RU

Göyərçinləri yemləyən qadın "CƏRİMƏLƏNDİ" - Deputatın təklifinə yazıçıdan TƏNQİD

Xəbər verdiyimiz kimi, Milli Məclisin 7 noyabrda keçirilən iclasında millət vəkili Sahib Alıyev şəhərdə göyərçinləri yemləyənlərin cərimələnməsini təklif etmişdi. Təbii ki, deputatın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Hətta həmkarı Qüdrət Həsənquliyev də buna etiraz etmişdi:  “Mən və ailə üzvlərim həyətdə 15 pişik saxlayırıq, onlara yemək veririk və bir çoxunu peyvənd etdiririk. O quşlar acından ölsün? Heyvanların yemlənməsini qadağan etsək, onda cəmiyyətdə mərhəmət hissini aradan qaldırmış olarıq”.

Redaktor.az xəbər verir ki, tanınmış yazıçı Meyxoş Abdullah bu günlərdə “Zavallı göyərçinlər”adlı yeni bir hekayə yazıb. Hekayədə yazıçı adı çəkilən mövzuya diqqət çəkib.

Mövzunun aktuallığını nəzərə alaraq həmin hekayəni təqdim edirik:

"Kəkilli, ayağı xınalı ana göyərçin dan yeri söküləndə gözlərini açıb, qanadlarını gərdi. Axşam bərk soyuq olduğundan canı azca üşümüşdü. Havalar get-gedə soyuyurdu. Belə davam edərsə, yəqin ki, yaxın günlərdə qar yağacaqdır, – deyə Kəkilli ana göyərçin qanadlarını geniş açaraq, buz kimi soyuq havanı ciyərlərinə çəkdi.

Göyərçinlər neçə illərdi ki, şəhərin mərkəzindəki böyük binanın damında məskən salmışdılar. Bir dəstə göyərçindilər. Hamısı da bir-birinə doğma, yaxın idilər.

Kəkilli, ayağı xınalı ana göyərçin neçə illər bundan qabaq cütləşdiyi Çil erkəyi ilə xoşbəxt yaşayırdı. Dəstədəki göyərçinlərin yarıdan çoxu onların doğma balalarıydi. Bu günə qədər yaşayışlarından narazı deyildilər. İnsanlar onları sevir, qayğı göstərir, yemləyirdilər.

Məskən saldıqları binanın qarşısındakı kiçik meydançada hər səhər onlara yem gətirən qoca bir qarı vardı. Qoca qarı hər gün sübh tezdən gələr və onları yemləyərdi. Göyərçinlər qoca qarıya çox öyrəşmişdilər. Onu görən kimi yuvalarından “pırrr” eyləyib uçar və o xeyirxah qarının ətrafında dövrə vuraraq nazlanardılar.

Qoca qarı da onları çox sevirdi. Əlağacına söykənərək, bükülmüş qəddini bir azca düzəldib, bir xeyli onlara tamaşa edərdi. Sonra əlində gətirdiyi torbanın ağzını açar və içindəki buğda dənlərini asfaltın üzərinə səpərdi.

Ac göyərçinlər havada qanad çalaraq yerə enib, asfaltın üzərindəki dənləri acgözlülüklə dənləməyə başlardılar. Yeyib çinədanlarını doyuzdurduqdan sonra havaya qalxıb, qoca qadının başı üzərində bir neçə dəfə dövrə vuraraq, sanki öz minnətdarlıqlarını ona bildirərək yuvalarına doğru uçardılar.

Neçə illərdi ki, beləcə davam edirdi. Hər dəfə göyərçinlər səhər tezdən qoca qarını görən kimi onun yanına uçar və qadının gətirdiyi yemi acgözlülüklə dənləyib yeyərdilər. Artıq onlar buna vərdiş etmişdilər. Qadın gözə görünməyincə, onlar da yaşadıqları binanın damından bayıra çıxmazdılar.

Bir gün göyərçinlər yuxudan ayılıb ətrafa göz gəzdirdilər. Son payız günəşinin solğun şüaları ətrafa yayılsa da, qoca qarı hələ görünmürdü. Ara-sıra belə hallar olurdu. Qoca qarı, ya xəstələnib yorğan-döşəyə düşəndə, ya da vacib bir işi olanda qonşularından kimsə özünü çatdırıb göyərçinlərin yemini gətirib verərdi. Belə hallara çox az-az təsadüf olurdu.

Göyərçinlər bir az da gözlədilər, amma yenə də onları yemləyən qarıdan bir xəbər-ətər yox idi. Artıq, günortadan xeyli ötmüşdü. Göyərçinlərin qarnı ac idi. Buna baxmayaraq, onlar yuvalarından bayıra çıxmağa tələsmirdilər.

Göyərçinlərin gözü Çil ata göyərçində idi. Ondan qərar gözləyirdilər. Çünki Çil göyərçin onların hamısından yaşlı, həm də dəstənin böyüyü idi. Ata göyərçin çox narahat görünürdü. Kəkilli, ayağı xınalı ana göyərçinin səbri tükənmək üzrəydi. Hələ indiyə kimi o belə halla rastlaşmamışdı. Odur ki, Çil ata göyərçindən soruşdu:

– Bəlkə, sən deyəsən nə baş veribdi?!

Çil göyərçin bir neçə dəfə boynunu sağa-sola hərləyib qanadlarını astaca çırpdı:

– Doğrusu, mən də bu hala mətəəl qalmışam. O qarıya görəsən nə olubdur? Bəlkə, o ölübdür?

Ata göyərçinin bu sözləri ətrafdakıları bərk təşvişə saldı. Quşlar qorxu içində boyunlarını döndərib ona tərəf baxdılar.

– Hə də, qoca qarıdır, nə desən ola bilər, – deyə ata göyərçin quşları başa salmağa çalışdı. Göyərçinlərin içindən Qara quyruq göyərçin dərindən ah çəkib dedi:

– Bəs, onda bizim halımız necə olacaqdır?! Biz haradan yem tapacağıq? Onsuz da, son vaxtlar bu şəhərdə insanların vəziyyəti o qədər də yaxşı deyil. Kasıbçılıqdandır, ya nədən insanlar əllərindəki yeməklərin qırıntılarını da bizə atmırlar. Elə bil aclıq baş veribdir yeməklərin son qırıntılarını da ağızlarına təpib, acgözlülüklə gəvələyirlər. Qabaqlar, səkilərin qıraqları, zibil qablarının içi çörək qırıntıları ilə dolu olardı. Nə oldu görəsən bunlara?

Kəkilli ana göyərçin Çil ata göyərçinə sığınıb, onun böyür-başını dimdiklədi:

– Bir havaya qal, uç gör bu nə məsələdir? Axı, səndən başqa bu işi kim görəcəkdir? Görmürsən, balalarımız aclığa tap gətirə bilməyib, ağızlarına gələni danışırlar?

Ata göyərçin qanad çalıb, yaşadıqları binanın ətrafında bir-iki dövrə vurdu. Göy üzündən hər şey apaydınca görünürdü. Adamlar həmişə olduğu kimi ora-bura vurxunurdular. Çil göyərçin dövrə vurub meydanın ortasındakı heykəlin üstünə qondu.

O, bir xeyli heykəlin üstündə oturub ətrafa nəzər saldı. Hər kəs öz işində idi. Qoca qarıdan da bir soraq yox idi.

Bir azdan səbri kəsilən Çil ata göyərçin uçub yuvaya döndü.

Quşlar onu səbirsizliklə gözləyirdilər. Yuvaya qayıdan kimi tez onu dövrəyə aldılar:

– Şəhərdə nə baş verib, o qadın hardadır?! – deyə yerbəyerdən soruşdular.

