliyi sayəsində Azərbaycan misli-bərabəri olmayan uğurlara imza atıb. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
25
35
ikisahil.az

10Источники