RU

Rusiya “İctimai forumla” Ermənistandan nə qoparmaq istəyir...

Image

Əli Orucov: “Rusiya fərqindədir ki, Tramp dövründə əvvəlki kimi Ermənistana xüsusi diqqət olmayacaq”

Cənubi Qafqaz ölkələri kollektiv Qərbin müdaxilələrinə qarşı diqqətli olmalıdırlar. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada keçirilən “Rusiya-Ermənistan” adlı ikinci ictimai forumda çıxışı zamanı bildirib.

“Bir müddət əvvəl biz Gürcüstan rəhbərliyinin, bu ölkənin ictimaiyyətinin kollektiv Qərbin ən ağır hücumlarına və ən şiddətli təzyiqlərinə məruz qaldığının şahidi olduq. Buna səbəb isə, Qərbin mövqeyinə əsasən, ölkə rəhbərliyinin ənənəvi dəyərləri müdafiə etməyə cəsarət etməsi oldu”, - o bildirib. 

Qaluzin qeyd edib ki, Qərb müdaxiləsinin “bombalarının” hər yerə yağdığını görürük: “Hesab edirəm ki, Qafqazın bütün ölkələri və qonşuları çox diqqətli və ehtiyatlı olmalıdırlar. Biz birgə tədbirlər görməliyik ki, Qafqazın problemlərini qafqazlıların özləri həll etsin”.

Məlumat üçün qeyd edək ki, bu, ikinci ictimai forumdur. Belə çıxır ki, Rusiya dövlətlərarası müstəvidə iş görə bilmədiyi üçün əl atıb ictimai forumlara. Birinci forum hansısa nəticələri verdimi? “İctimai Forumlarla” Rusiya  Ermənistana nə təsir göstərmək istəyir?

“Guya Moskvanın əldə edə bilmədiyini bu kimi tədbirlərlə əldə edəcəklər, amma çətin bunun hansısa səmərəsi olsun”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bütün bunlar geosiyasi mübarizənin tərkib hissəsidir: “Rusiya Ermənistandakı mövcud hakimiyyətin Moskvadan uzaqlaşma siyasəti apardığının fərqindədir. Baxmayaraq ki, Ermənistan Rusiyadan iqtisadi baxımdan əhəmiyyətli dərəcədə asılıdır, orada rusların hərbi bazaları var, amma bu, İrəvanın Qərbə can atmasını əngəlləmir. Aİ missiyasının Ermənistana yerləşməsindən tutmuş birgə hərbi təlimlərə qədər, bir sıra məsələlər Kremli narahat edir. Rusiyapərəst müxalifətin orada zəif olması, iki ölkə arasında birbaşa quru sərhədin olmaması Moskvanın təsir rıçaqlarını zəiflədir. Üstəlik, nəzərə almaq lazımdır ki, Demokratlar Partiyasının 4 illik hakimiyyəti dövründə Ermənistana maliyyə və digər yardımlar xeyli artırıldı. Təkcə Samanta Pauerin rəhbərlik etdiyi USAİD vasitəsi ilə Ermənistana ediləcək yardımlar 250 milyon dollara çatdırılıb. Rusiya fərqindədir ki, Tramp dövründə əvvəlki kimi Ermənistana xüsusi diqqət olmayacaq. Fikrimcə, həm də buna görə “İctimai forum”la İrəvana təzyiq göstərirlər. Guya Moskvanın əldə edə bilmədiyini bu kimi tədbirlərlə əldə edəcəklər. Ancaq düşünmürəm ki, bunun hansısa səmərəsi olsun. Ermənistan Fransanın timsalında Qərbdə özünə yeni himayədarlar axtarır. Bir vaxtlar “Lazarev klubu”nun tədbirləri olurdu və Rusiya bunun vasitəsi ilə öz gücünü göstərirdi. Artıq neçə illərdir Paşinyan “Lazarev klubu”nun sədri Konstantin Zatulini Ermənistana belə buraxmır. Adını “qara siyahıya” salıb. Köçəryanı həbs edib buraxdı və indi də yenidən həbslə hədələyir. Bir sözlə, Ukrayna müharibəsinin yaratdığı reallıqlar fonunda Ermənistanın geri addım atacağı real görünmür”.

Vidadi ORDAHALLI





Избранный
32
baki-xeber.com

1Источники