Öz potensialını düzgün hesablamağı bacarmayan Rusiyanı irəlidə tənəzzül və çöküş sürprizləri gözləyir.
Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriye Milli Ordusunun (SMO) ölkənin ən böyük şəhəri Hələbi nəzarəti altına alması xeyli müddətdir səngimiş vətəndaş müharibəsini yenidən alovlandırdı. Bununla da eyni zamanda, Rusiya ordusu üçün faktiki ikinci cəbhə açılımış oldu.
Suriyadakı gərginliyin müvəqqəti dondurulmasına çalışan Rusiya Ukrayna ilə apardığı müharibədə demək olar ki, nüvə potensialından başqa bütün texniki imkanlarından maksimum istifadə edib. ABŞ və Böyük Britaniyanın Rusiyanın “qırmızı xətləri”ni mütəmadi olaraq tapdalamasına qarşı əlahiddə tədbir görəcəyini öncədən bəyan edən Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” adlandırdığı Qitələrarası Ballistik Raketinə adi başlıq taxaraq Ukraynanın Dnepr şəhərindəki “Yujmaş” zavoduna atdı. Bundan sonra Putin Qərbin cavabını gözləyirdi. Qərb isə bu təhdidə Putinin gözlədiyinin əksinə olaraq, təmkinli reaksiya verdi. Yəni, hər hansı qorxu, panika hiss edilmədi. Beləliklə, Putinə aydın oldu ki, əlində Qərbi qorxutmaq üçün yalnız taktiki nüvə silahı kartı qalır.