RU

Ürək həkiminin könül dünyası

Bu müsahibim başqalarına bənzəmir. Aşıb-daşan enerjisi, dağ şəlalələri kimi çağlayan, hətta fışqıran ideyaları, dilində sözə çevrilməzdən əvvəl yazıya, kitaba tökülən elmi mülahizələri, zamanı cilovlamağa çalışan, tarixin, musiqimizin, dinimizin dərinliklərinə baş vuran, sənətlə elmin, elmlə dinin vəhdətində gözəlliklər tapan, xristianlıq, iudaizm və islam haqqında kitablar yazan bir həkimlə söhbət edirik bu gün. 1993-cü ildə Seçenov adına Moskva Tibb Akademiyasının məzunu olmuş, Sovet məkanında təbabət sahəsində ən gənc elmlər doktoru, ən gənc professor Mehman Niyazi oğlu Məmmədov çoxdan Rusiya sərhədlərini aşıb, beynəlxalq aləmdə kardioloqlar cameəsinin seçilən üzvlərindən birinə çevrilib.

– Sizinlə ilk söhbətimiz 24 il əvvəl olub. Onda 31 yaşlı həmyerlimiz elmlər doktoru dissertasiyası müdafiə etmişdi və bu yaşda belə uğur bir sensasiya idi. Keçən müddət ərzindəki nailiyyətlərlə tanış olmaq, məncə, yaxşı başlanğıcdır...

– Doktorluq dissertasiyası müdafiə etmək, müvafiq diplom almaq müəllifin elmi uğurunun tanınmasını, qəbul edilməsini sübut edir. Bundan sonra elmdə tutduğun yolu inkişaf etdirmək, məktəb yaratmaq lazımdır. Doktorluq dissertasiyamın mövzusu bir neçə istiqamətdə işləməyimə imkan verdi: birinci növbədə bu, Azərbaycanda da aktual problem olan ürək-damar xəstəlikləri ilə şəkər diabetinin birgə tədqiq edilməsi idi. Eyni zamanda bu, kişilərin sağlamlığı və onun kardioloji problemlərlə əlaqəsi kimi yeni istiqamətin başlanğıcı oldu. Ürək-damar xəstəliklərinin onkoloji xəstəliklərlə bağlılığı daha bir istiqamət idi. Bu 3 yöndə 6 il ərzində mənim rəhbərliyim altında 5 gənc həkim elmlər namizədi alimlik dərəcəsi üçün dissertasiya müdafiə etdi və mən professor oldum. Bu gün elmlər namizədi olanların sayı 10-a çatıb, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.

Bu fəaliyyətlə yanaşı, rus və ingilis dillərində məqalə və monoqrafiyalar dərc etdirdim. Bu gün dərc olunmuş elmi məqalələrimin sayı 500-dən çoxdur, 23 monoqrafiyam var. Məruzə və mühazirələrlə yaxın və uzaq xarici ölkələrdə çıxışlar edirəm. Bu missiya ilə təxminən 80 ölkədə olmuşam.

Bir neçə il Rusiya Kardioloqları Milli Konqresinin katibi oldum, bununla təşkilatçılıq qabiliyyətimə, sanki, yeni nəfəs gəldi. Bakıda orta məktəbdə oxuyarkən 2 il komsomol təşkilatının katibi olmuşdum. Həmin təcrübə sonralar çox işimə yaradı.

Sonra Kardioproqress Fondu yaratdım. Hər il fondun təşkilatçılığı ilə Rusiyanın bölgələrinin və MDB ölkələrinin cəlb olunduğu 8 beynəlxalq və milli konfrans keçiririk. Fondun yaranması ilə bir vaxtda kardiologiya üzrə Rusiyada ilk və yeganə ikidilli beynəlxalq jurnal təsis etdim. Bütün məqalələr rus dilindən ingilis dilinə və ingiliscə məqalələr rus dilinə tərcümə olunur. Önəmli məqamdır ki, müəlliflərdən məqalələr üçün pul alınmır. Rusiya elminin inkişafı üçün müstəqil, akademik jurnal yarada bildiyimə çox sevinirəm.

Rusiyada və MDB ölkələrinin çoxunda profil üzrə buraxılan sanballı jurnalların redaksiya heyətinin üzvüyəm. Hazırda Rusiyada və MDB ölkələrindəki həmkarlarımla kardiologiya sahəsində problemləri öyrənən beynəlxalq tədqiqatlar aparırıq. Xüsusən Orta Asiya və Qafqaz reğionunda böyük işlər görülür.

2020-ci ildə Tacikistan Tibb Elmləri Akademiyası dahi Əbu Əli İbn Sinanın (qərbdə Avisenna kimi tanınır—CS) yaradıcılıq irsini öyrənmək sahəsində dərc etdiyim məqalələrə görə məni akademiyanın əcnəbi üzvü seçdi. Özbəkistanın Buxara şəhərində İbn Sina müzeyində mənim 5-i rus, 3-ü ingilis dilində olan 8 kitabımın saxlandığı guşə yaradılıb.

– Kardioloq Məmmədov Moskva ictimaiyyətinə həm də təbabətdən kənar yaradıcı fəaliyyəti ilə tanışdır. Bu sahədə gördüyünüz işlər tibbi fəaliyyətinizə mane olmur?

– Əksinə, yardım edir. Bu işlər əslində dünyanı bürüyən pandemiya zamanı üzə çıxdı. O zaman məsafəli iş formatı yarandıqdan sonra başqa istiqamətlərdə də özümü sınamaq imkanı yarandı. Musiqi təhsilim olduğuna görə az vaxtda 3 kompakt-disk (CD) hazırladım: Bütün musiqi janrlarının təmsil olunduğu Azərbaycan musiqi antologiyası, 1954–1996-cı illərdəki Azərbaycan filmlərinin “saundtrekləri” və korifeyimiz Müslüm Maqomayevin Azərbaycan haqqında və Azərbaycan dilində oxuduğu mahnılar.

Zəngin rəsm və illüstrasiyalarla işlənmiş Azərbaycan nağılları kitabını nəşr edib Rusiyanın böyük kitabxanalarına bağışladım.

Uşaq vaxtlarımdan evdə Hacı Zeynalabdın Tağıyevin xeyirxah əməlləri haqqında çox eşitmişdim və çoxdan onun barəsində kitab yazmağı düşünürdüm. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları arxiv materiallarının surətini almaqda yardım etdilər və o dövrun tarixi hadisələri haqqında da material toplayıb onları sistemləşdirərək kitab halına gətirdim. Rus və ingilis dillərində buraxılan kitabın ingiliscəsini diplomatik kanallarla Avropaya və ABŞ-a göndərdim. Tağıyevin vəfatının bir əsrlik ildönümü münasibətilə Şərq müzeyində keçirilən təntənəli gecədə onun həyat və fəaliyyəti haqqında geniş məruzə etdim.

2022-ci ildə “Azərbaycan poeziyasının inciləri” almanaxını tərtib etdim. Kitaba Azərbaycan şairlərinin XII əsrdən indiki dövrə qədər yaratdıqları seçmə əsərlər daxil edilib. Müasir dövrə aid olan fəsildə bu gün Azərbaycandan kənarda yaşayan şairlərin də əsərləri yer alıb. Almanaxın Moskvada Xarici Ədəbiyyat Kitabxanasındakı təqdimatında poeziyamızın formalaşması və inkişafı haqqında mühazirə ilə çıxış etdim.

2023-cü ildə nəşr etdirdiyim 34 fəsildən ibarət Azərbaycan ensiklopediyası—“Azerbaycanika” vətənimizin tarixi, etnik-mədəni irsi, müasir nailiyyətləri haqqında məlumat toplusudur.

Keçən ilin digər nəşri İkinci Dünya müharibəsində Azərbaycanın roluna həsr olunub. Kitaba Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının Hərb Tarixi İnstitutu rəy verib. Həmin institut Böyük Vətən müharibəsində azərbaycanlıların rolu haqqında məruzə üçün məni 2 mötəbər tarixi tədbirə dəvət etdi. Kitab müharibədə iştirak etmiş ilk azərbaycanlı əks-kəşfiyyatçı qadın, akademik Qədriyyə Səlimovanın həyatından bəhs edir. Bu il Moskvada RF Mərkəzi Zabitlər Evində Qədriyyə Səlimovanın anadan olmasının 100 illiyi münasibətilə xatirə gecəsi keçirildi, kitabın təqdimatında generallar və professorlar çıxış etdilər.

2024-cü ildə hazırladığım “Qafqaz xalqlarının poeziyası” kitabı nadir nəşrdir. Burada ilk dəfə Şimali və Cənubi Qafqaz xalqlarının poeziya nümunələri bir kitabda toplanıb.

– Qədriyyə Səlimovanın kitabının təqdimatı zamanı qonaqlardan birinin sualına cavab verərkən Vladimir vilayətində ürək-damar xəstəlikləri ilə bağlı elmi layihədən söz açmışdınız. O layihənin məğzi nədir?

– Vladimir vilayəti Rusiyanın məşhur tarixi bölgələrindən biridir və burada yaşlı əhali arasında ölüm halları başqa regionlara nisbətən yüksəkdir. Bu problemi öyrənmək və ölüm hallarını azaltmaq məqsədilə əsas xroniki xəstəliklərin profilaktikası ilə məşğul oluruq. Bu, uzun müddət üçün nəzərdə tutulmuş elmi praktik fəaliyyət layihəsidir.

– Yazı masamın üstündəki kitablardan biri “Pravoslav dinində təbabətin və bioetikanın əsasları” adlanır. Müəllifi Mehman Məmmədovdur. Bu mövzuya müraciət etməyiniz nə ilə bağlıdır?

– Mən Azərbaycanda döğulub böyümüşəm. Ali təhsilim və peşə fəaliyyətim isə Rusiya ilə bağlıdır. Mənə həyat yolu göstərmiş müəllimlərimə, elmi rəhbərlərimə çox minnətdaram. Rusiyaya minnətdarlıq borcu kimi “Pravoslav dinində təbabətin və bioetikanın əsasları” kitabını hazırlayıb nəşr etdim. Kitabda təbabətlə dinin qarşılıqlı əlaqəsinə dair tarixi faktlar və müasir mülahizələr sistem halına salınıb. Kitaba Pusiya pravoslav kilsəsinin aparıcı mütəxəssisləri rəy veriblər.

Ümumiyyətlə, dini mövzulara həmişə maraq göstərmişəm. “İbrahim (Avraam) dinləri” seriyasında iudaizmin orta əsrlərdə inkişafına ciddi töhfə vermiş ilahiyyatçı alim və həkim Maymonid haqqında kitab yazmışam. Kitabda bu gün də aktual olan problemlərdən söhbət gedir. İsrailin din alimləri və həkimləri ilə birlikdə kitabla bağlı vebinar (veb-texnologiya vasitəsilə canlı efirdə keçirilən konfrans – CS) keçirmişik.

Bu günlərdə Məhəmməd peyğəmbər haqqında rus və ingilis dillərində kitabım çıxıb. Qərb mütəxəssislərinin rusca kitablarında İslam dininin yaradıcısı və islam dini haqqında çox vaxt əsası, sübutu olmayan tənqidə yol verilir, müsəlman ilahiyyatçıları isə hər şeyi ideallaşdırırlar. Mən peyğəmbərin həyatını hörmətkar üslubla obyektiv təhlil etməyə çalışmışam və kitabı əsasən böyük şəhərlərdə yaşayan, dini ayinlərin hamısına əməl etməsələr də, inanclarına görə müsəlman olanlar üçün nəzərdə tutmuşam. Bu kitab da Rusiyanın və müsəlman ölkələrinin alimlərinə və din xadimlərinə təqdim ediləcək.

– Azərbaycan övladının ana vətənlə bağlılığı necədir, həkim kimi xəstələrinə məlhəm olurmu?

– Əlbəttə. Son illərdə Azərbaycanın böyük şəhərləri Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda, Şəkidə, Mingəçevirdə və Qubada mənim təşəbbüsümlə elmi və praktik fəaliyyətlə məşğul olan rusiyalı həkimlərin də iştirakı ilə maarifləndirici konfranslar təşkil olunur. Azərbaycanın dörd şəhərində (Bakı, Gəncə, Şəki, Lənkəran), azərbaycanlıların sıx yaşadığı Marneulidə (Gürcüstan) və Dərbənddə (Rusiya) ürək-damar xəstəliklərinə səbəb olan amilləri araşdırmaq üçün beynəlxalq tədqiqatlar təşkil edilib. Tədqiqatların nəticələri nüfuzlu beynəlxalq jurnallarda dərc olunub, konqreslərdə məruzə edilib. Mənim rəhbərliyimlə Bakıda 1 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilib. Son vaxtlar TƏBİB qurumu ilə sıx əməkdaşlıq edirəm.

– Söhbətimizin bir yerində musiqi təhsilinizin də olduğunu dediniz və bu yöndə gördüyünüz işlərdən danışdınız. Bir dəfə mənə Buxarada müğam dinləməyinizdən, onların problemlərindən danışmışdınız. O əhvalatı xatırlayırsınızmı?

– Bəli. Ezamiyyətlərə getdiyim ölkələrdə həmişə tarixi abidələrlə, musiqi mədəniyyəti ilə maraqlanıram. Orta Asiyada olanda eşitmişdim ki, Buxarada “şaş makom” deyilən müğam musiqisi növü var, yəni altı muğam. Bu, farsdilli tacik musiqi janrı olub. Buxara əmirinin sarayında həmin musiqini orada yaşayan yəhudilər ifa ediblər. Sovet dövründə özbəklər də tədricən bu ifaları öyrəniblər. İndi yəhudilərin yerini özbəklər və taciklər tutub. Onların arasında bu muğam növünün müəllifliyi üstündə mübahisə gedir.

Oraya növbəti səfərim zamanı mötəbər müsiqi ustadı Tolib mənim şərəfimə ilhamla “şaş makom” oxudu. Azərbaycan musiqisini də gözəl bilir. Fəxrlə dedi ki, tarını Bakıda düzəltdirib. Azərbaycanda keçirilən müsabiqələrdə iştirak edib. Mənə göstərdiyi hörmət-izzətin qarşılığında “sizin üçün nə edə bilərəm” – deyə sual verdim Tolibə. Dedi ki, biz musiqi məktəblərində və konservatoriyada çox əziyyət çəkirik, çünki şaş makomun notları yoxdur əlimizdə, Ari Babacanov adlı bir yəhudi özü ilə xaricə aparıb. Əlimizdə cəmi bir not kitabı var, o da pis gündədi. O yeganə kitabın skan şəkillərini istədim. Moskvada onları təmizlətdim, kitab şəklində çap elədim, sonra Özbəkistan və Tacikistanın musiqi kolleclərinə, konservatoriyalarına göndərdim. Qədim musiqi janrınin qorunmasına mənim belə töhfəm oldu. Kitabların bir qismini də musiqiçilərə, alimlərə, fondlara payladıq.

– Bu məhsuldar fəaliyyət hesabatından sonra gələcək planlar barədə soruşmamaq düzgün olmaz. Bizi sizin istedadınızın hansı yeni çalarları təəccübləndirəcək?

– “Təbabətlə incəsənətin ahəngi” adlı əsaslı monoqrafiyanı tamamlayıram. Bu sahədə Qərb alimlərinin əsərləri var, mən isə Rusiya alimlərinin və incəsənət xadimlərinin rolunu da əlavə edirəm. 2025-ci il Böyük Vətən müharibəsində Qələbənin növbəti yubiley ilidir. Azərbaycanın bu qələbədə iştirakı ilə bağlı tədbirlər nəzərdə tuturuq.

Azərbaycan xeyriyyəçiləri silsiləsindən Şəmsi Əsədullayevin həyatı haqqında kitab planlaşdırıram. Bilirsiniz, o Moskvada tatar mədəni mərkəzinin binasını inşa etdirib və Tatar Milli Cəmiyyətinə hədiyyə edib.

Daha bir arzum var. Qafqaz müharibələri, Zaqafqaziya quberniyası və bu tarixi dönəmdə Azərbaycanın rolu haqqında əsər yazmaq istəyirəm. Tarixə belə maraq həkim olmazdan əvvəl tarixçi olmaq istəyimin təzahürüdür. XX əsrin ortalarında Azərbaycan mühacirət ədəbiyyatı və Şərq ədəbiyyatının intibah dövrü (M.F.Axundov, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir) haqqında kitablar hazırlayıram.

Təbii ki, əsas ixtisas fəaliyyətim – xəstələrin müalicəsi, gənc alimlərin yetişdirilməsi, beynəlxalq layihələrdə iştirakım davam edir.

– Söhbət üçün təşəkkür edirəm.

Söhbətləşdi:
Cəfər SADIQ
Moskva

Избранный
42
xalqqazeti.az

1Источники