RU

"Karvan" Qurbanovdan Sərxan Hacıyevə və Hakimlər Komitəsinə şikayət etdi - "yəqin ki, "Qəbələ"nin nüfuzundan çəkindi"

1-ci liqanın 8-ci turunda "Qəbələ"ni qəbul edən "Karvan" minimal hesablı məğlubiyyətlə üzləşdi - 0:1. Nəticə "qırmızı-qaralar"ı liderliyə yüksəltdisə, Yevlax təmsilçisi ikinci pilləyə endi.

Məlum olduğu kimi, matçdan sonra "Football-plus.az"a açıqlama verən Kənan Kərimov komandasının uduzmasının səbəbini baş hakim Tural Qurbanovun idarəçiliyi ilə əlaqələndirdi. Meydan sahiblərinin baş məşqçisi iddia etdi ki, ədalət təmsilçisi qəsdən komandanın haqqını yeyib. O, bu barədə məsul qurumlara müraciət edəcəklərini, ədalət axtarışına çıxacaqlarını bildirdi.Bəs klub bu yöndə ilkin addımları atıbmı? Başqa sözlə, prosesə start verilibmi?

Bu suallarla "Karvan"ın mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə müraciət etdik. Onun cavabı:

"Bəli, hakimin qərarlarından narazıyıq. Müvafiq məktub hazırlanıb, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevə və Hakimlər Komitəsinə göndərilib. Böyük ehtimalla qarşıdakı iş günlərində şikayətimizə cavab veriləcək".

Bəs belə durum klubun AFFA-nın fəaliyyətinə inamını sarsıdıbmı? "Karvan" hakimin qərarlarını nə ilə əlaqələndirir?

Bəhruz bəyin cavabı:

"AFFA-nın ədalətli qərar verəcəyinə inanırıq. Amma hakim penaltilərimizi vermədi. Minlərlə azarkeşimiz stadiondan üzgün şəkildə ayrıldı. Yəqin ki, Tural Qurbanov rəqibin nüfuzundan çəkindi".

KƏNAN BAHADIR
Избранный
335
football-plus.az

1Источники