– Bilmirəm. Heç nə bilmirəm! Səsinizi kəsin, bir də məndən heç nə soruşmayın! – deyə ata göyərçin əsəbi halda qanad çalaraq özünü havada aslı vəziyyətdə saxladı. Araya ölü sükut çökdü. Quşlardan heç biri ata göyərçinin qorxusundan daha səsini çıxartmadı.

Göyərçinlər o günü ac-susuz keçirtdilər. Axşam hamı yuxuya gedəndən sonra Kəkilli ayağı xınalı ana göyərçin Çil ata gəyərçinin böyrünə sığınaraq astaca:

– Ağlın nə kəsir, əzizim, sabah da beləcə ac qalacağıq?!

Çil göyərçin dərindən köks ötürüb:

– Bilmirəm. Bəlkə də, hə… bəlkə də yox! – Məni ən çox narahat edən ac qalmağımız deyil, o qoca qarının taleyidir. Görəsən, ona nə olmuşdur?

Kəkilli ana göyərçin məsələni dərinləşdirməmək üçün dedi:

– Sabahı gözləyək. Elə bilirəm ki, hər şey yaxşı olacaqdır.

Səhər açılanda, artıq, qar yağırdı. Hava bərk soyumuşdu. Göyərçinlər bu gecə acqarına yatdıqlarına görə, yuxudan lap tez oyanmışdılar. Qarınları ac olduğu üçün bir-birlərini dimdikləyib, civildəşirdilər. Hamısının gözləri heykəlin qarşısındakı meydançaya dikilmişdi, qoca qarının yolunu gözləyirdilər. Vaxtın ötməsinə baxmayaraq, hələ də qoca qarıdan bir xəbər yox idi. Görəsən, o hardadır?! – deyə quşlar sual dolu baxışlarla bir-birlərinin üzünə baxırdılar.

Günortadan xeyli ötmüşdü. Hələ də, qarıdan bir soraq yox idi. Göyərçinlərin canını qaraqayda almışdı. Ümidləri tamam kəslimişdi. Dəstədə narazılıqlar eşidilməkdə idi. Çil ata göyərçin qərarını verdi:

– Yuvalarınızdan dağılın!.. İtilin burdan, tənbəllər. Gedin, çöldə-bayırda qarnınızı doyurun. Lap, əvvəlki vaxtlarda olduğu kimi. Bəsdirin, zəhləmi töküb civildəşdiniz. Ola bilsin ki, bundan sonra daha bizi yemləyən tapılmasın.

Dəstə üzvləri onun bu sözlərinə bənd imiş kimi yuvalarından “pırr” eyləyib uçaraq, ətrafa səpələndilər. Yuvada Çil ata göyərçin, bir də Kəkilli ana göyərçin qaldı.

– Mən bu məsələnin axırına çıxmalıyam. Görüm, nə baş veribdir? – deyə Çil ata göyərçin qəmli-qəmli köks ötürdü.

– Haradan öyrənəcəksən bunları? – ana göyərçin yazıq-yazıq onun üzünə baxdı.

– Qonşumuz Ala Sağsağan bilməmiş olmaz. Hərçəndi, mənim ondan xoşum gəlmir, o çox sözbaz, xəbərçi, əclaf bir quşdur. Amma bu işi ondan başqa bilən olmaz, gedim ondan bir xəbər öyrənim.

Ana göyərçin razılaşdı:

– Elə isə yubanma onun yanına uç, məsələni ondan soruş, – deyə Kəkilli ana göyərçin ata göyərçini tələsdirdi.

Ala Sağsağan göyərçinlər yaşayan binanın yanındakı qovaq ağacında yuva qurmuşdu. Bir müddət olardi ki, onlar qonşu idilər. Ala Sağsağanın da göyərçinlərdən xoşu gəlmirdi. Ona görə ki, qoca qarı hər səhər göyərçinlərə dən gətirəndə, o da yuvasından uçub meydana enər və göyərçinlərin payına şərik olmağa çalışardı. Amma göyərçinlər ona dən yeməyə imkan verməzdilər. Ona görə də, sağsağan göyərçinlərin əlindən bərk qəzəbli idi.

