“Neftçi” “Zirə”ni məğlub etməklə cari mövsümdə 2-ci qələbəsini qazandı. Samir Abasovun gəlişindən sonra 12-ci turda “Səbail”dən, bu dəfə də “qartallar”dan 3 xal qoparan “ağ-qaralar”ın turnir cədvəlindəki vəziyyəti heç də yaxşı deyil. 15-ci turda isə “Neftçi” “Qarabağ”la çətin derbi gözləyir.
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev “Zirə” ilə oyundan sonra “Futbol+”un suallarını cavabladı.
- Əvvəlcə “Zirə” üzərində qələbənizi şərh edərdin. Bu 3 xal nəyi dəyişəcək?
- Bu qələbə komanda üçün çox önəmli idi. Çünki qarşıda bizi "Qarabağ"la ağır oyun gözləyir. Derbi ərəfəsində bizim üçün çox böyük motivasiya oldu. Çempionata da pis başlamışdıq. Yəni komandada ruhun olmaması çox pisdi. Geridönüş çətin olur. Amma bu gün biz göstərdik ki, həqiqətən də çox yaxşı komandayıq. Daha çox güvənmək, daha çox çalışmaq lazımdı. Samir müəllim komandaya yeni gəlib, hər baxımdan dəyişikliklər var. Toparlanmağa vaxt lazımdı. Amma mən komandama inanıram. Bilirəm ki, "Neftçi" əvvəlki günlərinə qayıdacaq, azarkeşlərimizi sevindirəcəyik. Çünki "Neftçi" bu yerdə olmağa layiq deyil. Bu da bizə çox pis təsir edir.
- Samir Abasovun gəlişindən sonra 2-ci qələbənizi qazandız. Məsələn, “Zirə” ilə ilk dövrədəki qarşılaşma fərqli idi. Abasov komandada nəyi dəyişib?
- Bu haqda sizə çox məlumat verə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, yanaşmalar çox dəyişib. Yəni bir futbolçu üçün stimul olmayanda çox pis təsir edir. Məşqə həvəssiz gələ, meydana həvəssiz çıxa, qol buraxdığın zaman həvəsdən düşə bilərsən. Amma bu futboldu, 90 dəqiqə oynamalısan. Dediyim kimi, çalışmaq lazımdı. Samir müəllimin motivasiya verməsi həqiqətən də çox yaxşıdı. Bu amil kollektivə təsir edir. Bu gün də nəticə bunu bariz şəkildə göstərir. Dediyim kimi, bizə zaman lazımdı.
- Əvvəllər kapitan idin. Artıq uzun müddətdi sarğı səndə deyil.
- Heç bir inciklik yoxdu.10 ildi burdayam. Yəni kapitan oldum-olmadım, bura mənim üçün bir ailədi, komandanın bir parçasıyam. Ümumiyyətlə, "Neftçi"nin nə demək olduğunu çox yaxşı başa düşürəm. Heç bir təsir etmədi. Çünki sarğını məndən aldılar, o biri qardaşıma verdilər. Komanda yoldaşımdı, mən ona, sadəcə, dəstək olmalıyam. Kapitanlıq veriləndən sonra söhbət oldu ki, nə düşünürsüz? Biz də dedik ki, kapitanlıq başqasına verilibsə, ona hörmətlə yanaşmaq lazımdı. Rza balaca qardaşımızdı. Mənim üstümə düşən ona dəstək olmaqdı. Kapitan kimi ona dəstək olacam. Yaşı az ola bilər, amma peşəkar futbolçudu. Futbolu və danışığını bilən insandı. Məncə, onun çox gözəl gələcəyi var. Çalışırıq ki, ona dəstək olaq.
- Səndən kapitanlığı Roman Qriqorçuk aldı. Bəs gedəndə kollektivlə sağollaşdımı?
- Yox, sağollaşmadı.
- "Neftçi"dən gözləntilər böyükdü, buna görə yəqin təzyiq də hiss edirsən. Azarkeşlər daha nə qədər səbirli olmalıdılar ki, siz özünüzə gələsiz?
- Azarkeşlərə minnətdaram. Həmişə bizə dəstək verirlər. Onlara haqq verirəm. Niyə? Mən həqiqətən də "Neftçi"ni sevən futbolçuyam. 10 ildi burdayam, təkliflərim də olub. Amma getməmişəm. Düzdü, pul həyatda önəmli şeydi. Amma puldan daha da önəmli olan şeylər var. Pul beş aşağı, beş yuxarı ola bilər. Amma mənim üçün daha vacib olan sevgidi. Vallah, azarkeşlərin illərdi "Neftçi"yə olan sevgisini görürəm, bu üzdən onları qınamıram. Uğur olmayanda onlar dəli olur. Bəzən düşünə, istədiyi kimi edə bilmir. Onları başa düşmək lazımdı. Pis olanda da, yaxşı olanda da həmişə dəstək veriblər. Onlara həqiqətən çox təşəkkür edirəm. İnşallah, yaxşı olar. Bundan sonra onları daha çox sevindirərik. Zaman deməyim, məndən olsa, hər şey edərəm komanda uğurları sıralasın. Kollektiv şəkildə və azarkeşlərin də dəstəyi ilə bu durumdan ən qısa müddətdə çıxacağıq. Mən buna inanıram.
- Qarşıdan kubok oyunları gəlir. İndidən bununla bağlı xüsusi bir hədəf qoyulubmu?
- Təbii ki, kubok bizim üçün çox önəmlidi. Bildiyiniz kimi, çempionata çox pis başlamışıq. Kubok olduqca vacibdi. Amma çempionat oyunları da, sözsüz, önəmlidi. Mən özümə, komandama, məşqçimə inanıram. Bütün oyunlar bizim üçün önəmlidi. Kubokdan öncə daha önəmli oyunlarımız var, ona hazırlaşırıq. Ancaq qələbə üçün vuruşacağıq.
- Yığmanın son nəticələri barədə nə deyərdin?
- Heç nə. Məncə, düzgün deyil. Öz komandan barədə danışım, amma yığma barədə heç nə danışmaq istəmirəm.
- "Qarabağ"la qarşıda çətin derbi var.
- Turnir cədvəlində istədiyimiz yerdə deyilik. Amma yenə də motivasiyalıyıq. Növbəti oyunu düşünmək lazımdı. “Qarabağ”a qarşı da meydanda sona qədər döyüşəcəyik.
RÖYANƏ OĞUZ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта