“Fireland” Azərbaycanlılar Birliyi noyabrın 29-da Brüssel şəhərində “Ağsaqqal” intelektual oyun axşamı keçirmişdir. Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihədə oyunun yaradıcısı Günel Nəsibova Atkinson da iştirak edib.
Əvvəlcə qonaqlara oyunun yaranmasından danışan Günel Nəsibova oyunu özünün 3-cü ovladı adlandırıb: “Uşaqlarıma Azərbaycanı tanıtmaq, sevdirmək üçün bir neçə vasitələrdən istifadə edirdim. Biz ailəcə masaüstü oyunları sevirik və mən hiss etdim ki, xaricdə yaşayan azərbaycanlı uşaqlara belə bir oyun çox lazımdır. Oyunun hazırlanması, sualların seçilməsi, hər suala uyğun şəkillərin seçilməsi mənim illərimi aldı, amma nəticə olaraq ortaya gözəl bir oyun çıxdı. Indi bu oyun təkcə xaricdə yaşayan azərbaycanlılar üçün deyil, eyni zamanda, Azərbaycanı təbliğ etmək, tanıtmaq üçün də gözəl bir vasitədir. Mən hər dəfə başqa bir ölkədən oyunla bağlı rəylər alanda buna bir daha şahid oluram”.
Daha sonra oyunun qaydaları haqda məlumat verən Fireland Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva bildirdi ki, oyunda Azərbaycan mədəniyyəti, tarixi, dili, məşhur insanları, adət-ənənələrinə aid 5 mövzuda suallar var: “Events”, “Places”, “People”, “Challenge” və “Objects and Customs”. Oyun Azərbaycan xəritəsi üzərində aparılır.
Tədbirin sonunda 6 masada oyunlar keçirildi və “Ağsaqqal”lar müəyyən edildi. Tədbirdə Belçikada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişdir.