RU

Siyasi meyit olan keşiş xortlayıb

Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan diletant, oğru Baqrat Qalstanyan erməni xalqının taleyi barədə düşünmür, müxtəlif "şou"lar nümayiş etdirməklə ictimaiyyətin fikrini yayındırmağa çalışır

Artıq siyasi meyitə çevrilmiş inqilab arzusunda olan erməni keşişi, arxiyepiskop Baqrat Srbazan Qalstanyan xortlayıb. Yerli medianın yaydığı məlumata görə, arxiyepiskop canlı yayımda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryana müraciət edərək onu görüşə dəvət edib: “Hazırda mən Silahlı Qüvvələrin Baş Qərargah rəisinə açıq dəvət göndərirəm. Onu görüşə dəvət edirəm. Asryan bu gün sərhədlərdə baş verənlər barədə ya mənə, ya da istəsə xalqımıza məlumatlar çatdırmalıdır. Bu, ilk növbədə, onun məsuliyyətidir.” “Vətən naminə Tavuş” etiraz hərəkatına başçılıq edən keşiş vurğulayıb ki, Baş Qərargah rəisi çağırışa cavab verməsə, bu, onun sadəcə yalnız vəzifədə qalmaq və pul maraqlarına üstünülük verməsi anlamına gələcək.

Özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyanın əsas məqsədi ölkədə revanşistlərin hakimiyyətini yenidən bərpa etməkdir. Yəni, keşiş erməni xalqının taleyi barədə düşünmür, müxtəlif "şou"lar nümayiş etdirməklə ictimaiyyətin fikrini əsas məsələlərdən yayındırmağa çalışır. Bununla yanaşı, Baqrat Qalstanyan indiyədək rəsmi İrəvanın Bakı ilə normallaşma istiqamətində atdığı addımların əleyhinə sərt fikirlər səsləndirib. Bu, bir daha keşişin sözügedən məsələdə heç də səmimi olmadığını göstərir. Ümumiyyətlə, erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daim qızışdırıcı, təhrikedici tələblər səsləndirmək, insanları qarşıdurmaya sövq etmək artıq ənənə halını alıb. Bir neçə ay öncə Baqrat Qalstanyan Qərbi zərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob ruhlu bəyanat vermişdi. Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın Qərbi azərbaycanlılar barədə bəyanatına cavabında bildirmişdi ki, din xadimi yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox Qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, ona siyasi və ksenofob don geyindirməyə çalışıb.

Göründüyü kimi, erməni kilsəsinin həyasızlığı artıq Ermənistan hakimiyyətinin abırsızlığını arxa plana keçirməkdədir. Qalstanyan kimiləri həmin həyasızlığın pik nöqtəsində dayanır. Ümumiyyətlə, adını “keşiş”, “yepiskop” qoymuş Baqrat kimi təxribatçılar əslində terrorçu zehniyyətə malikdirlər. Bu yırtıcı erməni keşişlərinin canlarından çıxmayan şovinist-revanşist ideyaları körükləmək isə heç bir fayda verməyəcəkdir. Bu arada Baqrat Qalstanyanla bağlı dələduzluq ittihamı yenidən aktuallaşıb. "4rd.am" saytı yazır ki, Kanada erməniləri bildiriblər ki, Baqrat kilsə tikintisi üçün toplanmış 12 milyon dolları oğurlayıb və Ermənistana qaçıb. Onlar belə bir dələduzun Ermənistanı fəlakətə apara biləcəyi barədə ermənilərə xəbərdarlıq edirlər.

Ermənistan mediasında yayılan xəbərə görə, Qalstanyan bundan sonra öz "şou"sunu kütləvi tədbirlərlə deyil, ona tərəfdar olanlarla müzakirələr əsasında davam etdirəcəyini bildirib. Erməni siyasi ekspert Akop Badalyan isə deyib ki, yepiskop Baqratın və ya hazırda ona rəhbərlik edən siyasi qrupun əsas məqsədinin nə olduğunu qiymətləndirmək çətin deyil. Məqsəd təbii ki, hakimiyyət dəyişikliyidir, bu, başadüşüləndir. Bununla belə, hansı vaxt və resurs imkanlarının nəzərə alınması çox nisbidir: "Mənim qiymətləndirməmə görə, yepiskop Baqrat çox yaxşı başa düşür ki, hazırda Ermənistanda birbaşa ictimai resursların cəlb edilməsi ilə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil. Geniş mənada hesab edirəm ki, hazırda Ermənistanda hakimiyyət dəyişikliyi üçün qurulmuş konyunktura yoxdur".

Diqqətçəkən məqamlardan biri də Qarabağdan Ermənistana köçən ermənilərin fəallaşmalarıdır. Onlar hesab edirlər ki, Ermənistan nə vaxtsa əvvəlki mövqeyinə  qayıda biləcək. Qondarma rejimin İrəvana sığınan üzvləri Ermənistanda son vaxtlar bir qədər fəallaşıb. Keçmiş qondarma rejimin funksionerlərindən Vahram Balayan Ermənistan hakimiyyətindən vəziyyətə nəzarəti ələ almağı istəyib. O qeyd edib ki, Ermənistan hazırda çətin durumdadır və gec-tez Azərbaycanın şərtləri ilə razılaşmalı olacaq. Erməni şair Husik Aran isə deyib ki, ümidləri son hərəkatadır. Əlavə edib ki, hərəkat mitinq şəklində daha da aktivləşib, insanlar yenidən toplaşır, ən azından ümid var ki, bu, son deyil: "Çünki bu gün, əslində, xalqımız üçün fəlakətli vəziyyətdir, indiki kimi heç vaxt bu qədər ümidsiz olmamışıq". Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Bakı ilə İrəvanın Tavuş istiqamətində sərhədin delimitasiyasına başlamasından sonra aktivləşib. İnqilabçı keşiş razılığın əldə olunmasını görən kimi revanşistləri fəallaşdırmağa başlayıb. O, mayın 9-da Tavuşdan İrəvana təşkil olunan yürüşə rəhbərlik edib. Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyanı aktiv şəkildə istefaya çağırsa da, sonradan iyun ayında etirazları dayandırdı. Lakin hərəkat payızda aktiv siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bəyan etmişdi. Bu da payız…

Sevinc Azadi, “İki sahil”

Избранный
30
ikisahil.az

1Источники