Gənclər və idman naziri Fərid Qayıbov son 3 ayda beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə federasiya nümayəndələri və məşqçilər də iştirak ediblər.
Fərid Qayıbov öncə Əməkdar məşqçi fəxri adına və İdman ustası dərəcəsinə layiq görülən mütəxəsislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Daha sonra nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi təmsil edən idmançıların çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən nümayəndələri salamlayan nazir idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib. Görüşlərin ənənəvi hal aldığını vurğulayan nazir idman ustası adına layiq görülən idmançıların arasında gənclərin çox olmasını yüksək qiymətləndirib.
Güllə atıcılığı, gimnastika, stolüstü tennis, velosiped idmanı, qılıncoynatma, cüdo, ağırlıqqaldırma, boks, kanoe və avarçəkmə, güləş, çimərlik voleybolu, savat, karate, kikboksinq, qrapplinq, sambo, MMA, qol güləşi və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.