Çil ata göyərçin sağsağan yaşayan qovaq ağacına tərəf uçdu. Sağsağan qovaq ağacının budağı üstə oturub bitlənirdi. Qonşusu Çil göyərçini görəndə quyruğunu bir-iki dəfə aşağı-yuxarı qaldırıb, endirərək, qəzəblə qarıldadı.

Çil göyərçin onun yaxınlığındakı budağa qonub dedi:

– Səsini kəs görüm, qonşu. Bir məsələ barədə səndən məsləhət almağa gəlmişəm.

Sağsağan qarıldadı:

– Məsləhət?!.. Nə vaxtdan məndən məsləhət alan olmusan?! Siz ki, məni heç quş saymırsınız.

Çil ata göyərçin bir qədər susdu. Ala Sağsağan lovğalanaraq:

– Dimdiyini sallama, de görüm, nə məsələdi? Bəlkə, acınızdan ölürsünüz, sizə dən verən yoxdur, ona görə yanıma məsləhətə gəlmisən? Düz deyirəmmi?

Çil göyərçin heyrətindən qanadlarını bir neçə dəfə çırparaq:

– Hə, doğrudur! Amma bunlar nəyə görə baş verib, onu öyrənməyə gəlmişəm yanına. Sən bunları bilməmiş olmazsan.

– Bilirəm. Əlbəttə ki, bilirəm! – deyə sağsağan ağ tüklü sinəsini qabağa verdi.

– Nəyi bilirsən? – deyə Çil göyərçin maraqla soruşdu.

– Qoca qarının tutulub, cərimələnməsini.

Çil ata göyərçin eşitdiklərindən heyrətə gələrək:

– Onu niyə tutub, cərimələyiblər? Kim bunu edib? – deyə soruşdu.

– Sizi yemlədiyinə görə. – Hə, o yazığı sizə görə cəzalandırdılar.

– Bizi yemlədiyinə görə? Bəs, o qarı əvvəllər də bizi yemləyirdi, axı? Onda onu heç cəzalandıran yox idi.

– Bəli, əvvəllər də yemləyirdi. Amma bundan sonra daha yemləməyəcək. Ona görə ki, insanlar qanun çıxartdıblar ki, siz göyərçinləri yemləmək olmaz.

– Niyə?! Çil göyərçin təəccüblə sağsağanın üzünə baxdı.

– Niyə?.. Niyə?… Ona görə ki siz xəstəsiniz, mikrob, infeksiya yayırsınız, hər yeri zibilləyirsiniz. Qısası, murdar quşsunuz.

– Yalandır. Biz xəstə deyilik, biz Sülh göyərçinləriyik. Məgər, bunu insanlar bilmirlər? Axı onların özləri bizə “Sülh göyərçini” adını veriblər. Biz sənin kimi quşlardan fərqli olaraq, eybəcər, yırtıcı deyilik, insanlara həmişə yaxın olmuşuq, onlarla həmişə bir yerdə mehriban yaşamışıq.

– Sülh göyərçinləri… Pah… Ala Sağsağan qəhqəhə çəkib güldü. O, çox-çox əvvəllər olub, ağıllı adamların zamanında. İndi dünyanın hər yerində müharibələr gedir, insanlar bir-birlərinin qanını axıdırlar. Kimə lazımdır sülh? Adamlara sülh lazım olmadığı kimi, heç sülh göyərçinləri də lazım deyil. Ona görə də, sizin haqqınızda ayrıca qərar çıxardıblar ki, sizi kim yemləsə, o adam cəzalanacaqdır! Qoca qarını da, iki gün bundan qabaq mənim gözlərimin qarşısında maşına basıb apardılar. İndi o sorğu-sualdadır. Eşitdiyimə görə, onu elə cərmələyiblər ki, nəinki, builki təqaüdü, hələ gələn ildə də alacağı təqaüdündən cərimə ödəyəcəkdir. İndi özü ac-susuz oturub evinin bir küncündə, sizi düşünməyə taqəti belə yoxdur, ay yazıqlar. – deyə Ala Sağsağan qəhqəhə çəkib güldü.

