RU

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

Kulis.az aktyor, rejissor Vüsal Mehrəliyevin müsahibəsini təqdim edir.

- “Pərdə” yayımlandığı dövrlərdə tez-tez görünürdünüz. Sonra qeybə çəkildiniz sanki. Sizi yeni film və seriallarda görəcəyik?

- Əslində, “Pərdə” filminə qədər və həmin dövrdə də mən film və seriallarda o qədər çox göründüyümü düşünmürəm. “Pərdə” çəkiləndən sonra isə rejissor təhsili almaq üçün Rusiyaya getməli oldum. Düzdü, bir neçə film və serialda çəkilmişəm, amma özümü kino sahəsinin adamı hesab etmirəm. Məni yeni film və seriallarda görüb-görməyəcəyinizə gəlincə, bu barədə heç nə deyə bilmərəm. Hansısa təkliflər olacaqsa, dəyərləndirə bilərəm. Film və serial, dediyim kimi, mənim əsas fəaliyyət sahəm deyil.Mənim əsas fəaliyyət sahəm teatrla bağlıdır, öz işimlə də məşğul oluram.

- Son illərdə çəkilən film və seriallara baxırsınız? Hansılarını daha çox bəyənirsiniz?

- Televiziya kanallarını izləmirəm deyə, seriallara da bütünlükdə baxmaq imkanım olmur. Adətən, filmləri internet üzərindən izləyirəm, hansısa seriallardan epizodları da daha çox sosial şəbəkələrdə görürəm. Çox yaxşı seriallar var, məsələn, elə Emil Quliyevin çəkdiyi, mənim də bəzi epizodlarında oynadığım “Əqrəb mövsümü”nü və ya son vaxtlar geniş müzakirələrə səbəb olmuş “Vətəndaş A” serialını misal çəkə bilərəm. Rənglər, aktyor seçimi, aktyor oyunundakı təbiiliyi çox bəyənirəm.

- Maraqlı film və seriallar çəkilir, ancaq bu işlərdə bəzən yersiz “mesaj vermək” xəstəliyi var, elə bil. Sizcə, bu, nə ilə əlaqədardır? Bəlkə, maarifçilik hələ canımızdan çıxmayıb?

- Ümumiyyətlə, incəsənət və onun hər bir sahəsi, eləcə də hər bir sənət əsəri hansısa mesajı ötürməlidir. Kinonun ötürdüyü mesajlar da həmin sahədə çalışan adamların yanaşmalarından asılıdır. Əsas məsələ odur ki, mesajı ötürən adamlar peşəkar olsunlar və mesajı da peşəkarlıqla ötürə bilsinlər.

- Uzun illərdir ki, teatrda işləyirsiniz. Sovetdən dövründən bu yana pərdə arxasında çox hadisə baş verir. Deyəsən, tendensiya hələ də davam edir.

- 1996-cı ildən teatr sahəsində çalışıram. Teatr fəaliyyətimə Gənc Tamaşaçılar Teatrından başlamışam. Düşünürəm ki, elə sovet dövründən üzü bəri pərdə arxasında baş verənlər elə pərdə arxasında qalsa, yaxşıdır. Belə məsləhətdir. Bu hadisələr ona görə pərdə arxasında baş verir ki, onlar elə pərdə arxasında qalmalıdır. Pərdənin önündə isə sənət, teatr olmalıdır.Teatr adamları da çalışmalıdılar ki, pərdə arxasında baş verənlər pərdə önünə çıxmasın.

- Rusiyada teatr fəaliyyəti ilə məşğulsunuz. Eyni zamanda bölgə teatrında - Mingəçevir Teatrında sizə vəzifə verildi. O mühitdən bu mühitə düşərkən hansı problemlərlə qarşılaşdınız? Necə adaptasiya oldunuz?

- Bəli, teatr təhsilimi Rusiyada davam etdirmişəm, indi də Rusiyada teatr fəaliyyəti ilə məşğul oluram. Məni Mingəçevir Teatrına baş rejissor vəzifəsinə təyin etmişdilər, müqavilə müddətim bitdi və orada fəaliyyətimi dayandırdım. Problemlərə gəlincə, sizin dediyiniz kimi, nəinki ölkə mühitini, hətta ölkə daxilində işlədiyi istənilən teatrı dəyişəndə rejissor bir başlıca problemlə üzləşir – o, truppanı tanımalı, onlara öyrəşməli və həmin truppanı özünə, öz layihəsinə, quracağı tamaşaya, görəcəyi işə uyğunlaşdırmalıdır. Əlbəttə, bu, müəyyən çətinliklər yaradır. Amma bu bizim peşəmizdir, biz də onun qanunlarına uymalıyıq.

- Sizcə, bölgə teatrlarında vəziyyət necədir? Konkret olaraq Mingəçevirdə. Orda da intriqalar eyni səviyyədə davam edir, bidiyim qədərilə.

- Mənim üçün bölgə teatrı anlayışı yoxdur, teatr anlayışı var və harada yerləşməsindən asılı olmayaraq, teatr hər yerdə teatrdır. Mingəçevir teatrı yaxşı teatrdır. Konkret mənim baş rejissor olduğum dövrdən danışsaq, Mingəçevirdə yaxşı truppa yetişdirə bildik. Orada fəaliyyətimiz də kifayət qədər məhsuldar olub. Mingəçevir teatrında Şekspirin “Otello”sunu oynaşmışıq, Azərbaycanda nadir hallarda müraciət olunan Nobel mükafatçısı Dario Fonun dramını səhnələşdirmişik, “Molla Nəsrəddin” jurnalının tarixinə işıq salmışıq – Xeyrəddin Qocanınəsəri əsasında “Zamanın ruzigarı” dramını Mingəçevir teatrının səhnəsinə adaptasiya etmişik, Monotamaşalar Festivalı və Poeziya festivalı keçirmişik. Orada baş rejissor işlədiyimmüddətdə yerli müəllifləri teatra cəlb etmişik. Elguselin (Günel Məcidova) müəllifi olduğu “Münəccim Səlimin nağılları” mənim quruluşumda çox uğurla nümayiş olunub, mən indi orada deyiləm, Moskva şəhərində fəaliyyət göstərirəm, amma indi də bu əsər teatrın repertuarında oynanılır. Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında hazırladığımız “Arşınmalalan” musiqili əsəri də böyük uğur qazandı..... Sadəcə, dediyim kimi, Mingəçevirdə müqavilə müddətim bitdi və hazırda Moskva şəhərində yenə teatr fəaliyyəti ilə məşğulam. Müasir Antrepriz Teatrında tamaşalar hazırlayıram... İntriqaya gəlincə, o, təkcə teatrda deyil. İntriqa bütün sahələrdə, elə ədəbiyyat sahəsində də var. Fikrimcə, onlara ciddi əhəmiyyət vermək lazım deyil, onlar həmişə olub və olacaq... Əgər hansısa sənət adamı intriqalar yaradırsa, demək ki, o, sənətlə yox, başqa işlərlə məşğuldur. Çünki sənət olan yerdə intriqa da, bütün digər məsələlər də ikinci plana keçir.

- İntriqaların əsas səbəbləri nədir? Bölgə teatrlarında maliyyə, pul bu qədər çoxdur? Yoxsa bu sadəcə eqo yarışıdır?

- Əgər mənim Mingəçevirdə işlədiyim dövrü nəzərdə tutursuzsa, orada hansısa intriqaların olduğunu düşünmürəm. Mən bu intriqalara heç vaxt yol açmamışam və onlara fikir veməmişəm. Hansısa aktyor-aktrisa arasında intriqa varsa, bu mənim üçün əhəmiyyətsiz məsələdir. Pula gəlincə, mən rejissoram, rejissura ilə məşğul oluram, pul məsələləri ilə heç vaxt maraqlanmamışam. Teatr nə qədər qazanır, pullar hara xərclənir və sair – bunlar mənim sahəm deyil. Mən öz işimlə - səhnə fəaliyyəti ilə məşğul olmuşam. Pulun az ya çox olması ilə də maraqlanmamışam. Mənim üçün teatrda normal truppa və yaxşı repertuarın olması, repertuarda klassik tamaşaların yer alması, aktyorun, rəssamın, musiqi tərtibatçısının yetişməsi maraqlıdır. Öz fəaliyyətim barədə bunu da deyə bilərəm ki, Mingəçevirdə teatr rəssamı da, teatr üçün pyes yazan müəlliflər, beş-altı aktyor da yetişdirmişik, onlar bu gün də Mingəçevir teatrında fəaliyyət göstərirlər. Bir sözlə, mənim işim yaradıcı işdir və maliyyə məsələləri ilə maraqlanmamışam, bundan sonra da maraqlanmaq fikrim yoxdur.

- Konkret hansı problemlərlə üzləşmisiniz?

- Bölgələrdə yerləşən teatrlarda peşəkar kadr çatışmazlığı hiss olunur. Bu da, əsasən, rejissorlarla bağlı məsələdir. Təkrar edirəm, rejissorlar kadr yetişdirməlidirlər. Yaradıcı heyəti də, yaradıcı istiqaməti də onlar müəyyənləşdirməlidirlər. Mən kadr çatışmazlığı problemi ilə üzləmişəm – yəni peşəkar aktyorlar, rəssamlar, musiqiçilər azdır. Təvazökarlıqdan kənar səslənsə də, düşünürəm ki,Mingəçevir teatrında bunun öhdəsindən məharətlə gəlmişəm. Teatrın bütün işçiləri, hazırda orada fəaliyyət göstərən bütün əməkdaşlar da bunu təsdiq edə bilərlər. Mən bilirdim ki, bu poblemlər var və onların öhdəsindən rahatlıqla gəlirdim. Fikrimcə, rejissorun əsas vəzifələrindən biri də elə bu problemləri həll etməkdir. Sadəcə, teatrı peşəkarlara vermək və onları da peşəkar rejissora etibar etmək lazımdır. Rejissoru olmayan teatrın yaradıcı istiqaməti, yaradıcılıq siyasəti, repertuar siyasəti də olmayacaq. Truppanın vəziyyətini, onun hazırlıq səviyyəsini məhz rejissor bilir və truppanı da mütləq o istiqamətləndirməlidir. Səhnədə əsas iş səhnə fəaliyyəti ilə bağlıdırsa, onun istiqamətini təyin edən rejissordur. Başqa sözlə, rejissor - mayakdır.

- Bir müddət əvvəl İrəvan Teatrında da aktyorlar rəhbərlikdən narazılıq edirdilər. Hətta bəziləri teatrdan çıxdı. Qəribədir. Bir teatr mifi var, amma pərdə arxası da bir o qədər qaranlıqdır.

- Pərdə arxası elə qaranlıq olmalıdır. Bilirəm ki, orada aktyorlar işdən çıxıb. Sadəcə, düşünürəm ki, aktyorların direktordan heç bir narazılığı ola bilməz. Bu mənada, başverənləri anlamıram. Aktyorun rejissordan narazılığı ola bilər. Bu da təbiidir. Tovstonoqov Leninqrad teatrına bədii rəhbər təyin ediləndə truppanın 85 faizini işdən çıxardı. Orada da narazılıqlar vardı. Amma Tovstonoqov Leninqrad teatrını dünyaya tanıtdı, onu beynəlxalq miqyaslı bir teatra çevirdi. Konkret suala cavab verməyə çətinlik çəkirəm. Çünki mən İrəvan teatrında da fəaliyyət göstərmişəm. Orada tamaşalara plastik həll vermişəm, vaxtilə orada tamaşa hazırlamışam. İrəvan teatrının çox gözəl truppası və maraqlı repertuarı var. Fikrimcə, hər hansı narazılıq olubsa da, bu, baş verməməli, heç olmasa, məsələ geniş ictimaiyyətə çıxarılmamalı idi. Rəhbərlik də, aktyorlar özləri də buna imkan verməməli idilər.

- Tamaşaçılar necə, gəlirlər tamaşalara?

- Tamaşaçılar gəlirlər. Az da olur, çox da, amma gəlirlər. Əsas bizim onlara göstərmək istədiyimiz tamaşaların bədii səviyyəsidir. Əgər tamaşaçı peşəkarlıqla hazırlanmış tamaşaya baxsa, gələn dəfə bir də gələcək və mütləq özü ilə iki nəfər gətirəcək. Bunu mən Mingəçevir teatrındakı təcrübəmdən deyirəm, inanın, hər tamaşadan sonra zalda tamaşaçıların sayı artırdı. Hər şəhərdə, bölgədə həkim, müəllim, tələbə, şagird heyəti və eləcə də sadə tamaşaçılar var, ən vacibi odur ki, rejissor yüksək zövqlü tamaşalar hazırlasın və bu işi peşəkarcasına görsün. Burada açar söz peşəkarlıqdır.

- Yeni tamaşalar qoyulur, bəzən dekor, geyimlər də yaxşıdır, ancaq sanki yaradıcılıq çatışmır son zamanlarda baxdığım tamaşalarda. Fərqli atmosfer yoxdur. Siz necə düşünürsünüz?

- Bilmirəm siz hansı tamaşaları nəzərdə tutursuz. Son zamanlar Moskvada olduğum üçün Azərbaycandakı tamaşalara baxmamışam, yalnız internet resuslarının imkan verdiyi qədər izləmişəm. Təkrar edirəm, tamaşa ilk növbədə peşəkarlıqla hazırlanmalıdır. Dekor da, geyimlər də, rejissorun çatdırmaq istəydiyi mesaj da peşəkar dillə ötürülsə, siz o fərqli atmosferi mütləq hiss edəcəksiz. Teatr - estetikadır və hər teatrın öz estetikası, öz repertuar siyasəti var. Yetər ki, bütün bunlar peşəkarcasına icra olunsun.

- Rusiyadakı teatrlarla bizimkilər arasında hansı fərqlər var? Hər halda orda da var intriqalar.

- Əlbəttə, hər yerdə, o cümlədən Rusiya teatrlarında da intriqalar var. Amma təbii, bizimlə Rusiya teatrları arasında fərq nəzərə çarpacaq qədər böyükdür. Ən böyük fərq ondadır ki, Rusiya teatrları daha peşəkardır, yəni orada çalışanlar peşəkar kadrların sayı daha çoxdur. Buda təbiidir. Çünki Rusiyada sırf teatr mütəxxəsisi hazırlayan 100-dən çox ali, orta məktəb və orta-texniki tədris müəssisəsi var. Təkcə Moskvada az qala minə qədər teatr var.Rusiyada intriqalar da fərqlidir, pərdə arxasında gedir və ortaya qoyulan sənətin fonunda – tam arxa planda qalır.

- Teatrımızın gələcəyini necə görürsünüz? Ümid varmı?

- Əlbəttə, Azərbaycan teatrının gələcəyini çox parlaq görürəm. Mən bizim teatrın dünya teatrlarına yaxınlaşacağına və onlarla bir sırada dayanacağına əminəm. Bir çox teatrımız dünya teatrları ilə ayaqlaşa da bilirlər. Ad da çəkə bilərəm. Vəziyyət qətiyyən ümidsiz deyil. Hər şey vaxta bağlıdır. Çalışmaq lazımdır ki, teatrda peşəkarlar çalışsınlar. Peşəkarlar – istər rəssam olsun, istər aktyor, ya rejissor - nə qədər çox olarsa, biz bu mərhələni daha tez keçərik. İnanıram ki, tezliklə teatrlarımızın xoş sorağı dünya teatrları ilə eyni vaxtda, eyni sırada gələcək. Artıq belə xoş sədalar eşidilməkdədir.

Избранный
56
kulis.az

1Источники