Son günlər Ukraynanın dörd ölkə – Rumıniya, Polşa, Almaniya və Böyük Britaniya arasında bölünməsi ilə bağlı iddialar geniş müzakirə olunur.
Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) tərəfindən irəli sürülən bu bəyanatlar NATO-ya qarşı və "sülhməramlı missiya" adı altında ərazilərin "işğalı" ilə bağlı ittihamlarla müşayiət olunur.
Rusiya XKX-nin mətbuat xidməti iddia edir ki, Qərb Ukraynaya təxminən 100 minlik "sülhməramlı qüvvə" göndərməyə hazırlaşır və bununla da faktiki işğalı həyata keçirmək niyyətindədir. Bu missiya çərçivəsində Ukrayna ərazilərinin aşağıdakı şəkildə bölünəcəyi iddia edilir:
• Qara dəniz sahili – Rumıniyanın nəzarətinə veriləcək,
• Ukraynanın qərb bölgələri – Polşanın idarəsinə keçəcək,
• Mərkəzi və şərq regionları – Almaniyanın himayəsində olacaq,
• Şimal, o cümlədən Kiyev bölgəsi – Böyük Britaniyanın təsiri altında olacaq.
Bundan əlavə, Xarici Kəşfiyyat Xidməti (XKX) məlumat yayıb ki, alman hərbçiləri artıq İkinci Dünya müharibəsi dövründə alman-faşist işğalçılarının Ukraynada tətbiq etdiyi işğal rejimi təcrübəsinə müraciət edib.
"Bununla əlaqədar olaraq, Bundsverdə belə qənaətə gəlinib ki, polis funksiyalarını yerinə yetirmək ukraynalı millətçi dəstələrsiz mümkün olmayacaq. Onlara yeni ad veriləcək, lakin mahiyyət etibarilə, bunlar yenə də banderist cəza dəstələri olacaq", – deyə XKX bildirib.
"Rusiyaya belə bir sülh nizamlanması lazımdırmı? Cavab aydındır", – deyə bildirilib.
Rusiya Xarici Kəşfiyyat Xidməti NATO-nun münaqişənin dondurulması və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpası ilə bağlı addımlar atmaq fikrində olduğunu da bildirib. Qeyd olunub ki, alyans Ukraynada səfərbər olunmuş bir milyondan çox ukraynalını hazırlamaq üçün təlim mərkəzləri açır.
"Moskvada bir belə yer var, adı RİSİ – Rusiya Strateji Tədqiqatlar İnstitutu. O, "Milli Strategiya Problemləri" adlı "elmi" jurnal buraxır. Bu jurnalın səhifələrində mütəmadi olaraq antivaksinator dəlilər, “Sion müdriklərinin protokolları” tədqiqatçıları, dünya masonlarının qəsdini ifşa edənlər, “qaralara”, geylərə, abortlara və ya Ukrayna və ya ABŞ biolaboratoriyalarından gələn döyüş ağcaqanadlarına qarşı mübarizə aparanlar çıxış edir.
Bu “institut”un əsas fəaliyyəti “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması sahəsində dövlət siyasətinin strateji istiqamətlərinin formalaşdırılması zamanı federal hakimiyyət orqanlarının informasiya-analitik təminatı”dır. Onun üçün dövlət sifarişi hər il Rusiya Prezidenti Administrasiyası tərəfindən hazırlanır və şəxsən onun rəhbəri tərəfindən təsdiq edilir."
Bu sözləri “Cebheinfo.az”-a mövzu ilə bağlı ukraynalı hərbi ekspert, politoloq Pavel Lakiyçuk deyib. Onun sözlərinə görə, 5-7 il əvvəl" The New York Times"-ın Moskva müxbiri RİSİ-ni “keçmiş casuslar üçün yarıpensiya sığınacağı” və “xarici kəşfiyyatın keçmiş əməkdaşlarının ləyaqətlə işləyə biləcəyi yer” kimi xarakterizə etmişdi:
"Eyni fikirdə olan "The Moscow Times" yazır ki, RİSİ istifadə müddəti bitmiş casusların təqaüdə göndərildiyi yerdir. Onun keçmiş direktoru, Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Leonid Reşetnikov institutun nüfuzunu yerlə yeksan edən insan olub.
Reşetnikov artıq təqaüddədir, tamamilə ağılını itirib, son zamanlarda “Çargrad TV” adlı məşhur telekanala rəhbərlik edir. RİSİ-yə isə məşhur şəxs, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Mixail Yefimoviç Fradkov başçılıq edir. Belə olduğu halda siz nə gözləyirsiniz? Siyasi karyerası uğursuz olmuş casuslar, Avropa ölkələrindən toplu şəkildə qovulanlar, bu “çörəkli yerlər”ə üz tuturlar. Kim ödəyirsə, musiqini də o sifariş edir. "Milli Strategiya Problemləri" jurnalında SVR brifinqinin geniş versiyasını gözləyin",- deyə ekspert bildirib.
P.Lakiyçuk qeyd edib ki,Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında, Narışkinin ofisindən fərqli olaraq, belə bir sığınacaq yoxdur. Buna görə də, onlar yalnız “Gerasimov doktrinası” çərçivəsində planlar çəkməklə kifayətlənirlər.
"Hər şey sadədir. Molla Nəsrəddin lətifəsində olduğu kimi, iyirmi ilə üçümüzdən biri mütləq öləcək – ya əmir, ya eşşək, ya da mən. Onda da get başa düş gör, kim daha yaxşı ilahiyyat bilirdi.
Düzünü desəm, mənə yaşlı Moskva generallarının qum üzərində çəkdikləri şəkillər maraqlı deyil. Daha maraqlısı isə Putinin Sonuncu Rusiya İmperiyasının necə çökəcəyini təxmin etməkdir. Bu proses azadlığı sevən Qafqaz xalqlarının öz müqəddəratını təyin etməsindənmi başlayacaq? Yoxsa birincilər insan yaşamayan Sibir ətrafları olacaq? İmperiyanın xarabalıqları üzərində gənc və iddialı milli dövlətlərmi yaranacaq? Yoxsa iyirmi ildən sonra bizdən şərqdə Böyük Çin Divarı ucalacaq? "Milli Strategiya Problemləri" jurnalının redaktorunun masasını aşağı siyirtməsində artıq planın qaralamaları varmı?"- deyə ekspert vurğulayıb.