– O sağdır! – deyə, Çil göyərçin zarıdı.

– Hələlik, sağdır. Amma yəqin ki, bir-iki günə acından öləcəkdir.

Çil göyərçin bu sözləri sağsağandan eşidəndə gözləri doldu. Ac qaldıqlarına görə yox, qoca qarını ac qoyduqlarına görə heyfsləndi.

– Bəs, niyə insanlar, təkcə bizə bu qərarı çıxarıblar. Axı, küçələrdə gör nə qədər sahibsiz itlər, pişiklər dolaşır. Bəs, onlar xəstəlik yaymırlar? Elə sizin özünüz, azmı xəstəlik yayırsınız? Bəs, siz kimə lazımsınız?

Sağsağan uçub bir az yaxına, Çil göyərçin qonan budağa qonub uzun dimdiyini ona tərəf uzadaraq yavaşca:

– A bədbəxt quş, zamanə çox dəyişibdir. İndi mənim kimi sağsağanların dövrüdür. Sənə qonşu kimi bir məsləhət verim, nə qədər ki, acınızdan gəbərməyibsiniz, uçun gedin buralardan, yazıqsınız. Sizə görə, yazıq adamlar da əziyyət çəkirlər. Heç olmasa onları düşünün.

Ala Sağsağanın bu sözlərindən sonra Çil göyərçin qanad çalıb yuvasına qayıtdı.

Quşlar yuvada onu gözləyirdilər. Çil göyərçin məyus-məyus quşlara nəzər yetirdi. Quşların hamısı gözlərini onun gözlərinin içinə dikib nə baş verdiyini öyrənmək istəyirdilər.

Çil göyərçin asta-asta başını qovzayıb dedi:

– Yığışın, bu məkanı tərk edib gedirik!..

– Niyə?!.. – quşlar yerbəyerdən civildəşdilər.

– Ona görə ki, deyəsən, insanlara əmin-əmanlıq lazım deyil. Onlar sülh istəmirlər. Sülh olmayan yerdə isə, xeyir-bərəkət, dinclik olmur, əzizlərim. Əmin-əmanlıq olmayan yerdə isə, bizə ehtiyac yoxdur, – deyə Çil ata göyərçin dərindən köks ötürdü.

– Bəs, onda biz hara uçaq? Axı, hər yerdə qanqadadır, müharibələr gedir. Şərqdən tutmuş qərbə, cənubdan tutmuş şimala qədər dünyanın hər yerində od-alov yağır, insanlar bir-birlərinin qanını tökürlər, – deyə Kəkilli ayağı xınalı ana göyərçin kövrəldi.

Çil ata göyərçin xırıltılı, boğuq səslə:

– Elədir. İndi hər yerdə insanlar bir-birlərinə qənim kəsilibdir, bir-birlərinin qanını tökürlər. Dünyanın bu qədər nizamsız, təlatümlü vaxtı olmamışdı. – Mənə qulaq asın, hamı eşitsin! – deyə Çil ata göyərçin səsini ucaltdı:

– Biz göy üzünə uçuruq, açıq səmaya. Bizim yerimiz hələlik ora olacaqdır. Gücünüz çatdığı qədər dözün, qanad çalın, bizim başqa çarəmiz yoxdur. Öləriksə, qoy səmada, mavi göylərdə ölək, adımıza layiq, Sülh göyərçinləri kimi…

Göyərçinlər qanad çalıb havaya qalxdılar. Açıq səmada onlar dövrə vuraraq, çox xoşbəxt görünürdülər…"

Hazırladı: Vasif ƏLİHÜSEYN 

MARAQLI

 

 

Избранный
17
1
redaktor.az

2Источники