İsrail və Livan bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham etdi
İsrail və Livan hakimiyyəti bir-birini noyabrın sonunda əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Livan rəsmiləri İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı iki nəfərin öldüyünü bildirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Mərcayun şəhərinə endirdiyi hava hücumu nəticəsində bir nəfər həlak olub. Livanın Dövlət Təhlükəsizlik Xidməti İsrailin pilotsuz təyyarəsinin Nəbatiyyə şəhəri yaxınlığında hücumu nəticəsində bir Livan əsgərinin həlak olduğunu bildirib. “Reuters”in məlumatına görə, İsrail hərbçiləri Mərcayun və Nəbatiyyədə baş verən hadisələrlə bağlı sualları cavablandırmayıb. Livan parlamentinin sədri, “Hizbullah”ın müttəfiqi və rəsmi Beyrutun atəşkəs danışıqlarındakı nümayəndəsi Nəbih Berri bildirib ki, Livan İsrailin atəşkəsi 54 dəfə pozduğunu qeydə alıb. İsrailin xarici işlər naziri Gideon Saar İsrail ordusunun atəşkəs razılaşmasını pozduğunu inkar edir. Onun sözlərinə görə, “Hizbullah” Litani çayının cənubuna silah aparır ki, bu da razılaşmanı pozur. İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın İsrail-Livan sərhədindəki Har Dov dağ ərazisini minaatanlardan atəşə tutduğunu bildirib. Hücum nəticəsində iki mərmi açıq əraziyə düşüb. İsrailin Baş naziri Benyamin Netanyahu hücumu atəşkəsin ciddi şəkildə pozulması adlandırıb və İsrailin qətiyyətlə cavab verəcəyini deyib. “Biz atəşkəsə hörmət etməyə davam etmək və Hizbullah tərəfindən istənilən pozuntuya cavab vermək niyyətindəyik - kiçik pozuntu böyük bir pozuntu kimi qəbul ediləcək”, - Netanyahu deyib.