RU

Suriya müharibəsinin gizlinləri: Sensasion məlumatlar, böyük güclərin PLANI – TƏHLİL

Suriyada müharibə yenidən alovlanıb. Noyabrın 27-də İdlibdə məskunlaşan müxalif qruplar Hələb şəhərinə və cənub-şərqə doğru qəfil hücuma keçdilər. Hücum qəfil və sürətli olub. Nəticədə dünən axşama qədər silahlı qruplar Hələb şəhərinin böyük hissəsini, o cümlədən Hələb beynəlxalq hava limanını, uzun illər mühasirədə qalaraq təslim olmamış Nubl və Zəhra qəsəbələrini ələ keçirdi. Ələ keçirilən yaşayış məntəqələrinin sayı onlarladır.

İdlibin cənubunda isə silahlı qruplar əvvəlcə M-4 və M-5 magistrallarının birləşdiyi Səraqib rayonuna hücum etdilər, dünən isə daha cənuba – Hama şəhərinə doğru irəlilədilər. Bundan başqa İdlibdən şərqə doğru irəliləyən bir başqa qrup isə Əbu əz-Zuhur qəsəbəsini ələ keçirib, Xənasir şəhərinə doğru irəliləyib.

Lakin dünən axşam Rusiya aviasiyasının şiddətli bombardmanları nəticəsində hücumlar dayanıb, bəzi ərazilərdə isə geri çəkilmə baş verib. Ancaq müxaliflər elan edib ki, əməliyyat sadəcə fasilə verib, qısa müddətdən sonra hücum davam edəcək.

Qeyd edək ki, 2017-ci ildə Bəşər Əsəd İran, Rusiya və Hizbullahın dəstəyi ilə müxalifləri İdlib vilayətinə sıxışdırdı. 2017-ci il sentyabr ayında Soçidə və 2020-ci il mart ayında Moskvada Putin və Ərdoğan arasında əldə olunmuş razılaşma əsasında İdlibdə atəşkəs bağlandı. Laziqiyyə ilə Hələb şəhərlərini birləşdirən M-4 magistralından şimalda müxaliflər olan ərazidə atəşkəsə Türkiyə patrulları, cənub və şərqdə Suriya ordusunun dayandığı istiqamətdə isə Rusiya və İran nəzarət edirdi. Ara-sıra kiçik toqquşmalar və ya bombalama olsa da, ümumilikdə İdlibdə atəşkəs davam edib.

Foto:

HTŞ üzvləri İdlibdə

İdlibdə qüvvələr yekcins deyil. Daha əvvəl 1,5 milyon insanın yaşadığı İdlibdə hazırda Suriyanın digər bölgələrindən köçürülən müxaliflər hesabına əhalinin sayı 3 milyonu ötüb. İdlibdə əsas güc sahibi kimi iki qüvvə var: Türkiyənin təsirində olan bir neçə silahlı qrupun birləşdiyi “Suriya Milli Ordusu” və əsasən islamçı qrupların birləşdiyi ən-Nusra Cəbhəsi qrupunun dayandığı “Heyət Təhrir əş-Şam” (HTŞ). Bundan başqa xarici ölkələrdən olan qruplar da var. Səmərqənd briqadasında əsasən Orta Asiya sakinləri, Türküstan İslam Partiyası isə uyğurlardan ibarət çox güclü hərbi qruplardır. Son hücumun favoriti isə HTŞ-dir.

Son döyüşlərin səbəbinə gəlincə, ilk günlərdə elan olundu ki, Suriya və Rusiya aviasiyasının İdlibi bombalamasına cavab olaraq müxaliflər Hələbə hücum ediblər. Lakin sonrakı günlərdə olanlar göstərdi ki, bu hücum əvvəldən yaxşı hazırlanmış əməliyyat olub. Müxaliflər cəbhə xəttindəki boşluqları biliblər, əməliyyat üçün uyğun zamanı seçiblər. Çünki hazırda Rusiyanın başı Ukraynada qarışıb, İran və Hizbullah isə Livanda “ilişib”.

Üstəlik HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani dedi ki, onlar Suriya və Türkiyə arasında danışıqları rədd edirlər və hücumları Dəməşqə qədər davam edəcək. Yəni bu, Suriya və Rusiya aviasiya bombardmanına bəsit bir reaksiya deyil, yaxşı hazırlanmış hücum idi.

Hücum o qədər gözlənilməz və şiddətli oldu ki, ilk gün 11 qəsəbə və kənd, sonrakı günlərdə isə 50-dən çox yaşayış məntəqəsi, o cümlədən Hələb şəhərinin mərkəzi hissəsi müxaliflərin əlinə keçdi.

Türkiyə mediası İdlib silahlılarına dəstək verir, prezident Ərdoğan da İdlib hücumunu dəstəklədi. Ancaq sonrakı günlərdə hökumət, o cümlədən XİN ehtiyatlı açıqlama verərək İdlib hücumunun arxasında Türkiyənin olması iddiasını rədd etdi.

Çünki İdlib hücumu faktiki olaraq 2020-ci il mart ayında Moskva razılaşmasını ləğv etmiş oldu. Yəni geri dönüşsüz proses başladı. Hazırda baş verənlərin iki mümkün ssenarisi var: Ya müxaliflər güclü olub daha böyük əraziləri ələ keçirməklə üstünlüyü təmin edəcək, ya da Bəşər Əsəd qüvvələrini toparlayıb İdlibə daxil olacaq.

İdlib hücumu Suriya ordusunun hazırlıqsız olduğunu göstərdi. Güman ki, Hizbullah və İran milisləri də çəkildiyi üçün qüvvə yetərsizliyi olub. Bundan başqa Suriya qüvvələri arasında koordinasiya problemi olub, üstəlik sentyabrın 27-də Livanda olduğu kimi rabitə cihazlarında partlayışlar baş verib. Nəticədə Hələb ətrafında koordinasiya itib və ordu geri çəkilməyə məcbur olub. Hər halda Suriya Müdafiə Nazirliyinin rəsmi məlumatında belə deyilir.

Ancaq bu bəyanatın nə qədər reallığı əks etdirdiyi yaxın günlərdə bilinəcək. Əgər Suriya qüvvələri toparlanıb əks-hücuma keçsələr, demək, deyilənlər doğrudur, olmasa, güman ki, geriləmələr davam edəcək.

Bu əməliyyata İsrailin dəstək verdiyi iddiaları var. Bu, onunla izah olunur ki, İran Suriya və Livana yardımları Suriyanın şimalından, əsasən də Deyr əz-Zor – Əbu Kamal rayonu istiqamətindəki İraq-Suriya magistralı ilə daşıyır. Ümumiyyətlə, son müharibə göstərdi ki, İranın bölgədə təsir gücü İsrail üçün ciddi problemdir. Bu mənada əməliyyata İsrailin dəstək verməsi iddiası ortaya atılıb.

Qərbin İldib hücumuna dəstək verməsi iddiası daha çox Türkiyə tərəfdən səsləndirilib. Ancaq ABŞ Suriyada əsasən kürd PYD/YPG-yə – Suriya Demokratik Qüvvələrinə – dəstək verdiyi üçün İdlibdəki silahlı radikal qruplara dəstək verməsi ehtimalı azdır. Üstəlik İdlib müxalifləri ilə kürdlər arasında dərin ədavətin və münaqişənin olması bu ehtimalı zəiflədir. Nəzərə almaq lazımdır ki, Hələb hücumundan sonra kürdlər Suriya ordusuna yardıma gəldi.

İdlib eskalasiyanın nəticələri haqqında indidən nəsə demək tezdir, müharibə davam edir. Yuxarıda qeyd etdiyimiz kimi, müxaliflər daha geniş ərazi götürüb Əsədə meydan oxuya bilər, yaxud da əks-hücum nəticəsində daha böyük əraziləri itirə bilərlər. Bu, müharibənin gedişində bilinəcək.

Bu savaş uğurlu olarsa, Türkiyə masada diktə edən tərəfə çevriləcək. Güman ki, Rusiya və Dəməşqi şərtləri ilə hesablaşmağa məcbur edəcək. Əks təqdirdə, yəni müxaliflər məğlub olarsa o zaman Ankara Dəməşqlə birbaşa danışıqlara gedib barışıq prosesinə başlamalı olacaq. Ancaq bu, gedişatdan asılı olacaq.

Bu eskalasiyada daha çox qazanmaq ehtimalı kürdlərə məxsusdur. Çünki döyüşlər nəticəsində artıq kürdlər yeni ərazilər əldə edib. Güman ki, son hadisələrin fonunda Bəşər Əsəd kürdlərlə razılaşmaya gedəcək və müəyyən ərazi mübahisələrini həll edəcəyi təqdirdə kürdlərlə barışacaq. Yəni gedişatdan asılı olaraq Suriya kürdlərinin mövqeyi güclənəcək. Yalnız bir halda Türkiyə Qərblə razılaşıb Suriyada kürdlərə qarşı növbəti əməliyyata başlaya bilər. Ancaq Vaşinqtonun buna nə qədər razı olacağı şübhəlidir./Globalinfo.az/

Избранный
35
24
turkustan.az

10Источники