Bakı,TurkicWorld
İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olar.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Ankarada İranın xarici işlər naziri Abbas Erakçi ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
"Vətəndaş müharibəsinin daha da böyüməsini istəmirik. Mülki əhalinin öldürülməsini, mülki infrastrukturun məhv olmasını, şəhərlərin ağır bombardmanlarla məhv olmasını istəmirik",- deyə Fidan bildirib.
O, Astana prosesi çərçivəsində İranla koordinasiyanı davam etdirəcəklərini bildirib.
"Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasını hər zaman dəstəkləmişik. Bundan sonra da dəstəkləyəcəyik,- deyə nazir vurğulayıb.
Astana prosesi Suriyadakı vətəndaş müharibəsinə siyasi həll yolu tapmağı hədəfləyən danışıqlar platformasıdır.
Qeyd edək ki, Suriyada səkkiz ildən sonra, noyabrın 27-də səhər tezdən Hələb vilayətinin qərb çölündə şok hücuma başlayan müxalif silahlılar Bəşər Əsəd hökumət qüvvələri ilə toqquşmanı davam etdirir.