“Gürcüstanda sabitliyi bərqərar etmək üçün müxalifətlə heç bir danışıq aparılmayacaq. Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət günahkardır”.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 2-də axşam saatlarında keçirdiyi mətbuat konfransında söyləyib. O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.
Qeyd edək ki, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub.