RU

Qərbin bölgəmizdə destruktiv fəaliyyəti səngimək bilmir

Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü ilə əldə etdiyi tarixi Zəfər sayəsində Cənubu Qafqazda yeni reallıqlar yaradıb. Amma Qərb bunu hələ də həzm edə bilmir. Odur ki, oyuncağa çevirdiyi Ermənistanı qarışdırmaqla, həm də bu ölkəni  silahlandırmaqla öz çirkin niyyətinə nail olmaq istəyir. Elə bu məqsədlə Qərb Fransanın, Hindistanın silahlarını, Yunanıstanın S-300 zenit-raket komplekslərini və digər hərbi sursatları Ermənistana ötürür. Hətta bir neçə gün öncə Hindistan istehsalı olan “Pinaka” raket sistemlərinin ilk partiyası da artıq Ermənistana çatdırılıb. Erməni hərbi ekspert Eduard Arakelyan “Pinaka” sistemlərinin Rusiya istehsalı olan “Qrad” və “Smerç” raket kompleksinə bənzədiyini, 214 kalibrli olduğunu və 100 kiloqramlıq döyüş başlığı daşıdığını bildirib. Onun sözlərinə görə, Ermənistanın heç vaxt belə bir silahı olmayıb: “Pinaka” müəyyən mənada Rusiya istehsalı olan 220 millimetr kalibrli “Uraqan”a da bənzəyir”.

Bəli, son vaxtlar belə silah ötürmələri intensivləşib. Bununla da təcavüzkar ölkən yenidən müharibəyə sürüklənir. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamarı da göstərir ki, bütün bunlar onun ürəyincədir. Elə Ermənistan rəhbərliyinin  aldığı silah-sursatın növlərini, həm də ona kömək edən ölkələrin siyahısını genişləndirməsi bunu bir daha təsdiq edir. Yeri gəlmişkən, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor Karen Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə İtaliyada səfərdə olub.

Göründüyü kimi, demokratiyadan, sülhdən dəm vuran, həmişə ikili standartlardan çıxış edən beynəlxalq qurumlar da Ermənistanın aktiv şəkildə silahlanmasına  göz yumur. Bu prosesdə ən çox canfəşanlıq edən isə Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirməkdə davam edən Makron Fransasıdır. Elə ömrünü başa vurmaqda olan Bayden administrasiyası da ondan geri qalmır. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının “mülki missiyası”  isə kəşfiyyat xarakterli materiallar toplamaqla onlara “yol” göstərir. Şübhəsiz, adlarını qeyd etdiyimiz dövlətlərin belə aktivləşməsi heç də təsadüfi deyil. Çünki onlar görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, Rusiya irəliləyir. Mövcud durumda onlar Moskvanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla Rusiyanın qüvvəsini bölmək məqsədi güdürlər.  Dövlətimizin başçısı Bakıda Zəfər parkının açılışı zamanı xalqımıza müraciətində bu məsələyə toxunaraq demişdi: "Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər”.

Şübhəsiz, hələ də  qanunvericilik müstəvisində ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın belə silahlanması Qərbin bölgədə destruktiv fəaliyyətinə xidmət edir. Bu da  sülh üçün indiyədək heç zaman olmadığı qədər əlverişli bir imkanın yarandığı vaxtda Qərbin təhriki ilə məğlub ölkənin sülh proseslərindən yayınaraq müharibəyə hazırlaşdığından bir daha xəbər verir.

Hətta bu günlərdə Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikayelyan mövqelərə baxış da keçirib. İrəvan mətbuatında yayımlanan xəbərlərə əsasən qeyd edək ki, o,  sərhəddə əksəriyyəti Birinci Qarabağ müharibəsində iştirak edənlərdən ibarət qruplaşma üzvləri ilə görüşüb. Mövqelərdə “xidmət”in yaxşı həyata keçirildiyini, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğunu bildirib. Qruplaşmanın komandirləri isə döyüşə hazır olduqlarını vurğulayıblar. Ermənistanın Fransa, Yunanıstan, Hindistan kimi ölkələrdən hücum silahları və texnikalar almasını və Mikayelyanın mövqelərə baş çəkməsini nəzərə alsaq, bütün bunlar rəsmi İrəvanın öz revanşist mövqeyindən vaz keçmədiyini bir daha sübut edir. Özü də bütün bunlar Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfərindən, Avropa İttifaqının keçmiş hərbçilərdən təşkil olunmuş  “mülki missiya”nın əməkdaşları ilə görüşündən, onlarla birgə Azərbaycanla sərhəddə dayanaraq binokolla pozalar verməsindən sonra baş verir. Bu isə o deməkdir ki, Ermənistana gələnlərin hər biri Qərbin qalamaq istədiyi müharibə ocağının üstünə əgər belə demək mümkünsə, su əvəzinə benzin tökür. 

 Artıq dünya da bilir ki, Azərbaycan müharibə istəmir və ona görə də Ermənistana sülh əlini uzadıb. Amma Nikol və onun havadarları hansı addımları atmaq istədiklərinin fərqinə varsalar yaxşı olar.  Şübhəsiz,  vəziyyət yenidən gərginləşərsə, Paşinyana 2020-ci ilin noyabrında olduğu kimi, yalvarışlar da kömək etməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
40
ikisahil.az

1Источники