RU

Stellantis şirkətində gərginlik

Fins.az -  Avtomobil sənayesində böyük təsirə malik olan Stellantis şirkətində rəhbərlik böhranı yaşanır.

Şirkətin baş direktoru Karlos Tavares gözlənilmədən istefa verib. Bu barədə Stellantis-in rəsmi bəyanatında bildirilib.

66 yaşlı Tavaresin qərarı dərhal qüvvəyə minib. O, ABŞ bazarında Jeep və Fiat avtomobillərinin satışlarının azalması və gəlirin düşməsi fonunda vəzifəsindən ayrılıb. Oktyabr ayında Tavares jurnalistlərə müqaviləsinin 2026-cı ildə bitəcəyini və o zamana qədər şirkətdə qalacağını açıqlamışdı. Lakin son proseslər onun qərarını sürətləndirib.

Şirkətin İdarə Heyəti sədri Con Elkannın sədrliyi ilə yeni baş direktorun təyin edilməsi prosesi başladılıb. Stellantis-dən verilən məlumata görə, bu proses 2025-ci ilin birinci yarısında tamamlanacaq. Bu müddətdə Elkannın rəhbərliyi altında müvəqqəti icra komitəsi fəaliyyət göstərəcək.

Stellantis, Jeep, Ram, Maserati və Peugeot kimi məşhur avtomobil brendlərini istehsal edən nəhəng avtomobil alyansıdır. Şirkət bu böhrandan minimal təsirlə çıxmaq üçün struktur islahatlarını davam etdirəcəyini bildirib.

Bu istefa avtomobil sənayesində geniş müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, Tavaresin ayrılması Stellantis-in gələcək strategiyasına ciddi təsir göstərə bilər.

Избранный
294
fins.az

1Источники