RU

Azərbaycan daha bir Avropa ölkəsinin enerji təhlükəsizliyini üzərinə götürdü...

Image

Dekabrın 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlanılıb. 

Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub. Bu, Azərbaycanın Avropanı enerji təhlükəsziliyində rolunun getdikcə artmaqda olduğunu göstərir. Qeyd edək ki, Slovakiya uzun müddətdən bəri qaz təchizatı mənbələrinin şaxələndirilməsi, o cümlədən Azərbaycandan “mavi yanacağ”ın idxalı imkanlarının öyrənilməsi üzərində fəal işləyirdi. Bununla bağlı Azərbaycanla da intensiz danışıqlar gedirdi. Xatırladaq ki, Ukrayna vasitəsilə Rusiyadan qaz tranziti üzrə müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiyadan Çexiya və Slovakiyaya Ukrayna vasitəsilə qaz tranziti “Qardaşlıq” qaz kəməri vasitəsilə həyata keçirilir. Ötən il Slovakiyada istehlak edilən qazın ümumi həcmi 4,23 milyard kubmetr təşkil edib. İndi Rusiya istiqamətindən problem yarandığından Azərbaycana maraq daha da artıb. “Həmrəylik halqası” ilə bağlı razılaşma da Slovakiya üçün əlavə imkanlar yaradır. “Həmrəylik halqası” layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti) ilə Bolqarıstan (“Bulgartransgaz”), Rumıniya (“Transgaz”), Macarıstan (FGSZ) və Slovakiyanın (“Eustream”) qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə tədarüklər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Beləliklə, Azərbaycandan Slovakiyaya daha çox qaz nəql olunacaq. Ümumiyyətlə, Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xatırladaq ki, Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş Azərbaycan 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna səkkiz milyard kubmetr, 2022-ci ildə on bir milyard kubmetrdən çox qaz ixrac edib. Növbəti illərdə bu göstərici daha yüksək rəqəmlərlə ifadə edilib. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqli sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması hər iki tərəf üçün yeni fürsətlər yaradır. Razılaşmaya əsasən, Avropaya qarşıdakı illərdə daha böyük həcmdə qaz ixrac ediləcək.

Proqnozlara görə, ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırılacaq. Energetika Nazirliyininməlumatına əsasən, TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilməsi üçün cari il noyabrın 25-dək ümumilikdə təqribən 73,3 milyard kubmetr həcmində qaz ötürülüb. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan TANAP “Şahdəniz” qaz kondensat yatağından hasil edilən qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP kəmərinə birləşir. Bu fonda xatırladaq ki, Rusiya və ukrayna arasında savaşın başlaması ilə regionda yaranmış yeni geosiyasi reallıqlar enerji siyasətində bir sıra mühüm dəyişiklikləri də meydana çıxarıb. Hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması təşəbbüsləri artıb. Bu reallıqlar fonunda Avropa regionuna yeni qaz ehtiyatları üçün tələblər də artır və bu vəziyyət Azərbaycanın da rolunun artmasına səbəb olmaqda, Avropa İttifaqına daha böyük həcmdə qaz ixrac etməsinə zərurət yaradır. Azərbaycan bu fonda mühüm rolun ifaçısına çevrilir. Son zamanlar Balkan regionu Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən birinə çevrilib və ölkəmiz bu region üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın Balkan ölkələri ilə əlaqələri, o cümlədən bu regionun bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir. Hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixrac edən ölkə kimi tanınır. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycandan təbii qaz alır. Bu, ölkənin Rusiyadan tədarükdən asılılığına son qoyub. Belliklə, Azərbaycan Avropa İttifaqının təbii qaz tədarükünün şaxələndirilməsi səylərində mühüm tərəfdaşlarından biridir. Bunu ölkəmizin Avropa Komissiyası ilə imzaladığı energetika sahəsində Strateji Tərəfdaşlıq Memorandumu sübut edir.

Samirə SƏFƏROVA





Избранный
40
baki-xeber.com

1Источники